Okt
2015
20:11
153
16
3037
Virtual karabakh

Ucarın su təchizatı sistemi yenidən quruldu - FOTO

6 Okt, 2015
20:11
3037

Ucarın su təchizatı sistemi yenidən quruldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlham Əliyev açılış mərasimində iştirak etdi.

Prezident İlham Əliyev Ucar şəhərinin su təchizatı sisteminin yenidən qurulması layihəsinin başa çatdırılması münasibətilə təşkil olunan mərasimdə iştirak edib.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Qorxmaz Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. 

Proqram çərçivəsində həyata keçirilən “Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla rayon mərkəzində 22 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. 

Layihə çərçivəsində 37 min nəfər əhalinin yaşadığı 15 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 59 min nəfər faydalanacaq. Layihə çərçivəsində Ucar Sukanal İdarəsi üçün müasir tələblərə cavab verən yeni inzibati bina tikilib.

Prezident İlham Əliyev idarənin binasında yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, ümumi sahəsi 720 kvadratmetr olan binada müasir tələblərə cavab verən “SCADA” idarəetmə mərkəzi yaradılıb. Onun vasitəsilə suyun mənbədən istehlakçıyadək ötürülməsi onlayn rejimdə tənzimlənəcək. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də Coğrafi İnformasiya Sisteminin yaradılmasıdır. 

Ucar şəhərində də tətbiq olunmuş bu sistem sayəsində gələcəkdə bütün şəbəkə infrastrukturu coğrafi məlumatlar bazasına əsaslanan rəqəmsal xəritələrin tətbiqi ilə idarə ediləcək. Bu sistem dünyanın iki nüfuzlu müsabiqəsinin qalibi olub.

Diqqətə çatdırıldı ki, 2011-ci ilin oktyabrında icrasına başlanılan “Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. 

Ucar şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün Ağsu rayonu ərazisində Girdimançayın yatağında yerləşən Külüllü su mənbəyi seçilib. Burada sugötürücü qurğu, mənbənin yaxınlığında Ucar şəhərini təmin etmək üçün hər birinin tutumu 3750 kubmetr olan 2 su anbarı tikilib. 

Anbarlardan Ucar şəhərinə 57 kilometr özüaxımlı magistral su kəməri çəkilib. Artıq bu kəmərdən Ucar şəhərinin yaxınlığındakı Gəraybəyli və Qarabörk kəndlərinə içməli su verilib. Ucar şəhərində inşası nəzərdə tutulan 120 kilometr içməli su şəbəkəsinin inşası tam yekunlaşıb, 4891 ünvana birləşmə verilib və smart sayğaclar quraşdırılıb. 

İçməli su təchizatının dayanıqlığını təmin etmək üçün şəhərdə hər birinin tutumu 1500 kubmetr olan 2 su anbarı tikilib. Hazırda Ucar şəhərinin bütün abonentləri fasiləsiz içməli su ilə təmin olunur.

Bildirildi ki, şəhər üzrə layihələndirilən 88 kilometrlik kanalizasiya şəbəkəsinin 20 kilometrlik hissəsi də hazırdır. Şəhərdə yaranacaq tullantı suları gələcəkdə inşa ediləcək və məhsuldarlığı sutkada 10 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək.

Həmçinin qeyd olundu ki, Ucar şəhərində mərkəzləşdirilmiş su təchizatı sistemləri 1970-ci illərin sonlarında yaradılıb. Şəhərə içməli su Göyçay rayonunun Potu kəndi ərazisində yerləşən subartezian quyulardan verilirdi və “Azərsu” ASC şəhər sakinlərinin 55 faizinə xidmət göstərirdi. Əhalinin qalan hissəsi tələbatını kanal və arx sularından istifadə etməklə ödəyirdi. Kanalizasiya sistemi indiyə qədər mövcud olmayıb.

Sonra Prezident İlham Əliyev şəbəkəyə suyun verilməsini bildirən düyməni basdı.

Bununla Ucar şəhərinin 24 saat fasiləsiz su ilə təmin olunması prosesi uğurla yerinə yetirildi.

Diqqətə çatdırıldı ki, idarənin binasında müasir tipli yeni laboratoriya da qurulub. Burada içməli suyun vacib 14 parametri öyrəniləcək. 

Daha geniş və dəqiq analizlərin aparılması zərurəti yarandıqda nümunələr xüsusi təyinatlı maşınlarda Bakıdakı mərkəzi laboratoriyaya göndərilir. İdarənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə nəqliyyat vasitələri və xüsusi texnikalar alınıb.

Daha sonra Ucar ictimaiyyətinin nümayəndələri ilə görüşən dövlətimizin başçısı İlham ƏLİYEV dedi:

- Ucar rayonunda olmağımdan çox məmnunam. Şadam ki, Ucar rayonu uğurla, sürətlə inkişaf edir. Bir neçə il bundan əvvəl burada bir sıra açılışda iştirak etmişəm, o cümlədən Heydər Əliyev Mərkəzinin açılışında. 

O vaxtdan bu günə qədər rayon çox sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır, binalar tikilir, parklar salınır. Bu, məni çox sevindirir. Çünki mən çox istəyirəm ki, Azərbaycanın hər bir rayonu abad, gözəl olsun, şəhərlər gözəlləşsin, insanlar üçün bütün lazımi şərait yaradılsın. Şadam ki, Ucar rayonunun siması sürətlə dəyişir və gözəlləşir.

Eyni zamanda, rayonun bütün sosial və infrastruktur layihələri də uğurla icra edilir. Onların arasında, əlbəttə, içməli su layihəsi birinci yerdədir. Çünki təmiz içməli su insan sağlamlığı üçün əsas şərtdir. Bildiyiniz kimi, içməli su və kanalizasiya layihələrinin icrası ölkəmizdə çox geniş vüsət almışdır. Bir neçə il bundan əvvəl qarşıya vəzifə qoyulmuşdur ki, hər bir şəhərimizin içməli su və kanalizasiya problemi həll olunsun. 

Artıq bir müddətdir ki, Ucar şəhərinin içməli su problemi öz həllini tapıb. Gözəl, təmiz su mənbəyindən su verilir. Mənə verilən məlumata görə, bütün evlərin su təminatı artıq təşkil edilibdir. Bu, böyük tarixi nailiyyətdir. Çünki Azərbaycanda bütün dövrlərdə içməli su problemi çox ciddi problem olaraq qalmışdır. 

Sovet dövründə müəyyən işlər görülmüşdür. Ancaq biz bu məsələni tam şəkildə həll edə bilməmişdik. Siz də yaxşı bilirsiniz ki, vaxtilə fasilələrlə, sutkada bir neçə saat su verilirdi, ya verilmirdi. İndi isə bu problem aradan götürülüb. Əminəm ki, 2-3 il ərzində bütün başqa rayonlarda da bu məsələ öz həllini tapacaq. Çünki bir çox rayonlarda artıq bu, həll olunubdur. Ucar rayonunda təkcə şəhərə deyil, eyni zamanda, 15 yaşayış məntəqəsinə də, kəndlərə də su verilir. Kanalizasiya layihəsi isə 2017-ci ildə başa çatacaq və beləliklə, bu məsələ tamamilə aradan götürüləcəkdir.

Digər infrastruktur layihələri icra edilir. Bu ilin sonuna qədər qazlaşdırma tam şəkildə təmin ediləcəkdir, təxminən 90 faizə çatacaqdır. Bu da böyük nailiyyətdir. Çünki əvvəlki illərdə qazlaşdırma çox aşağı səviyyədə idi, hətta rayon mərkəzinin özü qazsız qalmışdı. Bu gün isə demək olar ki, bütün kəndlərə qaz xətləri çəkilir və bu da böyük nailiyyətdir. Çünki bu, həm insanlara rahatlıq verir, həm də qazdan istifadə etmək iqtisadi cəhətdən daha səmərəlidir.

Elektrik enerjisi layihələri, xüsusilə “Azərişıq” təşkil olunandan sonra daha da sürətlə aparılır. Kənd yolları tikilir. İndi Bakı-Ucar magistral yolu tikilir, az hissəsi - Kürdəmir-Ucar hissəsi qalıb ki, o da yaxın zamanlarda başa çatacaq. Göyçay-Ucar avtomobil yolu bu gün istifadəyə veriləcək.

Ucar rayonunda sosial obyektlər yaradılır, Gənclər Mərkəzi tikilib, parklar salınır. Yəni, Azərbaycan belə inkişaf etməlidir, hər bir yerdə quruculuq, abadlıq aparılmalı və sosial inkişaf olmalıdır. Sosial sahə insanları ən çox maraqlandıran və bəzi hallarda narahat edən bir sahədir. Bu gün yeni Rayon Mərkəzi Xəstəxanasının açılışını da qeyd etdik. Xəstəxana göz oxşayır, ən yüksək dünya standartlarına cavab verir. Burada şərait də, avadanlıq da ən yüksək səviyyədədir.

Bax, bizim yanaşmamız bundan ibarətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı üçün nə lazımdırsa, o da olmalıdır. Amma buna nail olmaq üçün əlbəttə ki, iqtisadiyyatımız daha da güclü olmalıdır, daha da sürətlə inkişaf etməlidir. 

Regionların inkişaf proqramının məqsədi məhz bundan ibarətdir ki, bölgələrdə, kəndlərdə, qəsəbələrdə, rayon mərkəzlərində lazımi şərait yaradılsın, insanlar rahat yaşasınlar, iş yerləri açılsın, yaxşı məvacib alsınlar, biznes imkanları genişlənsin. Deyə bilərəm ki, bizim bu əsas prioritet istiqamətlər Ucar rayonunun timsalında öz əksini tapır.

Bu gün quşçuluq fabriki ilə tanış oldum. Çox müasir bir sənaye müəssisəsidir. Həm iş yerlərinin yaradılması, həm yerli istehsalın gücləndirilməsi və ən əsası odur ki, biz indi özümüzü ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik. Bu fabrik işə düşəndən sonra biz özümüzü quş əti ilə 100 faiz təmin edirik. 

Amma 10 il bundan əvvəl heç özümüzü 50 faiz də təmin etmirdik. Xaricdən asılı idi, idxaldan asılı idi, xaricə pul ödənilirdi. İndi pul Azərbaycanda qalır, yerli sahibkarlar işləyir, pul qazanır, işçilərə əmək haqqı verirlər. Özü də bu fabrikdə işləyənlərin əksəriyyəti qadınlardır. 

Bu da qadınlar üçün iş yerləridir. Bax, düşünülmüş siyasət olan yerdə inkişaf da var. Azərbaycanda düşünülmüş siyasət aparılır. Məhz buna görə biz bütün bölgədə, dünyada yaşanan böhranlı şəraitdən, sınaqdan şərəflə çıxırıq. Həmişə demişəm, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. 

Azərbaycan vətəndaşı təhlükəsizlik şəraitində yaşayır və yaşamalıdır, sabitlik şəraitində yaşayır və yaşamalıdır. Ancaq ölkə bu təqdirdə inkişaf edə bilər. Harada ki, təhlükəsizlik, sabitlik pozulur, orada ölkə dağılır, iqtisadiyyat çökür, sosial problemlər yaşanır və başqa xoşagəlməz hallar üzə çıxır.

Biz Azərbaycanda elə siyasət aparırıq ki, bütün mümkün olan risklərdən özümüzü qoruyaq, sığortalayaq və buna nail oluruq. Nəyə görə? Çünki xalqla iqtidar arasındakı birlik bunu şərtləndirir. Ona görə ki, Azərbaycan iqtisadi sahədə, beynəlxalq aləmdə müstəqil, düşünülmüş siyasət aparır. Bizi ancaq Azərbaycan xalqının maraqları maraqlandırır. 

Azərbaycan xalqının marağında nə varsa, o da olacaq. Əgər maraqlarımızın kənarlarında hər hansı bir təşəbbüs göstərilirsə, biz o təşəbbüsə qoşulmuruq. Ona görə, bəzi hallarda təzyiqlərə də məruz qalırıq. Ancaq biz əsas məqsədi təmin edirik - Azərbaycanın təhlükəsizliyi, inkişafı, insanların rifahı və xoşbəxtliyi.

Bu gün dünyada, bölgədə yaşanan xoşagəlməz mənzərə bir daha Azərbaycanın uğurlu inkişaf modelini ortaya qoyur. Bizim ölkə nümunədir. Mən ona görə demirəm ki, özümüzü tərifləyək, qüsurlar da çoxdur. Ancaq indi dünyada gedən ümumi proseslərə baxdıqda görürük ki, Azərbaycanda həm ictimai proseslər, həm də iqtisadi inkişaf düzgün məcrada gedir. 

Baxmayaraq ki, neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb Azərbaycan vətəndaşı bunu hiss etməməlidir. Maaşlar, pensiyalar vaxtında verilir, islahatlar aparılır, beynəlxalq imicimiz gündən-günə güclənir. Çünki bu uğurlu inkişaf modelinin təməlində əlbəttə ki, düşünülmüş siyasət dayanır. 

Biz həmişə çalışmışıq və çalışırıq ki, daxili resurslara arxalanaq. Ona görə, heç kimdən asılı deyilik. Ona görə, özümüz öz həyatımızı qurmuşuq və yaxşı həyat qururuq.

Bununla bərabər, hamımız yaxşı bilirik ki, hələ görüləsi işlər çoxdur, həm mərkəzdə - Bakıda, həm bütün bölgələrdə quruculuq, abadlıq, inkişaf, islahat və sosial ədalət - bütün bu məsələlər daim diqqət mərkəzindədir. 

Mənim bölgələrə mütəmadi səfərlərimin məqsədlərindən biri də odur ki, vəziyyətlə tanış olum, soruşum işlər necədir, hansı məsələlər insanları narahat edir, incidir ki, biz onları həll edək. Bax, biz bu yolla gedirik və əminəm ki, yaxın bir neçə il ərzində ölkə qarşısında duran bütün əsas infrastruktur və sosial məsələlər öz həllini tapacaq.

Bax, Ucar rayonunda içməli su problemi həll olundu. Qazlaşdırma bu ilin sonuna qədər demək olar ki, tam həll olunacaqdır. Kənd yolları tikilibdir. Ancaq hələ ki, ehtiyac var, yenə də tikiləcək. 

Çoxmənzilli binaların təmiri əlbəttə ki, təşkil edilməlidir. Biz bu məqsədlə əlavə tədbirlər görəcəyik. Sahibkarlığın inkişafı daha da sürətlə getməlidir. Yeni müəssisələr yaradılmalıdır. İnfrastruktur layihələri başa çatandan sonra bizim diqqət mərkəzində olan əsas məsələlər kənd təsərrüfatı, sənaye istehsalıdır.

Bu gün quşçuluq fabriki ilə tanış olarkən mənə, ümumiyyətlə, Aran iqtisadi rayonunda və Ucar rayonunda gedən proseslər, ayrılmış kreditlər haqqında məlumat verildi. Dövlət öz tərəfindən sahibkarları dəstəkləyir, güzəştli kreditlər verir, texnika, gübrə ilə təmin edir, şərait yaradır, siyasi dəstək də var. 

Sahibkar da gərək işləsin. Yerli icra orqanları da kömək etsin, mane olmasın. Onda sahibkarlıq daha da sürətlə inkişaf edəcək. 

Mən demişəm, bir daha demək istəyirəm, iqtisadiyyatımız elə işləməlidir ki, biz neftin qiymətindən asılı olmayaq. Hələ ki, asılıyıq. Bax, neftin qiyməti iki dəfədən çox düşüb, gəlirlərimiz azalıb.

Ancaq biz qeyri-neft sektorumuzu daha da sürətlə inkişaf etdirsək, onda neftin qiyməti düşdü, ya qalxdı o qədər də əhəmiyyət daşımayacaq. Bax, bu, əsas istiqamətlərdir və bu istiqamətlər prioritet təşkil edir.

Əminəm ki, Ucar rayonu bundan sonra daha da gözəlləşəcək. Çünki siz burada belə gözəl şərait yaratmısınız. Mən buna çox sevinirəm. Mən son dəfə burada 2011-ci ildə olmuşam, çox böyük dəyişikliklər var. Dəyişikliklər münasibətilə sizi təbrik edirəm və yeni uğurlar arzulayıram.

Rayon ictimaiyyətinin nümayəndələri dövlət başçısına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq etdilər.

SAKİN: Xoş gəlmisiniz, cənab Prezident. Bu gün xalqımız üçün çox böyük xeyirxah işlər görürsünüz. Onların biri də bu gün rayonumuza çəkilən yeni su xəttidir. Ona görə bütün ucarlılar adından Sizə təşəkkür edirəm. Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Sağ olun. Bu gün Gənclər Mərkəzi də açılıb. Çox gözəl, funksional mərkəzdir, gənclər istifadə etməlidir. Orada həm intellektual, həm əyləncə yerləri var, stolüstü oyunlar, müxtəlif tədbirlər keçirilə bilər. İndi hər bir şəhərdə gənclər mərkəzləri yaradılır.

Bu da mənim göstərişimlə həll olunan məsələdir. Çünki indi gənclərin bir mərkəzi olmalıdır ki, orada yığışsınlar, danışsınlar, asudə vaxtlarını mənalı keçirsinlər. İndi Ucarda da Gənclər Mərkəzi var.

SAKİN: Biz Sizin qayğınızı daim üzərimizdə hiss edirik. Buna görə çox sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

SAKİN: Cənab Prezident, işığımız, suyumuz, qazımız, asfalt döşənmiş küçələrimiz var. Hər cür şəraitimiz var. Mən deyə bilərəm ki, bəlkə də dünyada ən yaxşı yaşayan xalqlardan biri bizik. Bunu mən cəsarətlə deyirəm. Allaha şükür, Sizin sayənizdə hər şey var. 

Bax, burada dayanan sadə insanlar Sizinlə görüşürlər. Bu sadə insanların adından deyirəm ki, Allah Sizi qorusun. Bizim əmin-amanlığımızın təminatçısı Sizsiniz. Bu əmin-amanlığı qoruyun. Biz Sizdən bunu xahiş edirik. Sizin arxanızda dağ kimi xalq dayanıb. Siz buna 100 faiz əmin ola bilərsiniz. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Sonda xatirə şəkli çəkdirildi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri