May
2024
13:32
16
156
6307
Virtual karabakh

Tanınmış cərrah vəfat etdi

2 May, 2024
13:32
6307

Tanınmış cərrah vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasının dosenti Vahid Ziyəddin oğlu Qaraqurbanlı 1 may 2024-cü il tarixində vəfat edib.

Oxu.Az xəbər verir ki, tibb elmləri üzrə fəlsəfə doktoru, ali dərəcəli cərrah Vahid Qaraqurbanlı 1948-ci ildə Ermənistan SSR Kalinino rayonunun Qızıl Şəfəq kəndində (Qərbi Azərbaycanın Dağ Borçalısı Loru mahalının Cucikəndində) anadan olub, 1956-cı ildən həmin kəndin orta məktəbində, sonradan isə İlməzli kənd tam orta məktəbində oxuyub.

1968-1974-cü illərdə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsində ali təhsil alıb və Moskvada internaturanı bitirdikdən sonra orada Mərkəzi Şəhər Xəstəxanasında işləyib.

1979-1981-ci illərdə V.M.Vladimirski adına Moskva Vilayəti Elmi-Tədqiqat İnstitutunda tam klinik ordinatura kursunu bitirib əmək fəaliyyətini 15 saylı Moskva Şəhər Kliniki Xəstəxanasında davam etdirib.

1984-1989-cu illərdə Vahid Qaraqurbanlı əvvəlcə cərrah, sonra isə cərrahiyyə şöbəsinin müdiri işləməklə yanaşı, elmi fəaliyyətini davam etdirib və 1991-ci ildə “Mədəaltı vəzin cərrahi xəstəliklərinin müasir müayinə və müalicə üsulları” mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edib. Tibb elmləri üzrə fəlsəfə doktoru, dosentdir.

Vahid Qaraqurbanlı ali dərəcəli cərrah olmuş, cərrah kimi praktik fəaliyyətində sadədən mürəkkəbə qədər on minlərlə cərrahi əməliyyat icra edib. O, 1994-cü ildə Bakıya köçmüş və həmin ildən Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasında işləyib.

Vahid Qaraqurbanlı elmi və pedaqoji fəaliyyəti 100 elmi əsərdə, 1 monoqrafiyada, 2 ixtirada, 6 səmərələşdirici təklif və bir neçə metodiki göstərişdə öz əksini tapıb. O, bu müddətdə 20-yə yaxın beynəlxalq, keçmiş ittifaq və respublika konfranslarında çıxış edib, çox sayda elmi məqalələr çap etdirib.

Tibbi Universitetinin kollektivi mərhumun ailə üzvlərinə və tibb ictimaiyyətinə səbir diləyir və dərin hüznlə başsağlığı verir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri