Mar
2014
20:15
30
41
13426
Virtual karabakh

Məşhur ailə: Kemal Cenk İçten və Minarə Allahverdiyeva - MÜSAHİBƏ + FOTO

6 Mar, 2014
20:15
13426

Məşhur ailə: Kemal Cenk İçten və Minarə Allahverdiyeva - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yalnız Aysel xanıma prodüser deyə bilərəm”.

Oxu.Az-ın “Məşhur ailə” rubrikası bu dəfə azərbaycanlı model Minarə Allahverdiyeva və türkiyəli teleprodüser Kemal Cenk İçtenin müsahibəsini sizə təqdim edir:

- Sizi insanlara tanıdan müsabiqəni gəlin yada salaq…

- Minarə: “Miss Azerbaijan 2013” gözəllik müsabiqəsinə təsadüfən qatılmışam. Elanı Facebook-da görmüşdüm. Rəfiqələrimin təkidi ilə həmin müsabiqədə iştirak etmək üçün anketi doldurdum. İlk dəfə olaraq ötən il həmin müsabiqədə bikini ilə podiuma çıxmaq  ləğv olunmuşdu. Əgər müsabiqədə bikini ilə səhnəyə çıxmaq tələb olunsa idi, mən, əlbəttə, orada iştirak etməyəcəkdim. İlk dəfə həmin müsabiqə ilə mən modellik həyatına qədəm qoydum.

- Ölkəmizdə keçirilən gözəllik müsabiqələrində iştirak edən gənc xanımlar birmənalı qarşılanmır. Sizcə bu nədən irəli gəlir? Milli mentalitet məsələsidir, yoxsa necə deyərlər, qurunun oduna yaş da yanır?

- Minarə: Həmin müsabiqələrdə əksər hallarda ədalətli seçim olmur. Bu baxımdan belə fikir formalaşıb ki, birinin adamı var, o birisinin pulu var, ona görə qabağa gedir.

Lakin mən gözəllik müsabiqələrində iştirak edən modellərə pis baxmıram. Təki bizim qızlarımız gözəlliyi ilə bütün müsabiqələrdə seçilsinlər.

- İndiyədək təşkil olunan gözəllik müsabiqələrində qalib olan bir neçə model seçimin düzgün olmadığı üçün kütlə və media tərəfindən qınaq obyektinə çevrilib. Buna münasibətiniz?

- Minarə: Əvvəlcə onu qeyd edim ki, layiqincə yer tutanlar heç bir qınaq obyektinə tutula bilməz. Çünki seçilənlər göz qabağındadır .

O ki qaldı bəzilərinin qınaq obyektinə çevrilməsinə, əksər gözəllik müsabiqələrində ədalətsizlik, rüşvətxorluq olduğundan belə hallar baş verir. Amma düzgün seçim olanda hamı alqışlayır. Məsələn: 2012-ci də keçirilən “Miss Azerbaijan” gözəllik müsabiqəsində Aysel Manafova qalib oldu və bəyənildi. 1996-cı ildə keçirilən “Miss Bakı”gözəllik müsabiqəsinin qalibi Nərminə Zərbəliyeva da uğurlu seçim idi. Elələrini görəndə insan sevinir. Lakin Fidankimiləri qalib olanda əlbəttə ki, qınaq obyektinə çevriləcək. Nəyə görə gözəl qızları deyil, digərlərini seçirlər? Yaxşısını seçin, hamı görsün ki, Azərbaycanın necə gözəl qızları var.

- Türkiyədə Azərbaycanda olduğu qədər populyar deyilsiniz. Orada Azərbaycandakı  məşhurluğu qazanmaq üçün nəsə etməyi düşünürsünüzmü?

- Kemal Cenk İçten: Buna populyarlıq söyləməyək, gündəmdə olmaq deyək. Türkiyədə layihə hazırlayan prodüserlər buradakı kimi populyar deyil. Onlar tanınmırlar. Məsələn: Türkiyədə Erol Köse prodüser kimi çox işlər görüb. O, Hande Yeneri, Gülşəni və başqalarını sıfırdan Türkiyəyə tanıdıb. Amma çoxları Erol Köseni tanımır. Çünki bu insan işini görür. Mən populyaram, məşhuram kəlməsini qəbul etmirəm. Çünki mən müğənni deyiləm. Təşkilatı işlər görən, telelayihələr hazırlayan prodüserəm. Heç vaxt müğənni ilə işləmərəm, hansısa musiqi şirkətinin prodüserliyini etmərəm. Mən burada ona görə tanındım ki, ilk dəfə Azərbaycanda “Azəri star” adlı mahnı müsabiqəsini təşkil etdim.  Daha sonra başqa layihələrim də oldu.

- Azərbaycanlı prodüserlərdən kimin işini bəyənirsiniz?

- Kemal Cenk İçten: Hər kəsin özünə görə yeri var. Tanınmayan müğənni ilə işləyib onu sıfırdan tanıtmaq çox çətin məsələdir. Tolikin işini bəyənirəm. Lakin Tolik bu günə qədər kimi sıfırdan tanıdıb? İşini bilir, amma müğənni yaratmaq bu başqa məsələdir. Anar Mədətov çox müğənnilərlə çalışıb. Amma kimi yaradıb? Yalnız Aysel xanıma prodüser deyə bilərəm. Elnarə Xəlilovanı o üzə çıxardı. İş görmək başqadır, gündəmdə qalmaq başqa. Tünzalə xanımın prodüseri Yalçını heç vaxt qalmaqalda görməmisiniz. Çünki o, işini görür.

- Aygün Kazımova, Röya Ayxan və Faiq Ağayevi Türkiyədəki hansı müğənnilərlə eyni səviyyədə görürsünüz?

- Kemal Cenk İçten: Onların hamısı Türkiyədə bir çox müğənnilərdən üstündür. Amma indi gündəmdə olan Aygün və Röyadır. Röya etdiyi  hər hərəkəti ilə gündəmə gəlir.

- Bildiyim qədərilə telelayihələrdən əlavə şəxsi biznesiniz də var. Bu haqda məlumat verə bilərsiniz?

- Kemal Cenk İçten: Hazırladığım telelayihələrdən  kifayət qədər gəlir əldə edə bilmirəm. Çünki gəlirin 10-20%-i  layihəni hazırlayana gəlib çatır. Ondan başqa hamı pul qazanır. Buna görə də əlavə işlərlə məşğul oluram. Bir həftədir ki, restoran açmışam, həyat yoldaşım Minarə xanımla bərabər onu işlədirik. Mən heç vaxt hazırladığım telelayihələrdən pul qazanmamışam.

- Şou-biznes nümayəndələrinin çoxu ilə tanışlığınız var. Sizcə, Azərbaycanın ən kaprizli məşhuru kimdir?

- Kemal Cenk İçten: Nazpəri Dostəliyeva, Xumar Qədimova və Nisə Qasımova.

- Tanışlığınız necə olub?

- Kemal Cenk İçten: Simaca bir-birimizi tanıyırdıq. İlk dəfə işlə əlaqədar sosial şəbəkədə mən ona yazdım. Bir neçə dəfə iş görüşlərimizdən sonra onun davranışları, söhbəti xoşuma gəldi. İlk dəfə mən ona bir-birimizi yaxından tanımağımızı  təklif etdim. O da qəbul etdi, bir-birimizi tanıdıq və vaxt itirmədən evlənmək qərarı verdik. Gözəl toy etdik. İndi də çox xoşbəxtik.

Qeyd edim ki, Minarə bəlkə də Azərbaycanın səhər-səhər ən tez oyanan xanımlarından biridir. O, hər gün tezdən oyanır, qızımızı məktəbə aparır. Oradan da işə gedir. Bununla belə serial çəkilişlərini, modelliyi, restoran işimizi - hamısını vaxtında çatdırır. Evdə də gözəl yeməklər hazırlayır. Mən onun bişirdiyi dolmanı yeməyi çox sevirəm.  

- Bal ayında ən gözlənilməz sürpriz nə oldu?

- Kemal Cenk İçten: Bal ayında Türkiyədə olduq. Minarəni qohumlarımla tanış etdim. Mənim orada bir oğlum var. Adı Dənizdir. Minarə onunla tanış olduğu ilk dəqiqədən çox mehriban davrandı. Ona qarşı istiqanlı oldu. Bu, mənim üçün dünyanın ən böyük hədiyyəsidir. Bizim evlənməyimiz də mənim üçün ən böyük sürprizlərdən biri oldu.

- Minarə: Cenk üçün bizim evliliyimiz hələ də röya kimidir. Mən də belə tezliklə ailə qurmağı planlaşdırmırdım. Çünki mənim sənətimi və qızımı başa düşəcək birini tanımırdım. Amma Cenkdən o münasibəti gördüm. Birinci mənim qızımın könlünü aldı, onu özünə sevdirdi. Sonra mənə fikrini bildirdi. Mən gördüm ki, bu insan həm mənim qızıma, həm də sənətimə dayaqdır. Ona görə də tez bir zamanda onunla ailə qurdum. Ailə qurmağı düşünmədiyim halda, çox qısa zamanda, 3 ay ərzində nikaha girməyim mənim üçün doğrudan sürpriz oldu.

- Hər ikinizin ikinci evliliyinizdir. İkinci dəfə bu addımı atanda nələrə xətt çəkməli oldunuz?

- Kemal Cenk İçten: Mənim bundan əvvəl qeyri-rəsmi nikahım olub. Həmin nikahdan bir oğlum var. İlk dəfə Minarə ilə rəsmi nikaha girmişəm.

Mən hər şeyin üstündən xətt çəkdim. Biz indi ikinci baharımızı yaşayırıq. Biz Minarə ilə oturub söhbətləşirik. İkimizin də əvvəl yaşadığımız səhvlərimizi yenidən yaşamamağa çalışırıq. Mən onun başına gələn eyni səhvləri etmərəm. Çünki onun üzülməsini, qəlbinin qırılmasını istəmirəm.  Sadəcə bunlar deyil, biz çalışırıq ki, bir-birimizi başa düşək. Problem yaşananda onu danışaraq həll edək. Məsələn: siz gəlməzdən əvvəl bir məsələ oldu. Minarə mənə zəng edib, onun necə baş verməsini soruşdu. Mən də əvvəl əsəbiləşdim, sonra ondan soruşdum ki, “Sən mənə inanmırsan?” O gəldi, biz oturduq hər şeyi anlaşılan şəkildə bir-birimizə izah etdik.

O, model və aktrisadır. Mən çalışıram ki, onun sənətinə əngəl törətməyim. O evdən çıxanda mən bir dəfə də olsun zəng edib, “Haradasan?”, “Kiminləsən?”, “Nə edirsən?” kimi suallar vermirəm. Bilirəm ki, o, işi ilə məşğuldur. Çalışıram ki, ona mane olmayım.

- Bəs o incimir  ki, Cenk mənə diqqət  göstərmir, zəng etmir?

- Kemal Cenk İçten: Sadəcə bir-birimizə ismarış göndəririk ki, nə işimiz var, nə edəcəyik. Yoxsa hər saat zəng edib, bir-birimizi sorğu-suala tutmuruq.

- Minarə: Əksinə, mən sevmirəm ki, iş başında hər dəqiqə həyat yoldaşım mənə zəng etsin ki, “Haradasan?”, “Nə edirsən?”. Çünki o, mənim iş qrafikimi bilir. Hər saat bunu məndən öyrənməyin nə mənası var?

Mən 7-8 ildir ki, övladımı tək böyüdürəm. Həm təhsilimi, həm də karyeramı sıfırdan başladım. Magistraturanı bitirdim, qızıma yaxşı ana olmağa çalışdım. Heç kiminlə münasibət qurmadım ki, mənim qızım var. O insan qızıma atalıq qayğısı göstərə bilməyəcək. Ancaq övladımı və karyeramı düşünürdüm. Evdən mənə çox təkid edirdilər ki, gəncsən, tək yaşama, ailə qur. Sən aktrisa-modelsən, təkbaşına anasan, kənardan sənə yüz söz gələr. Amma mən fikir vermirdim. Həmişə düşünmüşəm ki, insanın peşəsi onu daxildən kim olduğunu bildirə bilməz. Hamı məni yaxşı tanıyır ki, mən necə insanam. Mən bu sənəti sevirəmsə, işimlə məşğulamsa, bu, o demək deyil ki, mən başqa yola düşmüşəm. Mən kişi kimi qadınam.

Mən heç nəyə xətt çəkmədim. Kimlərinsə düşüncəsilə oturub-durmuram, mənə və övladıma nəyin lazım olduğunu mən daha yaxşı bilirəm.

Amma Cenkin mənim övladıma olan qayğıkeş münasibəti mənim diqqətimi çəkdi. Gördüm ki, qızım da ona çox bağlanıb. Mənim ona həm ata, həm də ana olmağıma baxmayaraq hiss etdim ki, onda ata qayğısına “aclıq” yaranıb.

- Əvvəlki nikahdan olan övladlarınız kiminlə yaşayır?

- Kemal Cenk İçten: Mənim oğlum Türkiyədə, Minarə, mən və qızımız birlikdə Azərbaycanda yaşayırıq.

- Sizin “Məşhur ailə” Türkiyə və Azərbaycan mədəniyyəti birləşməsidir. Sizcə, hər ikisinin ortaq nöqtəsi nədir?

- Kemal Cenk İçten: Qardaş ölkəyik, dilimiz, dinimiz, qonaqpərvərliyimiz eynidir.

- Minarə: İsti münasibət, səmimilik.

- Telelayihələr üzərində işləyirsiniz?

- Kemal Cenk İçten: Sentyabr ayında yeni telelayihəm ekrana gələcək. İndidən nə olduğunu söyləmək istəmirəm.

Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri