Yan
2017
11:35
60
251
10633
Virtual karabakh

Brilyant Dadaşovadan dinini dəyişdirməsi ilə bağlı yayılan xəbərə açıqlama

Xalq artisti Brilyant Dadaşovanın paytaxtımızın mərkəzində yerləşən kilsələrin birində bir çox ictimai xadimlər, KİV nümayəndələri, səfirliklərin əməkdaşları və digərlərinin iştirak etdiyi Milad bayramı münasibətilə təşkil olunan mərasimdə iştirak etməsi ilə əlaqədar bəzi Kütləvi informasiya vasitələrində onun dininin dəyişdirməsi ilə bağlı məlumatlar yer alıb.

Oxu.Az xəbər verir ki, müğənni media nümayəndələrinə bununla bağlı açıqlama ünvanlayıb.

“Hörmətli media nümayəndələri! İsa peyğəmbərə məhəbbəti mənə müqəddəs “Qurani Kərim”i əzbər bilən rəhmətlik nənəm öyrədib. Mən Allahın bir olduğuna inanıram və hər zaman 7 yanvarda, İsa peyğəmbərin doğum günü kilsəni ziyarət edirəm. Biz multikulturalist ölkəyik və insanları dini mənsubiyyətinə görə heç vaxt bir- birindən fərqləndirməmişik. Mənim üçün müxtəlif mədəniyyətlər hər zaman maraq kəsb edib. Fəxr edirəm ki, ölkəmizdə bütün dinlər və mədəniyyətlərə dərin  hörmət və ehtiram var.

Müsəlman ölkələrinə qastrol səfərləri zamanı məscidlərə, xristian ölkələrində isə kilsələrə getmişəm. İsraildə olarkən sinaqoqa da getməyi unutmamışam, Hindistanda olarkən hind dini məbədlərini ziyarət etmişəm. Eləcə də Pasxa və Milad bayramında kilsələrdə oluram. Kilsədə xorla dua etmə mərasimini  zövqlə dinləyirəm. Təbii ki, hər zaman Qurban və Ramazan bayramlarımızda da məscidləri ziyarət edirəm. Cox təəssüf edirəm ki, siz bunu indi bilmisiniz. Diqqətiniz üçün minnətdaram!”,-deyə B.Dadaşova bildirib.

Aytən Sadıqzadə
www.oxu.az

Digər Şou-biznes xəbərləri