21 
İyn
2017
18:18
127
152
12413
Virtual karabakh

Üzeyir Novruzov: Nərdivanımın 20 min dollar qiyməti var – FOTO + VİDEO

21 İyn, 2017
18:18
12413

Üzeyir Novruzov: Nərdivanımın 20 min dollar qiyməti var – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı sirk ustası, qatıldığı “America's Got Talent” yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq qazanan Üzeyir Novruzov Report-a müsahibə verib.

- Axırıncı dəfə neçə il əvvəl vətəndə olmusunuz?

- Biz uşaq olanda atam, anam daimi gəlib-gedirdilər. Biz uşaq idik, oxuyurduq deyə o qədər də tez gələ bilmirdik. Vətəndən çıxandan sonra bir dəfə atamla gəlmişəm, ikinci dəfə isə 2000-ci ildə atam rəhmətə gedəndə gəlmişdim. Onu Gəncədə dəfn etdik. Anam da ondan sonra geri qayıtmadı, artıq 17 ildir Gəncədə yaşayır.

Axırıncı dəfə vətəndə 2013-cü ildə olmuşam. Belə gec-gec gəlməyim işlərin çoxluğu ilə bağlıdır, qastrollar da çox olur, bir də ki, Azərbaycan çox uzaqdır. Uşaqlar məktəbə gedir, ancaq yayda imkanları olur, yayda da mənim işlərim sıx olur.

- Necə oldu ki, şou aləti olaraq, məhz nərdivan seçdiniz?

- Mən nərdivanı seçməmişəm, deyəsən, nərdivan məni seçib (gülür). Bilmirəm vergidir, ya qismətim. Ayağımla balansım çox güclüdür, ona görə nərdivanla işləyə bilirəm.

- Nərdivanınızın materialı nədir, kim, harada hazırlayır? Sirr deyilsə, qiyməti neçəyədir?

- Nərdivanım çox olub. Sadə dəmirdən başlamışam, o, çox ağırdır və dəyəndə ağrıdır. Sonra aliminiuma keçdim, o isə adamın əlini qaraldır, bəzən tez sınır. Bir az imkanım olanda isə titana keçdim. Titan bahadır, amma güclü və yüngül materialdır. Hazırda ancaq titan olan nərdivanlardan istifadə edirəm.

Titan nərdivan baha başa gəlir. Birinin 15-20 min dollar qiyməti var.

- Neçə nərdivanınız var?

- Hazırda 7 nərdivanım var. 2-si çox hündürdür, biri yığılır, 3-ü titandır, biri isə aliminium...

- Bakıda şouda iştirak üçün hansı nərdivanınızı gətirmisiniz?

- Titan nərdivanı gətirmişəm, o, həm də yığılır, yüngüldür.

- Ailəlisinizmi, neçə uşağınız var? Həyat yoldaşınız sənətinizlə bağlı olan xanımdır?

- Əkiz qızlarım var. Yoldaşım rusdur, vaxtı ilə gimnast olub. Ailə qurandan, uşaqlarımız olandan sonra isə işləmir, evdar xanımdır.

- Ailə üzvləriniz hansı dildə danışır?

- Yoldaşım Azərbaycan dilini bilir, elə Azərbaycan dilində də danışır. Qızlarım da Azərbaycan dilini bilir, başa düşürlər. Anam onlarla Azərbaycanca danışır. Amma onlar başa düşsələr də, fikirlərini rusca ifadə edirlər.

Onların birinci dili ingilis dilidir. Çünki Amerikada anadan olublar, ora vətəndaşıdırlar. Mənə ingilis dili ilə bağlı kömək lazım olanda qızlarıma müraciət edirəm.

- Qızlarınızın incəsənətə, sizin peşənizə marağı varmı?

- Onlar məni izləməyi çox sevirlər. Mən onları bu sahəyə yönəltmədim, heç bu sahədə işləməklərini də istəmərəm. Bu peşə qız və qadın üçün çətin işdir. Qızlarım təhsil alır, bundan əlavə, çox gözəl tennis oynayırlar. Bir də rəsm çəkirlər.

- Qızlarınız Azərbaycanı bəyəndilər?

-  Əlbəttə, çox sevirlər. Hazırda Gəncədə anamın yanındadırlar. Burda fərqli mədəniyyət var, onların çox xoşuna gəlib. Dağa çıxmışdılar, açıq hava, təbiət, ev heyvanları onların marağına səbəb oldu.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri