İyl
2017
15:04
51
170
14955
Virtual karabakh

Mələk Heydərova: “Bozbash Pictures” və “Bu şəhərdə”nin aktyorları istedadlarını batırırlar – FOTO

Oxu.Az tanınmış teleaparıcı Mələk Heydərova ilə müsahibəni təqdim edir:

- İyunun sonunda ilk kitabınızın təqdimatı oldu. Bu barədə oxucularımıza ətraflı məlumat verməyinizi istərdik.

- “Bizdə qadın” adlı kitab ayrı-ayrı vaxtlarda yazılan publisistik yazılarımın toplusundan ibarətdir. Orada qadının güclü varlıq olması, ailə, cəmiyyət, mental məsələlərdən bəhs olunur.

- Əgər həyatınızı kitab səhifəsi kimi vərəqləsək, oradan hansı səhifəni cırıb atmaq istərdiniz?

- Heç birini. Çünki məni mən edən həmin səhifələr olub. İnsanı acılar böyüdür. Onlar olmasa, heç nə bizə maraqlı gəlməz və nəyinsə qədrini bilmərik. Həyat məni döyə-döyə güclü edib.

- Həyatda vaz keçə bilməyəcəyiniz beş amil hansıdır?

- Hər kəsin öz prinsipləri var. Heç vaxt özümü insanların yanında alçaltmaram. Bir sözü ikinci dəfə demərəm. Kiminsə babalını yumaram. Heç kimin çörəyinə bais olmaram. Kiməsə ziyan verə biləcək yalan söyləmərəm.

- Yaxın vaxtlarda şəxsi həyatınızla bağlı xoş xəbər eşidə biləcəyik?

- Biri var evdar xanım olursan, biri də var karyera dalınca qaçırsan. Mən hərdən hər ikisini istəyirəm. Bu isə mümkün deyil. Ona görə də şəxsi münasibətlər alınmır. İnsanlara şans vermirəm, inadkaram.

- Mələk Heydərovanın həyat yoldaşı olacaq şəxs hansı keyfiyyətlərə malik olmalıdır?

- İstəyirəm ki, evdə dominant həmişə kişi olsun. Mən onun qazancı ilə yaşayım, o, mənim yox. Elə kişi də qarşıma çıxır, amma “sınır”. Bu isə mənim xoşuma gəlmir. Nə olsun ki, mən aparıcıyam, tanınıram, kişi mənim sözümlə hərəkət etməməlidir, o, öz sözünü eşitdirməyi bacarmalıdır. Mən insanları yaxşı tanıyıram, yaxınlaşanda bilirəm ki, məndən nə istəyir.

- Formada qalmaq üçün xanımlara məsləhət verə biləcəyiniz xüsusi reseptiniz varmı?

- Qadına ziyanlı olan hər şeyi edirəm. Yeməyi, xüsusilə şokoladı, yatmağı çox sevirəm. İdmanla məşğul olmuram. Efir və fotoşəkillərdə isə 8-10 kq artıq çəkili görünürəm. Həyatda isə daha incəyəm, hətta məni uşağa bənəzədirdilər deyə, saçlarımın rəngini sarıya boyatdırmışam.

Qadını gözəl saxlayan onun daxilən xoşbəxt olmasıdır, bədəninə nə qədər qulluq etdirsə də, gözəl görünməyəcək.

- Sizi filmlərdə deyil, seriallarda izləmişik. Bədii film təkliflərini qəbul etmirsiniz?

- İlk dəfə rəhmətlik rejissor Şahin Zəkizadə mənə inanaraq “Həkimlər” adlı serialda baş rola çəkib. O zaman mənim 21 yaşım var idi. Daha sonra “Oğurlanmış arzular”, “Kolxoz”un 85-86-cı bölümlərdə oyandım. Filmə çəkilmirəm, çünki bir dəfə nümayiş olunur, daha sonra yaddaşlardan itir. Serial isə uzunmüddətli olduğu üçün daha çox baxılır.

- Elə bir obraz varmı ki, hisslərinizə qapılaraq onu heç vaxt canlandıra bilməzsiniz?

- Övladı ölmüş ana.

- 3 ildir ki, aparıcılıq fəaliyyəti ilə məşğul olursunuz. Efir zamanı və ya kadrarxası məqamlarda başınıza gələn tragikomik hadisə olub?

- Əvvəllər efirə çıxmazdan öncə həmişə ağlayırdım. Valideynlərim məni çox ərköyün böyüdüblər. Söz götürə bilmirəm. Uzun müddət belə oldu, efirin çətinliklərinə, qaydalarına indi-indi öyrəşmişəm. Halbuki iş prosesində hər bir şey baş verə bilər.

Bilirsiniz ki, “Space”də “Təəccüb çevrəsi”nin aparıcısıyam. Bir dəfə 2 saatlıq proqramı 8 saata çəkib bitirə bildik. Kameralar xarab olmuşdu, sonra problem həll olundu.

Saytlara gəlincə, məni yaxşı təqdim etmirlər, müsahibə zamanı deyil, söhbət əsnasında dediyim sözləri məqalənin  başlığına yerləşdirib dərc edirlər.

- Ali təhsiliniz hansı sahə üzrədir?

- Mən “Xəzər” Universitetində iqtisadiyyat üzrə təhsil alırdım. Aktrisa olmaq üçün  ikinci kursdan təhsilimi yarımçıq qoydum, daha sonra davam etdirmədim. Mən oxumağı sevən insan deyiləm, partda arxasında 90 dəqiqə fasiləsiz əyləşməyə səbrim çatmır. Həmin müddət ərzində 4 dəfə icazə alıb bayıra çıxırdım, bəzən isə heç dərsə geri dönmürdüm. Müəllimlərim məni “yola verirdilər”.

Univeristeti tərk edəndən sonra bir müddət keçmiş “Region TV”, indiki ARB TV-də müxbir kimi çalışdım, reklamlarda çəkildim. Daha sonra aktirsa kimi fəaliyyətə başladım.

- Amma xeyli vaxtdır sizi yeni ekranlaşdırılan heç bir serialda görmürük...

- Artıq serillarda rol almaqdan bezməyə başlamışam. Çünki mən müasir insanam. Orada isə mühafizəkar insanlar şortla, qısa geyimlə məşqlərə gəlməyə icazə vermirlər. Mən bu sahəni ona görə seçmişəm ki, burada sərbəst olum. Mən hətta buna görə bir serialdan çəkilişləri yarımçıq dayandırıb uzaqlaşdım. Qısa ətəkdə gəlmişdim, serialla bağlı mənə dərs keçən müəllim söylədi ki, bu cür geyimdə gəlmə.

Orada tələb olunan odur ki, kənarda nə edirsən et, amma məşq proseslərində özünü ağıllı qadın kimi göstər. Bu anlayışı qəbul edə bilmirəm, insan hər yerdə olduğu kimi görünməlidir. Ümumiyyətlə, bu, təkcə serialların çəkiliş meydançasında deyil, şou-biznes sahəsində də belədir. 

Bir dəfə şou nümayəndələri ilə tədbirlərin birində idim, mənə irad tutdular ki, çox qısa geyinmisən, halbuki özləri kənarda min hoqqadan çıxırlar. Mən isə belə deyiləm, bütün Bakı əhlindən soruşsanız, hamı deyəcək ki, Mələk düz gedib, düz gəlir. Sadəcə, mən zamanın tələbi ilə ayaqlaşıram. İranda yaşamıram ki, uzun ətəkdə, başı bağlı gəzim. Heç kim məni çərçivəyə sala bilməz, əgər çərçivəyə düşmək ehtimalı olarsa, mən həmin mühitdə olmayacağam.

Bir dəfə də film təklifi almışdım, sonra başa düşdüm ki, rejissorun niyyəti başqadır, uzaqlaşdım, çəkilmədim.

- Yerli aktyor, aktrisa və rejissorlardan kimi bəyənirsiniz?

- Aktyor Zaur Şəfiyev, aktrisa Amaliya Pənahova. Rejissorlardan isə Asif Abramov, Rövşən İsax, Samir Kərimoğlu, Elçin Musaoğlu.

- Sizcə, iş prosesində ən kaprizli rejissor kimdir?

- Samir Kərimoğlu. Bir nömrəli rejissordur, nə iş gördüyünü yaxşı bilir.

- Gənc nəsil aktrisalar, həmyaşıdlarınız arasında izlədiyiniz yoxdur?

- İndiki nəsil aktrisalar 5-10 il vaxt keçdikdən sonra tamamilə unudulacaqlar. Aktrisalıq dərsləri almaq, bu sahədə özlərini inkişaf etdirmək üçün səy göstərmirlər. Məsələn, Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ modellikdən bu sahəyə gəlib. Amma daim öz üzərində işləyib, Amerikada aktyorluq dərsləri alıb. Bizdə isə əllərinə pul keçən kimi ev, avtomobil alırlar. “Bozbash Pictures” və “Bu şəhərdə” komandasının aktyorları hər biri ayrılıqda çox bacarıqlıdırlar, lakin kommersiya-komediya filmləri ilə istedadlarını batırırlar. Bunu şou-biznes nümayəndələrinə də aid etmək olar.

Aytən Sadıqzadə
Foto: Tünzalə Ağayeva
www.oxu.az

Digər Şou-biznes xəbərləri