14 
İyl
2017
16:22
19
160
10379
Virtual karabakh

Aşıq Əli qohumunun qətlinə şahid olub: Məhkəmədə qalmaqal

14 İyl, 2017
16:22
10379

Aşıq Əli qohumunun qətlinə şahid olub: Məhkəmədə qalmaqal

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Toyda spirtli içki qəbul edərək keçmişdə ədavətli olduğu Aşıq Əlinin qohumunu qətlə yetirməkdə təqsirləndirilən Vüsal Nemətovun cinayət işi üzrə məhkəmə davam edib.

Oxu.Az-ın Lent.az-a istinadla məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Mirzəxan Balayev bildirib ki, toyda Vüsal Nemətovla eyni stolda oturub: “Oturmuşduq, yeyib-içirdik. Toyda rəhmətlik Fəxri bir dəfə stolumuza yaxınlaşıb bizimlə salamlaşmışdı. Bir müddət keçdi, gördüm Vüsal yoxdur. Dedim, yəqin, çölə çıxıb. Bir də gördüm ki, dava düşüb. Getdik, gördük ki, Vüsal Fəxrini bıçaqlayıb”.

Şahid qeyd edib ki, Vüsalla Fəxri arasında 3-4 ilin münaqişəsi olub: “Səbəbini bilməsəm də, bir-biri ilə düşmənçilikləri vardı. Toy vaxtı da Fəxri əldə-ayaqda idi”.

Şahid Anar Mütəllimov da toyda iştirak edənlərdən olub. O, ifadəsində qeyd edib ki, Vüsalla eyni masada oturub: “Arxam hadisə olan yerə idi. Mən dönüb baxanda camaat ayaq üstə idi. Qaçıb ora gedəndə gördüm ki, Fəxrinin köynəyi qandır. Onda bildim ki, Vüsal Fəxrini vurub. Əvvəldən bilirdim ki, Fəxri söyüş üstündə Vüsalı döyüb”.

Hakim bildirib ki, bu işdə şahid qismində Aşıq Əlinin (Tapdıqoğlu) adı keçir: “O, bizə məktubla müraciət edib ki, hazırda Rusiyadadır. Həmin toyda sazda ifa edib. Lakin məhkəməyə gələ bilmir. Ölkədə olmadığını əsas gətirərək istintaqa verdiyi ifadənin elan edilməsini istəyib”.

Əlavə şahid qismində Əli Əşrəfov da dindirilib. O, bildirib ki, 4 il qabaq Fəxrinin Vüsalı döydüyünün şahidi olub: “Kafedə oturmuşduq. Səs-küy vardı. Vüsal möhkəm danışırdı. Fəxri Vüsaldan yavaş danışmasını istədi. Aralarında mübahisə yarandı. Fəxri Vüsalı çölə çıxardı. Bir müddət sonra səs-küy qalxdı. Vüsalın başı partlamış, burnu qırılmışdı. Ondan sonra Vüsal deyirdi ki, Fəxri ilə aralarında kin qalıb. Fəxri Vüsalı harda görsə, onu döymək istəyirdi”.

Zərərçəkmiş şəxsin hüquqi varisi şahidin ifadəsinə etiraz edib: “Nəyisə danışanda vicdanla danış. Orada Vüsalı bıçaq çıxardığı üçün döyüb. Sən burada indi guya kimisə qoruyursan. Allahın olsun, vicdanla danış”.

Şahid isə Vüsalın əlində bıçaq görmədiyini, nə görübsə, onu danışdığını deyib.

Məhkəmə istintaqı tamamlanıb. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışı zamanı məhkəmədən Vüsal Nemətovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi prokurorun çıxışından narazı olduğunu deyib: “Ömürlük cəza istəyirəm. Mənim oğlum ömürlük getdi”.

Məhkəmə prosesi iyulun 19-da davam edəcək.

Qeyd edək ki, qətl ötən il Qobustan rayonunun Divanlı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə keçirilən toy zamanı 1979-cu il təvəllüdlü Kərimov Fəxri Kamal oğlu mərasimə dəvət olunan Nemətov Vüsal Ağa oğlu tərəfindən bıçaqlanıb. Ağır yaralanan F.Kərimov Mərkəzi Klinikaya yerləşdirilib və orada dünyasını dəyişib. Bildirilib ki, Vüsal Nemətovla Fəxri Kərimov arasında 2013-cü ildən ədavət olub. Belə ki, idmançı olan Fəxri Kərimov Vüsal Nemətovu döyüb. 2016-cı ildə toy mərasimində Vüsal Nemətov spirtli içki qəbul edərək toy zamanı bıçağı Fəxri Kərimova vurub. Vüsal Nemətov əvvəllər də qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirli bilinərək məhkumluq həyatı yaşayıb. Onu da qeyd edək ki, qətlə yetirilən F.Kərimov Aşıq Əlinin (Tapdıqoğlu) yaxın qohumudur.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri