14 
Avq
2017
16:00
179
32
11037
Virtual karabakh

Türkiyəli aktyor azərbaycanlı həmkarı haqda: Üç günə dəyişdi – FOTO

14 Avq, 2017
16:00
11037

Türkiyəli aktyor azərbaycanlı həmkarı haqda: Üç günə dəyişdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi,  Türkiyə istehsalı olan “O kuş buraya gelecek” filmində baş rollarda qardaş ölkənin populyar aktyorları Ufuk Özkan, Mehtap Bayri ilə yanaşı, Azərbaycanın tanınmış aktyoru Müşviq Şahverdiyev də rol alıb.

Oxu.Az-a açıqlama verən Müşviq Şahverdiyev bildirib ki, bu filmdən gözləntiləri həddən artıq çoxdur.

“Bildiyiniz kimi, “Kəklikotu” filmimiz uğurla başa çatdı. Oktyabrda kinoteatrlarda nümayiş olunacaq. Sözügedən film bitən kimi ikincisinə dəvət aldım. Əsas ofisi Türkiyədə yerləşən və dostum Təvəkkülün “Artlemma” şirkətinin istehsalı olan “O kuş buraya gelecek” filminin çəkilişlərinə start vermişik. Komediya janrındadır.

Ssenarini çox bəyəndim, aktyor heyətini də sevdim. Mənə çəkilişlərin ilk günlərində ən çətin gələn isə filmin türk dilində olması idi. Mənim də türkcəm yaxşı olmadığı üçün onlara çətinlik yaradacağımı düşünürdüm, amma qısa zamanda türk dilini mənimsədim və hər şey öz yolunda getdi. Ssenarinin öhdəsindən uğurla gəlməyə başladım. Filmin çox uğurlu olacağını və Türkiyə bazarında yayımlanmasının da karyerama uğur qatacağını fikirləşirəm. Türkiyədən növbəti yaxşı təklif gəlsə, təbii ki, qəbul edərəm”.

Ufuk Özkan da öz növbəsində filmin uğurlu olacağını söyləyib: “Mən Azərbaycana ilk dəfə 2013-cü ildə gəlmişdim. “Zengin kız, fakir oğlan” serialı zamanı burada çox tanınırdım. Məni çox yaxşı qarşıladılar. Buna görə hər birinizə minnətdaram. Bizə göstərdiyiniz sevgi, qayğı çoxdur. Bu film təklifi də mənə gəlincə, ssenari ilə tanış oldum və bəyəndim.

Azərbaycanın məşhur aktyoru Müşviqin də rol alacağını öyrəndim. İlk günlərdə Müşviqin ssenarini oxuyan zaman çətinlik çəkməsi məndə sual yaratdı ki, onunla alınacaqmı? Amma 3 gün sonra Bakıda səhnə çəkən zaman şahidi oldum ki, sanki Müşviq gedib, yerinə başqası gəlib. Çox səliqəli formada və professional şəkildə rolunu oynayır. Mən onun yerinə özümü qoysam, inanmıram ki, 3 günə o cür məsafə qət edim.

Sizdə bir az texniki məsələdə çətinlik çəkirik. Amma rejissorumuz Xəyal Aslanzadə bizi çox yaxşı idarə edir. Bildiyim qədərilə sizdə film sahəsində yeni inkişaf başlayıb. Bizdə bu mərhələlər çoxdan keçilib deyə imkanlarımız çoxdur. İnanıram ki, zamanla sizin film sahəsində də bu çətinliklər həllini tapacaq. Amma heç nəyə baxmayaraq, çox uğurlu film ortaya qoyacağımıza inanırıq.

Təvəkkül, Elnur və Resana çox minnətdaram. Onlar bizim üçün hər şey etməyə çalışırlar ki, təki narazılıq olmasın. Bir sözlə, film və komandamız haqda ağızdolu danışmaq olar. Tamaşaçılara səslənmək istəyirəm ki, çox bəyənəcəyiniz bir film olacaq. Mütləq izləməyinizi tövsiyə edirəm. Bu film uğurlu olduqdan sonra, inşallah “O kedi buraya gelecek” filmini də çəkərik”.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri