20 
Sen
2017
10:14
67
22
10715
Virtual karabakh

ARB TV-nin aparıcısı: Onlarla heç vaxt işləmərəm – FOTO

20 Sen, 2017
10:14
10715

ARB TV-nin aparıcısı: Onlarla heç vaxt işləmərəm – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az ARB TV-nin tanınmış siması, aparıcı Murad Həşimovla müsahibəni təqdim edir.

- Aparıcı kimi fəaliyyətə başladıqdan sonra özünüzə hansı qadağaları qoymusunuz?

- Efirdən əvvəlki Muradın düşündükləri, ailə dəyərlərinin dəyişilməsini qadağan etmişəm. Övladlarım gələcəkdə mənim efirdə hansısa hərəkət və ifadəmə görə utanmamalıdırlar. Bu sahədə bir neçə nəfər var ki, onlarla heç vaxt işləmərəm. Məcburən bir komandada olacağamsa, onda özüm gedərəm. Özümlə bağlı bundan başqa xüsusi qadağalarım yoxdur. Bircə efirdən saat yarım əvvəl yemək yemirəm. Orqanizm rahat olmalıdır.

- Özəl telekanallardakı aparıcılar bəzən özlərini türkiyəli, rusiyalı həmkarlarına bənzədirlər. Bu, bəzilərində uğurlu, digərlərində olduqca uğursuz alınır. Bu məsələyə münasibətinizi bilmək istərdik...

- Deyirlər, velosipedi kəşf ediblər, onu, sadəcə, sürmək lazımdır. İndiki halda heç kim televiziyada kimdənsə nəsə əxz etmədiyini deyə bilməz. Sadəcə, biri var sənət, tryuklar, tərz və təbii ki, müsbət keyfiyyətləri mənimsəmək, biri də var, avaz, əndrəbadi kəlimələri tutuquşu kimi təkrarlamaq. İkincisi yamaqdan başqa bir şeyə oxşamayacaq. Aparıcı ilk növbədə tamaşaçıya üz tutub, onunla danışmalıdır. Ata, ana, qonşu, iş yoldaşı, sinif yoldaşı, müəllimi ilə danışdığı kimi. Tamaşaçı ekrandan ən yaxın adamını duymalıdır. Bunu edə bilməyənə mən teleaparıcı deyə bilmirəm. Təəssüf ki, belələri çoxdur...

- Televiziyanın sizə qazandırdığı populyarlıq necə hissdir?

- Bu, hamıya qismət olmur. Populyarlığın da növü var. Bir var kimsə küçə, bayırda səni tanısın, amma ürəyində söysün. Bir də var, salamlaşsın, əl tutub, öpüb-qucaqlasın. İkincisi olacaqsa, nə xoş. Deməli, insanların ürəyindəsən. Ötən dəfə bir izləyici yazıb ki, fiziki qüsurlu övladı var. Əhd edib ki, toyu olarsa, onu mən aparım. Doğrudur, toy aparıcısı deyiləm. Amma belə istəyi necə qırasan? Bundan böyük xoşbəxtlik varmı? Evdən işə gedərkən, Tanrıdan diləyirəm ki, bircə gözdən düşməyim.

- Aktyor Murad İsmayılla (“Vicdan haqqı” serialının Farizi) sizi bir-birinizə bənzədənlər çoxdur. Bu barədə nə söyləmək istərdiniz?

- Nə yalan danışım, serialları izləmirəm deyə, həmin aktyoru, düzü, əvvəlcə tanımadım. Siz deyəndən sonra “Google”da axtarış edib baxıram ki, oxşarlığımız var. Təki uğurlu, yaxşı insanlarla oxşar olaq. Həm zahirən, həm daxilən. Adımız da eynidir. Adaşıma da uğurlar diləyirəm. Muradına çatsın!

- Tanınmış simalar bəzən ölkədəki sosial problemlərlə bağlı fikirlərini sosial şəbəkədə açıq şəkildə ifadə edirlər. İş yerini itirməkdən çəkinməyib, sərt mövqe bildirənlər də olur. Sizi narahat edən elə bir problem olubmu ki, ona sərt reaksiya göstərmək istəmisiniz...

- Niyə olmayıb ki?! Əgər insanın yaşananlarla bağlı öz fikri, yanaşması yoxdursa, deməli, o özü, əslində, yoxdur. Mənim iş yerim fərqli fikirlərə tolerant yanaşır. İndiyə qədər bir problem olmayıb.

- Yeni mövsümdə tamaşaçılarınızı hansı  layihələrlə sevindirməyə hazırlaşırsınız?

- ARB TV yeni mövsümə ciddi hazırlıqlarla başlayıb. Mən ARB TV-də gündəlik 2 canlı proqramın aparıcısıyam. Sevda Rəsulqızı ilə səhər xəbər şoumuz – “Günə doğru” ötən mövsümü lider mövqedə bitirdi. Bu, möhtəşəm komandanın uğurudur. Bu mövsümdə də məqsədimiz Azərbaycana ən səmimi xəbər şousunu təqdim etmək və izləyici sayını daha da artıraraq, “Azərbaycanın xəbər şousu” statusunu əldə saxlamaqdır. Tamaşaçılar səhər 7:30-da yazırlar ki, “15 dəqiqədən sonra başlayırsınız ha...” Bax, bunu qorumaqdır.

Günorta saatlarında təqdim etdiyimiz “Yaşamaq gözəldir” verilişinin öz ənənəsi var və ona bənzər layihələr arasında xüsusilə seçilən proqramdır. Həkimlər studiyaya ilk dəfə qonaq gəlirlər, saat yarımdan sonra illərin dostu kimi ayrılırlar. Verilişimizin sirri səmimilikdir. Sona ilə bərabər bu mövsüm də “Yaşamaq gözəldir” deyəcəyik. Həqiqətən, gözəldir.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri