26 
Okt
2018
11:11
37
147
10771
Virtual karabakh

Günay İbrahimli: Aygünü sevirəmsə, onun cəbhəsindənəm? - FOTO

Müğənni Günay İbrahimli Oxu.Az üçün Pakizə Bayramovanın fotokamerası qarşısına keçib və müxbirimizin suallarını cavablandırıb:

– “Can atma” adlı klipiniz çox tənqid edildi, çox danışıldı. Siz necə düşünürsüz?  Bu mahnı tutdu və yaxud tutacaq?

– Bu barədə dəqiq bir şey demək olmaz. Mahnı bir aya yaxındır ki, işıq üzü görüb. Bəyənən də var, bəyənməyən də. Düşünürəm ki, fərqli bir bəstədir. Repertuarımda bu tərz mahnı yox idi. Hər bir sənətçinin yaradıcılığında öz tərzindən uzaq bir dəsti-xətdə yazılan musiqi olmalıdır. Tələbatı mən hiss edirəm, amma zövqlər müxtəlifdir.

Başa düşə bilmirəm ki, insanların zövqü niyə bu qədər cılızlaşıb? Əlbəttə, hər kəsə bunu şamil etmirəm. Hazırkı şou-biznesdən çox narazıyam. Keyfiyyətli musiqiyə az qiymət verilir. Mən də onlara uyğunlaşıb tələbatlı mahnı oxuya bilmərəm, içimdən gəlmir. Ümid edirəm ki, yaxın gələcəkdə hər şey yoluna düşəcək, yeni nəslin zövqü dəyişəcək, tamam başqa olacaq.

– Günay İbrahimli əvvəlki kimi iddialıdır, yoxsa artıq öz yerini tutub deyə arxayınlıq yaranıb?

– Həmişə iddialı olmuşam, sənətə gəldiyim ilk gündən. Bəlkə də, belə olmasaydım, fərqlənməzdim. Günay İbrahimli öz yerini tutub, başqasının yerində möhkəmlənməyib. Bu sənətdə arxayın olmaq kimi bir şey yoxdur. Qalxdığın kimi də enə bilərsən. Ona görə daima üzərində işləməlisən. Tamaşaçı daim səndən nəsə gözləyir. 

– Niyə sizin həmişə Röya Ayxanla düşmən olduğunuzu deyirlər? Hamı elə bilir ki, siz Aygün Kazımova cəbhəsindəsiniz. Onunla daha yaxınsınız. Səbəb, bəlkə, budur?

– Biz Röya Ayxanla küsülü deyilik, aramızda heç bir söz-söhbət olmayıb.  Röya sözünü demiş, özünü təsdiqləmiş bir müğənnidir.  Qaldı ki Aygün Kazımovaya... O, bir divadır. Bizim şou-biznesdə, müasir estradada yeniliklərə imza atıb, hər bir şeyi özünə yaraşdıraraq təqdim edib.  

Hər kəs bilir ki, bizim münasibətimiz necədir. Aygün Kazımova ilə sevgimiz qarşılıqlıdır. O, hər zaman mənə dəstək olanlardan olub.  Bunun cəbhə, qruplaşma söhbətləri ilə bağlamayın, xahiş edirəm.

– Həmişə Tünzalə Ağayevanı sevmisiniz, bəyənmisiniz. Hətta mahnısını oxumusunuz.  Amma o, sizi çox vaxt tənqid edir...

– Tünzalə xanımın musiqiləri çox sevirəm, onun “Pərvanə” adlı mahnısını repertuarıma daxil etmişəm, hörmət əlaməti olaraq icazəsini də almışam.  Ondan özümə qarşı hörmətsizlik və neqativ bir şey görməmişəm, hiss etməmişəm. Ola bilər ki, tənqid edir. Tənqid edirsə, o demək deyil ki, məni sevmir, sənətimi bəyənmir. 

– Hazırda xanım müğənnilər şou-biznesdə at oynadır. Qruplaşırlar, birini sıxırlar, digərini sıradan çıxarırlar. Əslində, görünür ki, siz heç bir qruplaşmada deyilsiniz. Amma mənə elə gəlir ki, şou-biznesdə əsas fiqurların yanındasınız...

– Kişilərdən fərqli olaraq, xanımlar arasında rəqabət daha qızğındır. Həm aktiv şəkildə klip çəkdirən, layihələr təqdim edən xanımlardır. Siz dediyiniz kimi, qruplaşıb necə sıradan çıxarmaq olar ki? Toyunu əlindən alacaq, ya konsertlərini ləğv etdirəcəklər? Bu kimi “burma” əməllər tarixdə qalıb. İndi belə şeylər yoxdur. Hər kəs başını aşağı salıb işini görür. 

İndi elə bir dövrə gəlib çıxmışıq ki, şou-biznesdə olanların hamısı əsas fiqurdur. Onsuz da işlək olmayan şou-biznesdən avtomatik olaraq kənarlaşır. Bu arenada olanların hamısı güclüdür. Rəqabət ancaq klip və yaradıcılıqda gedir. Mən tərəfdən belədir. Başqasının işini bəyənirəmsə, paylaşıram, yaxud zəng vurub fikirlərimi deyirəm. 

Gələk siz dediyiniz əsas fiqurların yanında olmağa... Bayaq dediyim kimi, hamı əsas fiqurdur, rəhbər yoxdur. Mən Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Natavan Həbibi, Səidə Sultan, Elton Hüseynəliyev kimi bir çox müğənnilərin mahnılarını sevirəmsə, münasibətim əladırsa, qarşılıqlı hörmətimiz varsa, onların cəbhəsindənəm? Hər kəsin öz cəbhəsi var, onlar da şou-biznesə fərqlilik gətirmək, canlandırmaq üçün savaşırlar.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri