12 
Noy
2018
17:58
34
83
6022
Virtual karabakh

“Üç üz” filmi “CinemaPlus”da - VİDEO

12 Noy, 2018
17:58
6022

“Üç üz” filmi “CinemaPlus”da - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrında 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində dünya şöhrətli kinorejissor Cəfər Pənahinin “Üç üz” filminin Azərbaycan premyerası baş tutacaq.

71-ci Beynəlxalq Kann kinofestivalında “Ən yaxşı ssenari” nominasiyasının qalibi olmuş film yalnız bir gün - 16 noyabr saat 19:00-da eksklüziv olaraq “CinemaPlus Gənclik Mall”da nümayiş olunacaq.

Azərbaycan əsilli iranlı kinorejissorun yeni filmi patriarxal mühitdə aktrisaların üzləşdiyi çətinliklərdən bəhs edir. Filmdə həyatının müxtəlif etapını yaşayan üç iranlı aktrisanın portreti yaradılıb.

Onlardan biri karyerasını yarımçıq başa vurub, digəri şöhrətin zirvəsindədir, üçüncü qəhrəman isə aktrisa olmaq arzusundadır. Amma mühafizəkar ailəsi onun istəyinə qarşı çıxır. Gənc qız dəstək almaq məqsədilə ölkənin məşhur aktrisasına müraciət edir. Aktrisa kinorejissor dostu ilə birgə qızın yaşadığı kəndə yola düşür.

Filmdə əsas rolları İranın tanınmış aktrisası Bəhnas Cəfəri və Cəfər Pənahinin özü ifa edir. Əslən azərbaycanlı olan rejissor digər filmlərində olduğu kimi bu ekran əsərində də ana dilinə geniş yer verib. Ölkəsində ev dustaqlığına məhkum edilən sənətkara 20 il ərzində film çəkmək qadağası da qoyulub.

Buna baxmayaraq, “Üç üz” filmi rejissorun cəza kəsiləndən sonra çəkdiyi sayca dördüncü filmidir. Kann, Berlin, Venesiya, Lokarno kimi festivalların mükafatçısı olan rejissor müsahibələrinin birində deyir:

“Kinematoqrafçının film çəkməməsi onun zindanda olmasına bərabərdir”.

“START” Beynəlxalq Qısa Filmlər Festivalı və “CinemaPlus”un əməkdaşlığı ilə reallaşacaq “Üç üz” filmin nümayişinə giriş 5 AZN təşkil edəcək.

Festivalın müsabiqə proqramına qatılan digər filmlərin nümayişi isə ödənişsizdir. Filmlər 14, 15, 16, 17 noyabr saat 12:00-dan 16:00-dək “CinemaPlus 28 Mall”da nümayiş olunacaq.

Qeyd edək ki, IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi təşkilatçılığı ilə keçirilir.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır!

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri