14 
Noy
2018
15:45
56
121
17131
Virtual karabakh

“Faytonçu” Nazim: Bilmirəm, bu, müğənnidir, aparıcıdır, ya bəstəkardır

14 Noy, 2018
15:45
17131

“Faytonçu” Nazim: Bilmirəm, bu, müğənnidir, aparıcıdır, ya bəstəkardır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Faytonçu” ləqəbi ilə tanınan müğənni Nazim Pişyarinin Oxu.Az-a müsahibəsi:

– İlk dəfədir konsert verirsiniz, buna səhhətiniz imkan verirmi?

– Səhhətim normaldır, tam sürətlə konsertimə hazırlaşıram.

– Bizi konsertdə nələr gözləyir?

– Konsert 50 yaşımın tamam olması ilə bağlıdır. Bu, mənim ilk solo konsertimdir. Dəfələrlə ümumi konsertlərdə iştirak etsəm də, yaradıcılığımda bir ilkdir.

– Niyə indiyədək solo konsert verməmisiniz?

– Solo konsert üçün indi yetişmişəm. Özümdə güc tapmışam. Cavan nəsil konsert verir, onlar daha tez yetişdilər. Mən bir az gec dəyən meyvəyəm.

– Meyvənin gec dəyməsinin səbəbi nə idi?

– Məsuliyyət. Fərqindəyəm ki, hansı səhnəyə çıxıram, bu vaxtdadək Heydər Əliyev Sarayında dəfələrlə oxusam da, indi dizlərim əsir. Bunun məsuliyyətini dərk edirəm ki, həmin səhnədə mogikan şəxsiyyətlərimiz dayanıb və konsert verib. İki saat ərzində insanlara zövqlü və keyfiyyətli musiqi təqdim edəcəyəm.

– Əvvəllər tamaşaçını aldatmaq asan idi ki, konsertimə bilet satılıb. Dəfələrlə dəvətnamələrin paylanmasının da şahidi olmuşuq. Ancaq indi onlayn portallar vasitəsilə kimin konsertinə nə qədər bilet satıldığını asanlıqla müşahidə etmək olur. Ümumiyyətlə, həmin sayta girib yoxlayırsınız ki, görüm, neçə yer satılıb?

– Onu heç vaxt yoxlamıram, biletin satılıb-satılmaması vecimə deyil. Bununla konsertin təşkilatçıları məşğul olur. Ümid edirəm ki, yaxşı olacaq.

– Son zamanlar sizdən asılı olmayan səbəblərdən xəstəlik məsələsi ilə gündəmə gəldiniz. Sizə həmin anlarda kimlər dəstək oldu?

– Məni gündəmə gətirən sosial şəbəkələr və media nümayəndələri oldu. Onların hamısına minnətdaram. Mənə dəstək oldular, şəfa arzuladılar. Gündəmdə olmağım xalqımıza bir “S.O.S” mesajı oldu, onların məni dəstəkləməyi içimdə yaşamağa həvəs yaratdı. Konsertimlə insanlara tam sağlam olduğumu çatdırmaq, xəstəliklə bağlı insanların təfəkküründə qalan sualları silmək istəyirəm. Fəaliyyətimdə, işimdəyəm.

– Həmin dövrlərdə gözləyib, dəstək almadığınız və incidiyiniz insanlar oldumu?

– Xalq artistlərimizdən tutmuş adi sənətçilərədək hamı mesaj yazdı, zəng etdi. Hamısına minnətdaram. Mənimlə maraqlanmayan insanlardan da incimirəm. İnsandır, bəlkə, xəbəri olmayıb? Amaliya xanım rəhmətə getdi, xəbər səhər yayılsa da, mən onu axşam bilmişəm. . Sosial şəbəkəyə axşamlar girirəm, çünki vaxtımı alır.

– Sosial şəbəkələr demişkən, Ədalət Şükürov şəxsi həyatını nümayiş etdirən kişi sənətçilərə irad bildirmişdi və bunu düzgün saymır. Sizin fikriniz necədir?

– Mən Ədalət bəylə razıyam. Mən niyə həyat yoldaşımı, övladlarımı, anamı-bacımı gündəmə gətirməliyəm? Kim gətirirsə, o, şəxsi işləridir. Buna yaxşı baxmıram, məni mənə görə tanısınlar. Mahnılarıma, sənətimə görə hörmət etsinlər. Ailə bir qaladır. Hər adam o qala divarını keçə bilmir. 

Heç onlar da bunu istəmir. Konsertimlə bağlı videorolik hazırlanır. Oğluma dedim ki, videoya çəkilib, bir cümlə deyə bilərsən? Hansı ki, bu video yalnız konsertimdə gedəcək və TV-də yayımlanmayacaq. Dedi ki, məni belə işlərə görə narahat etmə. Nə olsun ki, oğlumdur? Mən onu məcbur edə bilmərəm.

– O qədər qapalısınız ki, insanlar sizin subay olduğunuzu zənn edir...

– Bir oğlum və qızım var. Qızım artıq ərdədir. Nəvəm var, babayam. Hələ də özümü baba kimi görmürəm. Mənim üçün baba ağ saçlı, yaşlı olanlardır. Saçıma xına qoymuram, amma ağarmırlar. Deyirəm ki, ağar da, ay kişi. Yəqin, haçansa mənim də saçım ağaracaq, baba obrazına düşəcəm. Baxıram ki, babayam, amma bir dənə də ağ saçım yoxdur (gülür).

– Hazırda sizi nələr narahat edir?

– Məni musiqimizin uçuruma getməyi narahat edir. Efirlərimizdə, musiqimizdə, səhnəmizdə baş alıb gedən xaos əsəbiləşdirir. XX əsrə baxın, Azərbaycan musiqisində intibah dövrü olub. Üzeyir Hacıbəyov, Emin Sabitoğlu, Telman Hacıyev, Şəfiqə Axundova, Qara Qarayev, Akif İslamzadə, Elmira Rəhimova, Rəşid Behbudov kimi musiqiçilərimizi saymaqla qurtarmır.

Baxırsan ki, Azərbaycan musiqisi Qafqazla yanaşı, İrana və Türkiyəyə də musiqi hökmranlığı edib. İndi onlar inkişaf edib, biz tənəzzül dövrünü yaşayırıq. Onlar indi də musiqimizdən bəhrələnib, ortaya nəsə çıxarırlar. Musiqi sənətimizə nəzər yetirsək, oradan çox gözəl əsərlər ortaya çıxara bilərik.

İndi çıxan mahnılar üç notdan ibarətdir, sevildisə, “populyaram” deyib, ortaya düşürlər. “Youtube” meyarı beynimizdən silinməlidir. Bir şey ki, pulla alınırsa, onun nəyi meyardır? Bayağı müğənnimizin baxış sayı iki milyondursa, onun yanında Rəşid Behbudovun ifası çox az baxış toplayıbsa, deməli, o, yaxşı müğənni deyil? O, başdan ayağa dərslikdir. Görün, haradan hara gəlib çıxmışıq?

– Bunun qarşısını necə almaq olar?

– Bəstəkarlarımız, media və kanallarımız birləşib iş görməlidir. Media işıqlandırmamalı, TV-lər efirə çağırmamalı, bəstəkarlarımız da pul xətrinə mahnı yazmamalıdır. Bir ara sosial şəbəkələrdə “Ayə, hara gedirsən?” adlı mahnı yayılmışdı. Kanallardan birini açmışdım. Gördüm ki, adam efirdə oturub. Dedim, sənə qurban olum, bu adam efirdə nə gəzir?

Sosial şəbəkə ilə məşhurlaşan adam efirdə nə gəzir axı? Bu nə qədər bizə lazımdır? Ona görə nigaranam. Mən aparıcı olsaydım, deyərdim ki, məni istəyirsiniz işdən çıxarın, amma o adamla efirə çıxmayacağam. O, insan düşüncəmə uyğun deyil. Hər şey ucuzlaşa-ucuzlaşa gedir.

Hazırkı musiqi bilirsiniz nəyə bənzəyir? Təsəvvür edin ki, şəhərdə işıqfor yoxdur. Kim maşınla haraya istəyir girir, sürür, saxlayır. Hərc-mərclikdir. Amma bədii şura olsa, senzura qoyardı. Bayağı sözlər gəldi çıxdı mahnılara, mahnılar da efirlərə. Efirlər də millətin güzgüsüdür. Maariflənmək üçün aynadır.

“Sənin ajığına” efir sözü deyil, amma işlədilir. İkincisi isə efirdə ləhcə ilə danışırlar. Biz müstəqil olandan sonra efirlərimizdə səlist Azərbaycan dilində danışılırdı. Amma hazırda fikir versəniz, hərə bir ləhcə ilə danışır. Bütün bunlar məni narahat edir. Bu, çox böyük problemdir.

Gözəl bəstəkarlarımız var. Bunlar bəstəkarlığı niyə oxuyub? Yerindən duran deyir ki, bəstəkaram. Əvvəl aparıcı idi, başladı mahnılar yazmağa, indi də özü oxuyur. 

– Söhbət Murad Arifdən gedir?

– Mən bilmirəm, bu, müğənnidir, aparıcıdır, ya bəstəkardır. Ay qardaş, sən kimsən? Ola bilməz ki, sən həm müğənni, aparıcı və bəstəkar olasan. Bu da təkəbbürlülükdən xəbər verir. Təkəbbürlülük yalnız Allaha məxsusdur. Murad Ariflə münasibətim çox yaxşıdır. Murad Arifə qarşı etirazım yoxdur, axı, tək o, deyil. Guya, mən musiqi yaza bilmərəm ki? Amma yazmıram.

– Niyə?

– Çünki bu, mənim işim deyil. O qədər müğənnilərimiz var, deyirlər ki, musiqisi mənimdir. Ay kişi, bəsdir də! Bəstəkara pul vermək istəmirlər. Lakin bəstəkarların əsərlərində harmoniya aşıb-daşır. Bilirsən ki, bu mahnı bəstəkarın əlindən çıxıb. Belə problemlər çoxdur. Özümüz də fərli gündə deyilik.

Deyirəm ki, yəqin, irəli getmək üçün yüngül mahnılar oxumaq lazımdır. Özümüz də yüngülləşmişik. Görün, bizim Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini yazıb. 43 ölkədə tamaşaya qoyulub. Ondan danışmırlar, iki milyon baxışı olan dəxlisiz müğənnidən danışırlar.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri