23 
Yan
2015
17:21
126
654
49834
Virtual karabakh

Canlı efirdə Azərbaycan manatını cıran qızları hansı cəza gözləyir?

23 Yan, 2015
17:21
49834

Canlı efirdə Azərbaycan manatını cıran qızları hansı cəza gözləyir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Manatla bağlı Konstitusiyamız nə deyir?

Bu gün Azərbaycan cəmiyyətində, mətbuatında ən geniş müzakirə olunan məsələlərdən biri yerli telekanallardan biri olan “Xəzər TV”nin efirində baş vermiş insident oldu.

Belə ki, həmin telekanalda yayımlanan “Hər şey daxil” verilişinin aparıcıları, müğənni Sevil-Sevinc bacıları Azərbaycanın milli valyutasına qarşı təhqiramiz sayılacaq bir hərəkətə yol veriblər.

Belə ki, efirə başlayar-başlamaz mahnı oxuyan qızlardan biri operatorun onlara uzatdığı manatı alaraq, cırmağa, parçalara bölməyə başlayır və nümayişkaranə şəkildə yerə atır.

Digər bacı onun bu hərəkətinin nə dərəcədə yanlış olduğunu əl və göz işarələri ilə göstərmək istəyir, lakin faydasız...

Milli valyutasına qarşı nümayişkaranə şəkildə edilən bu təhqiramiz hərəkət azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin qarşılandı. Ən azından sosial şəbəkələrdə bu aparıcılar, veriliş, ümumiyyətlə efirində belə bir hərəkətin yer almasına imkan yaratmış “Xəzər TV” barədə kifayət qədər maraqlı şərhlər yer almışdı.

İnsanların cavab tapmaq istədiyi sual isə belə səslənirdi: Bu hərəkətə görə həmin aparıcılara nə cəza veriləcək?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Teleradio Şurasının sədr müavini Qafar Cəbiyev bildirib ki, ölkədə bu gün efirə gedən verilişlər sabah təhlil olunur.

“Mən şəxsən o verilişə baxmamışam. Sabah həmin veriliş təhlil olunacaq. Bu, çox xoş olmayan bir haldır. Hər kəsə toxunan bir haldır. İstənilən halda Şura bu məsələni araşdıracaq, ən azından öz iradını bildirəcək. Bu barədə kollegial şəkildə qərar çıxarılacaq. Efirdə gedən hər bir məsələ nəzarətdədir, izlənilir və qiymətləndirilir”, - deyə, Qafar Cəbiyev vurğulayıb.  

MTRŞ-in yəqin ki, sabah yayımlanacaq rəyini gözləməkdə olaq, və keçək məsələnin hüquqi tərəfinə.

Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycanın milli valyutası olan manat Azərbaycan Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır və dövriyyədən çıxarılır. AMB isə dövlətin mülkiyyətindədir. Belə olan halda, düşünmək olar ki, Azərbaycan manatı da dövlətin mülkiyyətindədir və ona qarşı hər hansı bir qanundankənar hərəkət dövlət əmlakına zərər vurulması kimi sayıla bilər.

Bəs qanunvericilik bu barədə nə deyir?

Azərbaycan Mərkəzi Bankı bu gün yalnız manatın bazara buraxılması, bazarda təmiz pul siyasətinin həyata keçirilməsi (yəni, dövriyyədə olan çirkli pulların tez bir zamanda ləğvi, yeniləri ilə əvəzlənməsi və s.), manatın məzənnəsinin tənzimlənməsi ilə məşğul olur, yəni, bu baxımdan qanunvericilikdə boşluq var – Azərbaycanda Mərkəzi Bankın dövriyyəyə buraxdığı manatın bilərəkdən korlanmasına qarşı hansısa bir məsuliyyət nəzərdə tutulmur. Milli valyuta onu dövriyyəyə buraxmış AMB-nin, yəni dövlətin deyil, həmin pulu maaş şəklində alaraq, cibində gəzdirən şəxsin mülkiyyətindədir. Həmin şəxs istəsə o pulu yandırar da, cırar da, atar da... Qanun buna görə hər hansı bir məsuliyyətin olmasını nəzərdə tutumur, Azərbaycan manatı Azərbaycanın himni, gerbi, bayrağı kimi dövlət rəmzlərinin sırasında deyil və qorunmur...

Amma çox təəssüf.. Ən azından milli valyuta ölkənin milli, siyasi, iqtisadi müstəqilliyinin əlamətlərindən biridir və onun da milli rəmzlərin sırasında olması, qorunması alqışlanan bir hal ola bilərdi. Ümid edirik ki, hörmətli millət vəkillərimiz parlamentin növbəti iclasında qanunvericilikdə olan bu boşluğun doldurulması üçün yeni qərar qəbul edəcəklər.

Belə bir hərəkətə, bu hərəkəti etmiş insana qarşı isə yalnız bircə effektiv yol qalır ki, onun da adı bu gün geniş müşahidə olunan ictimai qınaqdır.  

Bəs ictimai qınaq nə deyir? Azərbaycanlı sosial şəbəkə istifadəçilərin yazdığı şərhlərə əsaslanıb, onların öz dili ilə desək, bu hadisədə ən çox qıcıqlandıran məqam “uğrunda minlərlə insanın canından keçdiyi bir dövlətin milli valyutasının hərəkətindən savadının o qədər də dərin olmadığı görünən iki aparıcı-müğənni tərəfindən nümayişkaranə şəkildə cırılmasından” (sosial şəbəkə istifadəçilərindən birinin yazdığı şərh tam belə səslənirdi) ibarətdir.

Əlbəttə, anlamaq olar, pul dəmirdən deyil, kağız parçasıdır, olur hərdən onu cibimizdən çıxardıqda ehtiyatsızlıq edib cıra bilərik, yaxud evdə uşaq pulla oynaya və onu cıra bilər... Uşaqdır, uşağı qınamalı deyilik axı. Lakin bu hərəkətin televiziya efirində, canlı yayımda, minlərlə tamaşaçı qarşısında edilməsi... Qanunda boşluq ola bilər, lakin bizim başımıza nə gəlib? – manat hər bir azərbaycanlı üçün milli valyutadır, bu gün dünyanın ən sabit valyutalarından biri kimi tanınan bu valyuta canlı efirdə hansısa aparıcı tərəfindən cırılırsa, belə deyək, qıraqdan baxan nə düşünəcək?

Özünü bu qızların prodüseri kimi təqdim edən Mehri adlı şəxsin söylədiyinə görə, Sevil və Sevinc bu hərəkəti bilməzlikdən, “uşaqlıqdan” ediblər, “qızlar buna görə üzr istəyəcəklər”... Gözləyək, ümid edirik ki, bu iş gecikməz, etdikləri hərəkətin nə dərəcədə yanlış olduğunu anlayan (buna ümid edirik) Sevil və Sevinc xalq qarşısına çıxıb günahlarının bağışlanmasını istəyəcəklər.

Bəs bacılardan biri nə üçün belə etdi? Qəsdənmi? Xalqının, millətinin, dövlətinin düşməni olduğu üçünmü? Əsla! Bunun bir səbəbi ola bilər – SAVADSIZLIQ. Bəli, adi, bayağı bir savadsızlıq... Razılaşın, normal bir təhsili, savadı olan şəxs etdiyi hərəkətin mənasını dərk edərdi və heç zaman milli valyutasını bütün dünyanın gözü qarşısında bu şəkildə alçaltmazdı... Deyilmi?

Ümid ediri ki, tez bir zamanda “Xəzər TV”nin rəhbərliyi, səlahiyyətli əməkdaşları bu məsələ ilə bağlı açıqlama verəcək, bu yanlışlığa yol verilmiş aparıcıları tənbeh edəcək, cəzalandıracaq və (inanmaq çətin olsa da) efirdən kənarlaşdıracaq. Gəlin razılaşaq ki, milli valyutanın, milli pulun, uğrunda minlərlə insanın şəhid olduğu bir dövlətin milli pulunun qədrini bilməyən şəxslərin efirdən xalqa ağıl öyrətməsi, aparıcılıq etməsi heç də düzgün deyil.

Zaur Həsənzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri