15 
Apr
2015
10:27
144
33
15174
Virtual karabakh

“Ağsaqqal”: Özümü ciddi rolda təsəvvür etmirəm – FOTO + VİDEO

15 Apr, 2015
10:27
15174

“Ağsaqqal”: Özümü ciddi rolda təsəvvür etmirəm – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ola bilər ki, onlar özləri özlərini tanıyanda bir az utansınlar”.

Oxu.Az “Bozbash Pictures”in sevilən obrazlarından biri - “Ağsaqqal”ı yaradan Azər Baxşəliyevlə müsahibəni təqdim edir.

- Aktyor kimi həyatda kompleksləriniz varmı, yəni hər kəslə ünsiyyət qura bilirsinizmi?

- Əgər bir insandan xoşum gəlirsə, onunla rahat ünsiyyətə girə bilirəm. Yəni bu baradə heç bir kompleksim yoxdur. Çalışıram xoşuma gəlməyən insanlarla ünsiyyətdə olmayım. Aktyor kimi kompleksim yoxdur. Bəlkə də ona görə ki, mən peşəkar aktyor deyiləm. Tamamilə başqa sahə üzrə təhsil almışam. Aktyorluq isə daha çox xobbidir.

- Elə bir qəhrəman varmı ki, onu özünüzə yaxın bilmisiniz və onu oynamaq arzunuz güclüdür?

- Xeyr, elə bir qəhrəman yoxdur. Yəni mən özümü Otello ya da Hamleti oynayan aktyor kimi görmürəm. Oynadığım personajlar sırf improvizədən yaranan obrazlardır. Məndən əvvəl bir neçə aktyorun oynadığı rolu oynamaq istəməzdim.

- Rejissorlardan ciddi rola təklif gələrsə çəkilərsinizmi?

- Yəqin ki, yox. Çünki mən hər ciddi bir ssenaridə gülməli bir məqam tapıb onu dəyişəcəyəm. Bu, özümdən asılı deyil. Həm də ciddi rol üçün bu sahədə peşəkar aktyor olmalısan. Mən isə aktyorluğa ŞHK-dan gəlmişəm. Ona görə də özümü ciddi rolda təsəvvür etmirəm.

- “Bozbash Pictures”də sizcə, ən çox hansı obraz sevilir?

- “Bozbash Pictures”də bütün obrazlar sevilir. Bunu söz xatirinə demirəm. Bu, doğrudan da belədir. Hər obrazın öz tamaşaçısı var. “Bozbash Pictures”in baxılma və sevilmə səbəblərindən biri odur ki, orada bir-birindən tam fərqli obrazlar var. Amma ümumi götürsək, “Bozbash Pictures” deyən kimi hamı Fəlakətin sözünü deyir: “Əla, Əla” (gülür).

- “Bozbash Pictures”ə bir müddət Əzəmət obrazı ilə qatıldınız. Bəs, onun aqibəti necə oldu?

- Əzəmət yaxşıdır. Eşitdiyimə görə Dubayda restoran biznesi ilə məşğuldur.Ola bilər ki bu yaxınlarda yenə də gəlib qohumlarına baş çəksin (gülür).

- Heç olubmu ki, yaratdığınız obrazdan utanasınız?

- Xeyr, heç utandığım olmayıb. Bizim obrazların hamısında mətnaltı satira var. Bu obrazlar hamısı həyatdan götürülmüş bir neçə insanın birləşməsidir. Belə insanlar həqiqətən də bizim cəmiyyətdə var. Ola bilər ki, onlar özləri özlərini tanıyanda bir az utansınlar. Ən yaxşı halda isə bundan müsbət nəticə çıxartsınlar.

- Seriala çəkilməyiniz maddi tərəfdən əlinizdən tutur. Amma sizin üçün mənfi tərəfləri də varmı?

- Mənfi cəhət şəxsi həyata vaxtın az qalmasıdır. Həftənin yarısını biz Bakıda olmuruq, ya rayonlarda, ya da yolda oluruq. İstirahətə və öz işlərimizlə məşğul olmağa vaxtımız olmur.

- Subaylığın daşını nə zaman atacaqsınız?

- Bayaq dediyim kimi hələ vaxt yoxdur. Sözün düzü, hələ heç qız da yoxdur. Olan kimi xəbər edəcəyəm (gülür).

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri