Okt
2015
14:45
385
680
8304
Virtual karabakh

Murad Arif: Deputat olmağa iddialıyam – MÜSAHİBƏ + FOTO

9 Okt, 2015
14:45
8304

Murad Arif: Deputat olmağa iddialıyam – MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sən müxbirini dolandıra bilmirsən deyə, cəmiyyətin zövqünü korlamalısan?”.

Budəfəki müsahibimi sizə necə təqdim edəcəyimi bilmirəm. Çünki o, necə deyərlər, on barmağında on mərifəti olan bir insandır. Gəlin, əvvəlcə onun qısa tərcümeyi-halını nəzərinizə çatdırım.

O, 1981-ci ilin 27 sentyabrında Sumqayıtda dünyaya göz açıb. Əvvəl Sumqayıt şəhər 15, sonra isə 28 saylı məktəbdə oxuyub. 5-ci sinfədək rus bölməsində, sonra isə Azərbaycan bölməsində təhsil alıb.

2002-ci ildən ölkənin bir çox radio və televiziyalarında DJ və aparıcı kimi çalışıb.

Daha sonra tamaşaçılar onun daha fərqli istedadına bələd oldular. Prodüser, bəstəkar və son vaxtlar isə müğənni. Beləliklə, söhbət teleməkanın sevimli siması Murad Arifdən gedir.

Onu da qeyd edim ki, o, həm də İctimai kanalın tanınmış aparıcısı Könül Arifqızının qardaşıdır.

Oxu.Az Murad Ariflə müsahibəni təqdim edir:

- Jurnalist, müğənni, bəstəkar və prodüser. Bu dörd peşə ortaq məxrəcə incəsənətdə gəlsə də bunların hər birini eyni anda daşımaq çətin deyil ki?

- Xeyr. Hamısı musiqi ilə əhatələnir. Musiqiyə aid nə varsa məmnuniyyətlə edirəm. Musiqi bəstələyirəm, musiqilərə söz yazıram, musiqini ifa edirəm, musiqiçilərlə verilişlər, layihələr təqdim edirəm. Musiqi mənə görə ortaq məxrəcdir. Təpədən dırnağa, bütün varlığımla musiqinin içindəyəm.

- Bundan 5 il sonra özünüzü necə görürsünüz?

- Musiqinin içində, Azərbaycanın ən uğurlu sənətçilərindən biri kimi.

- Murad Arif üçün hansı mövzuda danışmaq asan, hansı mövzuda danışmaq isə çətindir?

- Şəxsi mövzuda danışmağı sevmirəm. Başqa hər mövzuda deyəcəklərim ola bilər.

- İşinizi yaxşı görmək üçün sizi motivasiya edən nədir?

- Arzularım və ailəm.

- Son bir neçə gün ərzində MTRŞ bəzi verilişlərin yayımının dayandırılması ilə bağlı qərar verdi. Hətta iş o yerə gəlib çatdı ki, cərimələr də tətbiq edildi. Bu barədə sizin də fikirlərinizi bilmək maraqlı olardı…

- Bağlanan verilişlərə şəxsən heç bir iradım yoxdur. Həmkarlarıma da gələcəkdə uğur arzulayıram. Ümumi bir fikir söyləmək istərdim. Bəzi kanal rəhbərləri işçi qüvvəsini dolandırmaq bəhanəsi ilə insanların zövqünü korlamağa bəraət qazandırır. Belə olmaz. Sən operatorunu, müxbirini dolandıra bilmirsən deyə, cəmiyyətin zövqünü korlamalısan? “Efir vaxtını ardıcıl filmlər, oğurlanmış əcnəbi kliplər, bir də aşağı səviyyəli verilişlərlə doldurma! Ya keyfiyyətli proqramlar ver, ya da bağlan!” deyə bir tələb çoxdan qoyulmalı idi. İnşallah bizdə də, format və təmayülünə görə fərqlənən telekanallar olar. Klip-musiqi verilişləri kanalı, Kino kanalı, Elm-təhsil kanalı, Uşaq kanalı, Xəbər kanalı və s. olmalıdır.

- Jurnal oxumaqla aranız necədir?

- Yalnız internetdən oxuyuram.

- “National Geographic Azərbaycan” dərgisi haqqında nə qədər məlumatlısınız? (red. - dünyaca məşhur “National Geographic” brendi Azərbaycana 2014-cü ilin mart ayında “Garant Media Holding”in təşəbbüsü ilə gətirildi və “National Geographic Azərbaycan” jurnalı ilk buraxılışını həmin il sentyabrın 1-də Heydər Əliyev Mərkəzində təntənəli şəkildə təqdim etdikdən sonra dərgi ölkənin bütün satış nöqtələrinə çıxarıldı).

- Belə dərgilərin ölkəmizdə tirajlanması təqdirəlayiqdir. Bizim evdə “National Geographic” kanalı davamlı izlədiyimiz kanaldır. Amma hələ ki jurnalına abunə deyiləm.

- Milli Məclis seçkilərinə sayılı günlər qalıb. MSK-nın son məlumatına görə namizədliyini irəli sürən 1190-dan çox adam qeydiyyatdan keçib. Sizin üçün deputatlığa ən real namizəd (namizədlər) kimdir?

- Arasında dostlarım və yaxınlarım çox olduğu üçün ayrıseçkilik etmək istəmirəm. Xalqa faydalı olan qazansın.

- Şou-biznes nümayəndələri arasında deputat olmaq iddiasında olanlar seçkiqabağı gündəmdən düşmək bilmir. Sizin belə bir iddianız yoxdur ki?

- İddia da var, inam da var. Sadəcə, bu gün musiqidə görmək istədiyim layihələr daha önəmli gəlir. Məncə, hələlik sırf bu işimlə cəmiyyətə daha faydalıyam.

- Əgər diplomat kimi fəaliyyət göstərsəydiniz, hansı ölkədə səfir kimi işləmək istərdiniz?

- İsveç. Mənim ikinci vətənim sayıla bilər.

- Hansısa vəzifə sizi sənətdən uzaqlaşdıra bilərmi?

- Yox. Yaradıcılıq tutduğun vəzifəyə baxmır. Mahnılar sevgi kimidir. “Gəlirəm” demədən gəlir... Nəğmələrimi sevənlərə təqdim etmək, yazıb-oxumaq həvəsinə “dur” demək olmur.

- Bu yaxınlarda Bakıda gənc oğlan sevdiyi qıza evlilik təklifi etmək üçün qaldırıcı kranla 9-cu mərtəbəyə qalxıb və ona gül hədiyyə edib. Bəs sizin xanımınıza evlilik təklifi necə olub?

- Özünə heç bir evlilik təklifi olmayıb. Biz sadəcə 4 il idi ki, bir-birimizi sevirdik. Və günlərin bir günü hazırlaşıb təkbaşına onun yaşadığı İsveçə uçdum, atası və qardaşıyla tanış olub niyyətimi söylədim. Razılıq aldıqdan sonra Stokholmun mərkəzində, Kral Sarayı yaxınlığındakı zərgərlik dükanından üzük aldım və nişanlandıq. Toyumuz isə Bakıda baş tutdu.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri