20 
Apr
2013
17:37
36
7
27016
Virtual karabakh

Azərbaycanın avtomobil sürücüləri üçün xoş sürpriz

20 Apr, 2013
17:37
27016

Azərbaycanın avtomobil sürücüləri üçün xoş sürpriz

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu yaxınlarda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) “AvtoFM” radiosu işə başlayacaq.

Yeni radio kanalı əhalini yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlandırmaq, vətəndaşları birbaşa olaraq Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin fəaliyyəti barədə maarifləndirmək, geniş əhali kütləsini sistemin işləmə mexanizmini ətraflı öyrənməyə sövq etmək, NİİM-də olan məlumatı ictimaiyyətlə paylaşmaq məqsədi daşıyır.


NİİM-in baş direktoru Elnur Abdullayev yeni yaradılacaq radionun fəaliyyəti barədə AzərTAc-ın suallarını cavablandırıb.

- Elnur müəllim, bu günlərdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radiotezliyin ayrılması barədə xəbər yayıldı. Verilən məlumata görə, radio yayımı 107.7 FM dalğasında gerçəkləşəcək.

- Tamamilə doğrudur. Aprel ayının ilk günlərində Milli Televiziya və Radio Şurası bizim Mərkəzə 6 il müddətinə 107.7 FM tezliyini təqdim edib. Bildiyiniz kimi, Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən NİİM Prezident İlham Əliyevin göstərişi əsasında yaradılmış və açılışı 2011-ci ilin dekabr ayında olub. Bizim Mərkəz nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin səviyyəsinin artırılması, ictimai nəqliyyat hərəkətinin tənzimlənməsi, ictimaiyyətin yollardakı vəziyyət haqqında operativ şəkildə məlumatlandırılması və NİİM tərəfindən toplanılan məlumatın əhali ilə paylaşılması məqsədilə yaradılıb.

Dövlətimizin başçısı müsahibələrin birində qeyd edib: “İnformasiya-kommunikasiya texnologiyaları intensiv inkişaf edən və Azərbaycan iqtisadiyyatının ən perspektiv seqmentidir”. Azərbaycan Prezidenti, həmçinin vurğulamışdır: “İKT daxil olmaqla, yeni texnologiyaların inkişafı Azərbaycanın fərqləndirici cəhətlərindən və bizim uğurlu gələcəyimizin təminatçılarından biridir”.

Bu gün NİİM ölkəmizin ən böyük İKT layihələrindən biridir. Radioyayım vasitəsilə Mərkəzin imkanlarının gücləndirilməsi qarşımıza qoyulan məqsədlərə çatmaq üçün prioritet addımlardan biridir. Təsadüfi deyildir ki, bu hadisə Prezident İlham Əliyevin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etdiyi 2013-cü ilə təsadüf edir.

- Yeni radio dinləyicilərə nələri vəd edir?

- Radiostansiya “AvtoFM” adlanacaqdır və əsasən, sükan arxasında olan dinləyicilər üçün nəzərdə tutulur. Bu auditoriya şəhər yolları barədə operativ məlumatlar əldə edəcək. Dünyanın bir çox inkişaf etmiş ölkələrinin şəhərlərində belə formatda radiolar fəaliyyət göstərir və adətən onlar ən yüksək reytinqə malik olurlar. Biz 107.7 FM-in Azərbaycanda ən populyar radiolardan biri olması üçün əlimizdən gələni edəcəyik. Bu məqsədlə peşəkarlardan ibarət komandanı işə cəlb etmişik.

- Radionun formatı necə olacaqdır?

- Radio ümumi formatda olacaq və biz dinləyicilərimiz sırasında sürücülərdən əlavə, avtobus və taksi sərnişinlərini də görürük.

Xatırlatmaq istərdim ki, nəqliyyat naziri Ziya Məmmədov “The Business Year” jurnalına verdiyi müsahibədə sərnişindaşımanın və təhlükəsizliyin keyfiyyətinin artırılması üçün ölkəyə 2720 böyük və ortatutumlu sərnişin avtobusunun idxal edildiyini bildirib. Bakı şəhərində xidmətlərin keyfiyyətini artırmaq üçün 1000-ə yaxın London taksisi gətirilmiş və gələcəkdə onların sayının 3000-ə çatdırılması planlaşdırılır.

Beləliklə, yollardakı vəziyyət barədə məlumatdan əlavə radiostansiyanın efirində müxtəlif məzmunlu verilişlər, hədiyyəli viktorinalar və şübhəsiz, həm milli, həm də xarici musiqi yayımlanacaqdır.
Ümumiyyətlə, “AvtoFM” hər hansı bir musiqi janrını əsas tutmur və zövq oxşayacaq musiqi yayımlayaraq daha geniş dinləyici seqmenti əhatə etməyə çalışacaqdır. Radionun efiri kifayət qədər dinamik olacaqdır. Bizim üçün əhəmiyyət daşıyan gənc dinləyici seqmentinin interaktivliyi sosial şəbəkələr vasitəsilə təmin ediləcəkdir.

Avtomobil və avtobusdan düşən dinləyicilər sevimli dalğada qalmaq üçün mobil proqram təminatı vasitəsilə “AvtoFM”ə telefon və planşetlərdə də qulaq asa bilərlər.

Bildiyiniz kimi, hazırda Azərbaycanda 10-a yaxın radiostansiya fəaliyyət göstərir. Bu gün ictimai nəqliyyatın fəaliyyətində dəyişiklik, aparılan təmir-tikinti işləri, yolların vəziyyəti və yollardakı son durum haqqında ictimaiyyəti məlumatlandırmaq məqsədilə Mərkəzimizdən “Jazz FM” və “106 FM”in müxtəlif verilişləri çərçivəsində canlı bağlantılar təşkil olunur. Qeyd edim ki, peşəkar radio heyəti qarşısında “AvtoFM”in ən populyar radiolar sırasına daxil olmaq məqsədi qoyulub. Bununla bərabər, əhəmiyyətli və faydalı məlumatları daha böyük auditoriyaya çatdırmaq üçün biz digər radiodalğalar ilə tərəfdaşlığı da davam etdirəcəyik.

Azərbaycan Xəbərləri 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri