11 
Fev
2016
17:10
30
52
10616
Virtual karabakh

Kamran Nəbizadə: Gələcəklə bağlı çoxlu planlarım var – MÜSAHİBƏ

11 Fev, 2016
17:10
10616

Kamran Nəbizadə: Gələcəklə bağlı çoxlu planlarım var – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mən hər hansı bir işi görəndə tək özümü düşünmürəm.

Oxu.Az Milli Məclisin deputatı Kamran Nəbizadə ilə müsahibəni təqdim edir.

- İqtisadçı və  millət vəkili olan Kamran Nəbizadə, sizi millət vəkili olaraq tanıyırıq. Ancaq sizi daha yaxından tanımaq üçün bir az keçmişə qayıdaq.

- Mən 1971-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. Ailədə iki uşağıq, məndən iki yaş balaca bacım var. Atam Azərbaycanın tanınmış neft mühəndisi Telman Nəbiyev 1957-ci ildən 1999-cu ilə qədər neft sənayesində müxtəlif vəzifələrdə çalışmışdır. 1970-ci ildən 1985-ci ilə qədər Zaqafqaziya Magistral Neft Kəmərləri İdarəsinin rəisi işləyib. Anam uzun illər Tibb Texnikumunda ədəbiyyat müəllimi çalışıb, bacım isə tibb sahəsində çalışır, tibb elmləri namizədidir. Ailəliyəm, üç oğlum var.

Mənim babam Əsəd Nəbiyev 50 ilə yaxın ölkəmizin təhsil sistemində çalışmış, 1930-50-ci illərdə Qazaxın bir neçə kəndində məktəb direktoru, Vətən Müharibəsi illərində Qazaxın maarif şöbəsinin müdiri vəzifəsində çalışıb, coxsaylı ziyalılar ordusunun formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir. Babam Osman Sarıvəllinin, Mehdi Hüseynin yaxın qohumu, sirdaşı olub.

- Ziyalı ailədə doğulan biri elə uşaqlıqdan da düşünür ki, kim olacaq, hansı peşəni sevib seçəcək!

- Mən Bakının 6 saylı orta məktəbində oxumuşam, uşaqlıqdan humanitar fənlərə daha üstünlük vermişəm. O vaxtı arzum diplomat olmaq idi, Moskva Dövlət Xarici Əlaqələr İnstitutunun (MGİMO) xarici iqtisadi əlaqələr fakültəsinə daxil olmaq istəyirdim, amma həmin il bu instituta Azərbaycandan tələbə göndərməmək qərarı qəbul edilmişdi.

Buna görə də mən sənədlərimi Lomonosov adına Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə təqdim etdim, müvəffəqiyyətlə qəbul imtahanlarını verdim və 1992-ci ildə bu təhsil ocağını bitirdim. 1993-cü ildə Amerika Birləşmiş Ştatlarının Hyuston Universitetində “Neft və qaz sənayesinin maliyyə sistemi” 3 aylıq təlim kurslarını, 2001-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasını bitirdim. İxtisasca iqtisadçıyam, maliyyə və vergi sistemi üzrə mütəxəssisəm. Uşaqlıqda diplomat olmaq istəsəm də nəticədə iqtisadçı olmağıma heç da peşman olmamışam.

- İlk iş təcrübəniz, çalışdığınız yer hara olub?

- İlk işim Dövlər Neft Şirkəti olub, uzun illər bu qurumda çalışmışam. 1993-cü ilin əvvəlindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsində aparıcı mütəxəssis, baş mütəxəssis, şöbə müdirinin müavini, maliyyə xidmətinin rəisi vəzifəsində işləmişəm.

Daha sonra iş fəaliyyətimi 1997-ci ildə “LUKOİL Marine İnternational Ltd” şirkətinin vitse-prezidenti və Azərbaycanda bu şirkətin baş nümayəndəsi vəzifəsində davam etdim. 2006-cı ildə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində İqtisadiyyat və Uçot Departamentinin rəis müavini təyin olundum. 2007-ci ildə sahibkarlıq fəaliyyətinə başlamağa qərar verdim və NKH şirkətinin İdarə Heyətinin sədri seçildim.

- Şirkətin fəaliyyəti nədən ibarət idi? Daha çox hansı layihələrə üstünlük verirdiniz?

- Rəhbərlik etdiyim şirkət inşaat və maliyyə sahələrində biznes fəaliyyəti göstərirdi, Azərbaycanın müxtəlif iri həcmli tikinti layihələrinin reallaşdırılmasında iştirak edirdi. Bu gün şirkət Azərbaycanın müxtəlif şəhərlərində sənaye, yaşayış binalarının, məktəb və xəstəxanaların tikintisində, park və bağların abadlaşdırılmasında, enerji, qaz və su təchizatı sistemlərinin quraşdırılmasında böyük təcrübə qazanıb, ölkənin inkişaf yolunda, az da olsa öz töhfəsini verib.

- Diplomat olmaq istəyirdiniz, iqtisadçı olaraq dövlət işi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmusunuz. Millət vəkili seçilməkdə əsas məqsədiniz nə idi?

- Mən hər hansı bir işi görəndə tək özümü düşünmürəm, həm də ətrafımda olan insanları düşünürəm, onların problemləri ilə maraqlanıram. Digər tərəfdən, həm nəzəri, həm də praktiki cəhətdən iqtisadçı kimi təcrübə yığdım. Və bunları nəzərə alaraq düşündüm ki, əldə etdiyim  potensialı məhz millət vəkili kimi Ali qanunvericilik orqanın fəaliyyətində istifadə edim, insanların problem və qayğıları ilə yaxından maraqlanım və həlli yollarını axtarım.

Beləliklə, 2015-ci il noyabrın 1-də keçirilən parlament seckilərində 107 saylı Qazax seçki dairəsindən öz namizdəliyimi irəli sürdüm. Başladıq təbliğat kampaniyasına, əhali ilə daha yaxından ünsiyyətdə oldum, 20 gün ərzində bütün rayonun kəndlərini ziyarət edirdim, bəzilərində 2 dəfə oldum, bu kəndlərin sakinlərini ən çox narahat edən problemlər haqqında səmimi söhbət etdik, gələcəkdə görülməli işlərin əsas istiqamətlərinin özüm üçün müəyyən etdim. Qazaxlılar mənə səslərini etibar etdilər, mən buna görə Qazax camaatına minnətdaram və çalışacam onların etimadını doğruldum.  

Qazax rayonunun kəndlərinin əksəriyyəti Ermənistanla sərhəddə yerləşir, bir çox kəndi düşmənin hərbi mövqeləri ilə cəmi 100-200 metr məsafə ayırır və mən məhz o kəndlərdən öz təşviqat kampaniyamı başladım. Bu kəndlərin sakinləri əsl qəhrəmandılar və onlara hər zaman dəstək vermək lazımdır, ən əsası da ictimaiyyətin mənəvi dəstəyi.

- Əsas problem nə idi rayonda? Və o problem bu gün həllini tapıbmı?

- Uzun illər Azərbaycanda iqtisadiyyatın inkişafı, təbii ki, Qazaxda da öz əksini tapmışdır. Dövlət quruculuğu, iqtisadiyyat, təhsil, mədəniyyət, səhiyyə sahələrində geniş və çoxsahəli işlər aparılmışdır. Bir göstəricini mən hər zaman misal gətirirəm, Qazax əhalisinin qaz və elektrik enerjisi ilə təminatı 98% təşkil edir və ölkədə bu göstərici üzrə birinci sıralardadır.

Bununla yanaşı bəzi həll olunmayan məsələlər qalıb, ən əsası su və suvarma suyunun qıtlığı, dörd kənddə yolun dəmək olar ki olmaması, iki kənddə orta məktəbin təmirə ehtiyacı olması.

Prioritet məsələlərdən biri kənd təsərrufatının və sahibkarlığın inkişafıdır, nəticədə yeni iş yerlərin açılmasıdır ki, buda insanları ən çox narahat edən işsizlik problemini həll edə bilər. Bu məsələlərin həlli yolunu, əlbəttə ki reallaşdırmağa çalışacayıq. Millət vəkili səlahiyyəti üzrə bu məsələləri həll etmək iqtidarında deyil, amma bu problemlərin icra orqanların qabağında qaldırmaq onun borcudur. İnanıram ki, bütün məsələlər öz həllini tapacaq.

- Bu gün Azərbaycan gəncliyinə nə kimi töhfə verə bilirsiniz?

- Mən indiyənədək olan fəaliyyətimdə hər zaman çalışmışam ki, gənclərlə təmasda olum, problemlərini öyrənim və lazım olanda məsləhətimi də verim. Gənclər müxtəlif sahələrdə çox maraqlı ideyalarla zəngindirlər, səmərəli layihələri cəmləmək və həyata keçirtmək gənclərə əsas dəstək üsuludur. Bu baxımdan çox vacib sahələrdən biri də elmdir. Mən düşünürəm ki, gəncləri elmlə məşğul olmağa daha da maraqlandırmaq lazımdır, xarici dilləri öyrənmək mütləq bir şərt olmalıdır.

Ölkə daxilində Azərbaycanın tarixini, mədəniyyətini və milli dəyərlərini araşdıran və təbliğ edən bir çox elmi əsərlər və kitablar nəşr olunub. Amma bu yalnız daxili oxucu auditoriyanı əhatə edir, bizə bu sahələrdə həm də çoxlu sayda ingilis və rus dilində nəşr olunmuş elmi araşdırmalar tələb olunur ki, Azərbaycan həqiqətlərini 1 milyardlıq ingilis dilli və 300 milyonluq rus dilli auditoriyaya çatdırılsın.

Bu sahədə mən Həydər Əliyev Fondunun möhtəşəm fəaliyyətini qeyd etmək istərdim, Azərbaycanın və onun irsinin xaricdə tanınmasına və geniş təbliğinə görə Fondun prezidenti Mehriban xanım Əliyeva bir vətəndaş kimi dərin minnətdarlığımı bildirmək istəyərdim. Elm sahəsində Azərbaycan Respublikasının Prezidentinin yanında Elmin İnkişafı Fondu da çox işlər görür, əhəmiyyətli elmi araşdırmalar üçün qrantlar ayrılır.

Bu illər boyu minlərlə azərbaycanlı gənc xaricdə təhsil almaq üçün dövlət tərəfindən Amerikanın və Avropanın nüfuzlu universitetlərinə yollanılıb. Bunların hamısı gənclərin elmlə daha da fəal məşğul olması üçün zəmin yaradır. Elmi araşdırmaların sayı artmalıdır və xarici dillərə tərcümə olunub, dünyanın müxtəlif aparıcı universitetlərində və elmi qurumlarında yayılmalıdır. Gənclər gələcək Azərbaycanın taleyini həll edəcəklər, ona görə də bu gün ölkənin istər ictimai siyasi, istər iqtisadi, istər digər sahələrdə daha da fəal iştirak etməlidirlər və onlar üçün yaradılan imkanları dəyərləndirməlidirlər!

- İdmanla necə məşğul olursuz?

- Uşaqlıqda futbol oynamağı xoşlayırdım, Moskvada tələbə olanda bir müddət sərbəst güləşlə məşğul oldum. Əfsuslar olsun ki, indi idmanla məşğul olmağa çox vaxt ayıra bilmirəm, amma imkan düşən kimi üzgüçülük hovuzuna gedirəm.

- Gələcək planlarınızda problemlərin həll yolu varmı?

 - Gələcəklə bağlı çoxlu planlarım var. Bir deputat kimi ən əsas məqsədim Qazax mahalını Ali qanunvercilik orqanında layiqincə təmsil etməkdir. Bu müstəvidə, bütün planlarım Qazax rayonu ilə bağlıdır və çox istərdim ki, Qazaxın hər bir kəndini heç olmazsa, kiçik bir probleminin həll olunmasına nail olum.

Kazımova Nərmin
Foto - Müslüm Mikayilov

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri