27 
Dek
2016
16:22
70
411
24120
Virtual karabakh

Bakıda qaz kəmərində güclü partlayış – VİDEO + YENİLƏNİB

Bakı şəhəri, Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş verən yanğın tam söndürülüb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında başlayan yanğının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əraziyə cəlb edilən 6 texnikası və canlı qüvvənin köməkliyi ilə yanğın tam məhdudlaşıdırılıb.

Qeyd edək ki, SOCAR-dan verilən məlumata görə yanğının söndürülməsi məqsədi ilə həmin xətt lokallaşdırılıb, xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb.

12:21

Bakının Qaradağ rayonu ərazisində bu gün səhər saatlarında iki qaz xəttində baş vermiş partlayış nəticəsində başlayan yanğın davam edir.

Oxu.Az xəbər verir ki, APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Massiv 3” adlanan yaşayış sahəsinin ərazisində baş verən güclü partlayış nəticəsində yaxınlıqda olan yaşayış evlərinin şüşələri sınıb, dam örtükləri qırılıb.

Partlayış baş verən ərazinin 300 metrliyində polis postu qurulub. Media nümayəndələri təhlükəsizlik məqsədilə əraziyə buraxılmır.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası yanğının qarşısını almaq üçün tədbirləri davam etdirir.

11:25

Bakıda qaz kəmərində baş verən partlayış nəticəsində xəsarət alan olmayıb.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Məlumatda bildirilib ki, hadisə qaz kəmərinin Bakı-Ələt yolunun 43-cü kilometrliyində, dağlıq ərazidən keçən hissəsində qeydə alınıb. Əraziyə FHN-in 5 yanğınsöndürən texnikası cəlb edilib.

Məlumata görə, əvvəlcə partlayış müşahidə edilib, daha sonra yanğın olub.

“Hadisə yaşayış məntəqələrinə yaxın ərazidə qeydə alınmadığından, xəsarət alan və ya təxliyə olunan olmayıb”, - FHN-dən bildirilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

11:05

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlının sözlərinə görə, hadisə Səngəçal qəsəbəsinin Əzimkənd adlı ərazisində “Azəriqaz”ın Qaz İxracı İdarəsinin kompressor stansiyasında baş verib. 

Mirvari Qəhrəmanlı vurğulayıb ki, alov evlərə sirayət edib. 

Xəsarət alanlar barədə araşdırma aparılır.

Partlayış güclü olduğundan alov bir neçə metr hündürlüyə qalxıb.

10:51

Bakıda qaz kəmərində partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə Bakı-Ələt yolunun 43-cü kilometrliyində qeydə alınıb. 

Partlayışdan sonra qaz xəttində yanğın başlayıb. Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

E.Ə.
www.oxu.az

Digər Cəmiyyət xəbərləri