12 
Yan
2017
11:00
73
22
15793
Virtual karabakh

Elnarə Rzayeva: Kosmetoloqlar onların “çörəklərini əllərindən aldığımı” düşünürlər

Sirr deyil ki, xidmət sahəsində son iyirimi ildə dinamik inkişaf edən sahələrdən biri də gözəllik industriyasıdır. Lokal bazarda bu vəziyyətin yaranmasına KİV-in səbəbkar olduğunu da deyə bilərik. Razılaşın ki, məhz müxtəlif televiziya proqramları, dəbli jurnallar, internet vasitəsilə dəb industriyanın intensiv təxribatı aparılır. Azərbaycan və xaricdə istehsal olan müxtəlif brendlərin və məmulat xətlərinin olması, yeni trendlər, eləcə də hər bir insanın gözəl və cazibədar görünmək kimi təbii istəyi iqtisadiyyatın gözəllik sektorunun inkişafına gözəçarpacaq təsir göstərib. Bu təsirin nəticəsi kimi isə lokal bazarda gözəllik salonları, art-studiyalar və estetik klinikaların simasında yeni oyunçular meydana gəlib. Onlar bazarın tələblərinə vaxtında cavab vermək üçün rəqabətqabiliyyətlilik prinsiplərinə müvafiq olmaq məcburiyyətindədirlər. 

Təəssüf ki, Azərbaycanda gözəllik-industriyanın nümayəndələrinin fəaliyyəti qanunvericilik çərçivəsində deyil. Beləliklə də bu nəhəng biznesə nəzarət edilmir, bəzi prosedurlar dönüşü olmayan nəticələrə gətirib çıxarır. Ekspertlərin bu fəaliyyəti qanuniləşdirilməsinə dair müzakirələr apardığı halda, ölkədə bu biznesin qurbanlarının - “sallaq dodaq”lı eybəcər nəslin nümayəndələrinin sayı artır. 

Etiraf etmək lazımdır ki, estetik kosmetologiya inkişaf edir, bu isə tendensiyaları izləməyi çətinləşdirir. İstənilən preparatın nəticəsi müvəqqətidir. Hazırda peşəkar seminar və konfranslarda bütün plastik cərrahlar və dermatokosmetoloqlar polimerə qarşı antigeli icad edən şəxsin Nobel mükafatına layiq görüləcəyini iddia edirlər. 

Bu problem ilə qarşılaşmayan diqqətli oxucu: “Dodaqlardan, burun-dodaq qatlarından, alından, ayaqdan və s. “dolquların” çıxarılması mümkün deyil?” sualını verə bilər. 
Oxu.Az bu sualla, problemin alternativ həllini təklif edən kosmetoloq həkim Elnarə Rzayevaya müraciət edib. 

- Elnarə xanım, yəni hər şey bu qədər pisdir və selikondan praktiki olaraq yaxa qurtarmaq mümkün deyil?

- İş ondadır ki, qialuron turşu əsaslı gel zamanla özü sovrulur, yəni onun təsir müddəti üç aydan bir il yarıma qədərdir. Bu prosesi xüsusi ferment - qialuronidazanın inyeksiyası ilə sürətləndirmək olar. Biopolimer gelə və ya onun növlərinə gəldikdə isə o, nə özü, nə də hansısa terapevtik proseduraların yardımı ilə sovrulmur. Yad cisim cərrahi yol ilə çıxarılmadıqca selikon bədəndə ömürlük qalır. 

Amma bütün “gözbağlama” ondadır ki, cərrahi müdaxilə zamanı gel, yalnız dodağın zəifləmiş toxumaları ilə birgə çıxarılır. Əgər fileri toxumalarsız götürmək mümkün olsaydı, o zaman cərrahlar onu insanın üzünün və bədəninin başqa hissələrindən – alın, yanaq, sinə, ayaq və s. uğurla çıxarardılar. Qeyd etmək istərdim ki, cərrahların işindən az adam razı qalır. Mənim bir çox pasiyentlərim cərrahi müdaxilədən sonra, böyük kəsiklər ilə narazı qaldıqları üçün qəbuluma gəlirlər.

- Bilirik ki, siz selikonun “kokteyl” – inyeksiya yolu ilə aradan qaldırılması kimi alternativ üsuldan istifadə edirsiniz. Bu haqda daha ətraflı məlumat almaq istərdik. Bu yaxınlarda sizin prosedura qarşı çıxış edən silsilə məqalələr dərc edilib. 

- Bəli, mən polimer filerin bədənin istənilən hissəsindən çıxarılması prosedurunu aparıram, bura dodaq, burun-dodaq qatları, ayaqlar və s. daxildir. Adımın ətrafında aparılan bütün bu kampaniyanın məqsədi isə peşə sirrimi açmağıma, daha dəqiq bir neçə seans ərzində qelin sovrulmasına yardım edən fermentin tərkibini söyləməyə təhrik etməkdir. Xüsusilə qeyd etmək istərdim ki, mən dodaqlara forma vermirəm, çünki pasiyentin daha öncə dodaq formasının necə olduğunu bilmirəm. Mən fibrozu aradan qaldırmıram, çünki bu məndən əvvəlki kosmetoloqun məsuliyyətsizliyinin nəticəsidir, belə ki, problemi həll etmək üçün məsələn, pasiyentin ayağına 300 qram gel vururlar! Təbii ki bu prosesdən sonra hüceyrələr ölür və qarşısıalınmaz bir proses – toxumaların çürüməsi prosesi başlayır. Mən şişin, ağrının və göyərmələrin aradan qaldırılması ilə nəticələnən proseduru həyata keçirərək, yad cismi orqanizmdən çıxarıram. Pasiyent rahat hərəkət etməyə başlayır. Mən yüngül reabilitasiya prosesini apara bilərəm, amma daha ciddi tədbirləri müvafiq mütəxəssislər aparmalıdır. 

Bu preparatla işlədiyim bir neçə ay ərzində yardım üçün mənə müxtəlif insanlar müraciət ediblər, onların içində yüksək sosial statusa malik, cəmiyyətdə öz yeri olan savadlı insanlar və media nümayəndələri də var. Məni hərdən sehrli çubuğunu fırlatmaqla onların dodaq və ayaqlarına əvvəlki görünüşü qaytaracaq bir sehirbaz sayan pasiyentlərlə də qarşılaşıram. Amma bu belə deyil, bu səbəbdən də mən hər kəsə xəbərdarlıq edirəm. Zümrüd İbrahimovanın mətbuatda həkim Elnarə Rzayevanın “qurbanı” rolunda çıxış etməsi məni təəccüblədirdi.  

- Prosedurunuzun məhz nəyini bəyənmədi?

- Mən bütün pasiyentlərimə gelin sovrulması üçün bir neçə seansın həyata keçirilməsinin lazım olduğuna dair xəbərdarlıq edirəm. Adətən 2-3 seans kifayət edir. Nəticədən asılı olmayaraq birinci prosedurdan 10-15 gün sonra pasiyentin qəbuluma gəlməsini tələb edirəm. Zümrüd xanım gəldikdə isə o, mənə birinci prosedurdan bir neçə gün sonra zəng edərək, effektin olduğunu dedi, amma qəbula gəlmədi. Qəbula effektin çox az olduğunu və dodaqlarının hələ də dolqulu olduğuna dair ittihamlar ilə bir ay yarımdan sonra gəldi. Mən ona prosedurların davamlı olması və bu prosesin məhz onun tərəfindən pozulduğunu xatırlatdım. Amma o, bir müddət sonra yenidən gələrək səs-küy salıb, ünvanıma təhqir və ittihamlar səsləndirərək, pulunun geri qaytarılmasını tələb etdi. Onun sözlərinə görə, mənim inyeksiyalarımdan sonra atrofiya və irinləmə prosesi başlayıb. Xoşbəxtlikdən məndə sübut kimi prosedurdan “əvvəl və sonra” şəkilləri var idi. Bu şəkillərdə sözlərinin sübutu kimi göstərdiyi dodağının üzərində olan ağ ləkələrin elə əvvəlki şəkillərdə də olduğu görünürdü. Mənə özünü Zümrüdün əri kimi təqdim edən bir kişi zəng edib instagramdakı dr_elnara_ hesabımdakı şəkilləri silməyimi tələb etsə də, mən obyektiv səbəblərdən bunu etmədim. Onun hərəkəti məntiqə uyğun deyil. Bundan başqa o yardım üçün hüquq-mühafizə orqanlarına şikayət əvəzinə, çıxş yolunu 1news.az saytına müraciət etməkdə gördü.  

- Bu kampaniyanın kimin xeyrinə olduğunu hesab edirsiniz?

- Bu çirkin işin arxasında kosmetoloqlar və cərrahlar durur. Onlar hesab edirlər ki, mən onların “çörəyini əllərindən almışam”. Kosmetoloqlar “kokteylin” tərkibini öyrənmək, cərrahlar isə onun qadağan olunmasını istəyirlər. 

- İş ondadır ki, bəzi mütəxəssislər inyeksiyanın gelin tərkibini dəyişə biləcəyi ilə razılaşırlar, amma onun orqanizmdən çıxarılması ilə...

- Üzr istəyirəm, toksinlər orqanizmdən necə çıxır? Əgər onlar bizim orqanizmimizdə qalsa biz ölməliyik. “Kokteylin” məqsədi geli mayeyə çevirməkdir, daha sonra o, orqanizmdən tər və sidik vasitəsilə çıxır. Əgər kimyəvi proseslərin izahı lazımdırsa, mənim ali tibbi təhsilim, bu sahədə yeni olanlara deyil, səlahiyyətli şəxslərə bunu izah etməyə imkan verir. “Kokteylin” özünə gəldikdə isə mən hərəkətlərimdə kriminal xarakterli heç nəyin olmadığını sübut etmək üçün yalnız məhkəmədə, bu “kokteylin” tərkibini açıqlaya bilərəm. 

- Bu preparatın sertifikatlaşdırılması nəzərdə tutulub?

- Bu preparatın keyfiyyətin sertifikatının nə vaxt alması ilə maraqlananlara isə demək istərdim ki, “kokteylin” özünü mən sertifikatlaşdırılmış preparatlardan əldə edirəm.

Başqa sözlə desək, temperatur qalxdıqda həkim, tərkibinə - analgin, novokain və dimedrolun daxil olduğu “kokteyldən” istifadə edir. Kimisə bu kokteylin sertifikatının olduğu və ya həkimdə müalicə məqsədi ilə istifadə etmək üçün lisenziyanın olması ilə maraqlanıb? Yaxud qlükoza və C vitaminini qarışdıranda bu inyeksiya üçün sertifikat tələb edilir? Bu ki cəfəngiyatdır. Əgər məhkəmə icraatı üzrə, ekspert qrupu məndən onun tərkibini səsləndirməmi istərsə, mən bunu edəcəm, digər halda tərkibi səsləndirməyəcəm. Öz cavabdehliyim altında “kokteylə” sertifikatlaşdırılmış preparatların daxil olduğunu deyə bilərəm. Mən bu tərkibə necə sertifikat tələb edə bilərəm? Mənə qeyri-adekvat insan kimi baxarlar (gülür). 

- Məqalə dərc olunan zaman siz “FACE studio”da çalışırdınız. Oradan niyə uzaqlaşmısız, Sizdən getmənizi istədilər?

- (gülür) Əminəm ki, mənim məşhur salondan getməyim kənardan qalmaqalın müşayiəti kimi görünür. Amma bu belə deyil, biz sivil insanlarıq. Etiraf etmək lazımdır ki, Rüfət Bədirovun simasında rəhbərlik son dəqiqəyə qədər arxamda idi. Amma sual atəşinə görə, Bədirov mənə preparatın tərkibini açıqlamağı təklif etdi. Mənim reaksiyam gözlənilən idi, mən razılaşmadım və biz birlikdə yollarımızı ayırmaq barədə qərar qəbul etdik. 

Deyirlər “qara piar da piardır” birinci məqalədən sonra mənə bir çox estetik mərkəzlərdən əməkdaşlığa dair təklif gəldi, yeni iş yerini seçməkdə problemim olmadı. “FACE studio”dan rahat ayrıldım, rəhbərlik ilə dost münasibətlərimi saxladım. Mənim hərəkətlərimdə qanuna zidd heç nə yoxdur və mən sona qədər mübarizə aparmaq niyyətindəyəm. 

- Sizin xidmətlərə olan tələbat Azərbaycanda əldəqayırma-kosmetoloqların fəaliyyətinə dair sərt reqlament tədbirlərinin tətbiqi məsələsinin kəskin şəkildə meydana çıxdığını sübut edir. Bu barədə nə deyə bilərsiniz?

- Öz növbəmdə mən hər ay qadınları eybəcərləşdirən kosmetoloqların siyahısını hazırlayaraq ictimailəşdirməyə hazırlaşıram. Niyə 1news.az-ın jurnalistləri insanların taleyi ilə oynayan kosmetoloqlardan yazmırlar? Kişilər öz həyat yoldaşlarını və nişanlılarını mənim qəbuluma gətirirlər və yardım istəyirlər. Bu qadınlar sadəcə dodaqlarını korrektə etməyi arzulayırıdlar vəssalam!  

Məqalənin müəllifi Natali Aleksandrovanın, öz yaradıcılığına jurnalist araşdırması adı verməsi məni təəccübləndirdi. Əks tərəfin fikrinə qulaq asmadan necə araşdırma aparmaq olar?  Birinci məqalə yazılarkən o, mənə müştəri kimi zəng etmişdi, doğrudur özünü Natali Aleksandrova kimi təqdim etmişdi. Mənə jurnalist araşdırmasının aparıldığı deyilməmişdi. Bununla yanaşı mənə təxribat xarakterli və müvafiq tonda suallar verirdi. Təsəvvür edin işdəyəm, məni pasiyentlər gözləyirlər, mənə zəng edilir və görüş təyin edib, lazımi suallara cavab almaq əvəzinə mənə sualları telefonda verirlər. Məqalə çıxdıqda isə mənim cavab verərkən qışqırdığım və qəzəbləndiyim qələmə verilir. Məni isə sadəcə hər birinin açıq cavablandırılmsı tələb olunan sualların niyə  iş vaxtı blits kimi verildiyi qəzəbləndirmişdi. Amma deyəsən xəttin o biri tərəfindəki insan peşəkar cavab almaqda maraqlı deyildi və istənilən şəkildə antireklam yaratmaq məqsədinə çatmışdı. 

Mənim redaksiyaya zənglərimə baxmayaraq məqalənin sonunda “Elnarə Rzayevanın suallarımıza cavab vermək istəməməsinə baxmayaraq, biz onun da fikrini dərc etməyə hazırıq” yazıb. Necə yəni “suallara cavab vermək istəməməsinə baxmayaraq”? Siz mənimlə əlaqə saxlamağa hec cəhd etmədiniz. Portfoliosuna yalnız “sarı məqalələrin” daxil olduğu 1news.az portalı öz sözümü demək üçün meydan olaraq onları seçəcəyimi nahaq yerə gözləyir. Bundan başqa onlar mənim şəkillərimi razılığım olmadan dərc ediblər, onlara şəkillərimi silmək üçün müraciət etdikdə isə sayt tərəfdən yalnız iqnor ilə qarşılaşdım.  
Bu günlərdə yuxarıda adı çəkilən sayt vasitəsilə ictimai fikrin manipulyasiyasına və ünvanıma səslənən böhtana son qoymaq üçün Zümrüd İbrahimovanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəməyə müraciət etmək niyyətindəyəm. 

Sonsöz əvəzi 

Oxu.Az Elnarə xanımın İnstagram səhifəsini araşdırdı, biz burada “əvvəl və sonra” fotoların, prosedur prosesləri və görülən işə dair rəylərin “skrinşot”-larının təqdim edildiyinin şahidi olduq. Bəzi pasiyentlərlə isə əlaqə saxlamaq imkanımız da oldu.  




 

Jurnalist İradə Məhərrəmova ilə söhbət zamanı o, başına gələnlərdən danışdı: “Mən 7 il öncə selikon ilə dodaqlarımın həcmini böyütmüşdüm, nəticədə şişlər yarandı, bu isə dodaqlarımın deformasiyaya uğramasına gətirib çıxardı. Üzüm elə bir eybəcər vəziyyətdə idi ki, insanlar məni küçədə barmaqla göstərirdilər. İki dəfə əməliyyat keçirdim, hər ikisi uğursuz oldu. Cərrahi müdaxilə nəticəsində gel miqrasiya edərək dodağımın üstünə yığıldı. Türkiyədə əməliyyat keçirməkdən imtina edərək, yalnız aparat vasitəsilə masaj etdilər, bu isə mənə kömək etmədi. Amma iki ay öncə Elnarə xanım arası 10 gün çəkən iki seans keçirdi. Nəticə ağlasığmazdır və gördüyünüz kimi üzümə baxmaq mümkündür! Düşünürəm ki, dövlət gel vasitəsilə böyütmə və korreksiya xidmətlərinə nəzarəti sərtləşdirməlidir. Zamanında mən həm mənim dodaqlarımı tərkibi bəlli olmayan maddə ilə böyüdən kosmetoloqu, həm də 1,5 min manat alaraq üzümü bərbad vəziyyətə qoyan həkimi məhkəməyə verməl idim. Amma o zaman mənim bunun üçün nə mənəvi, nə də fiziki gücüm yox idi”.


 

Zina Bayramovanın da əhvalatı buna bənzərdir. Əməliyyata risk etməyib, belə ki, cərrahlar əməliyyatın uğurlu olacağına dair zəmanət verməyiblər. Burun-dodaq qatlarına yeridilən gel bərk şişə dönüb. Qadın uzun illər ərzində stress yaşamadan cəmiyyətə çıxa bilmirdi. Dörd seans nəticəsində filerin sovrulması mümkün oldu. 

“PASSAGE WORLD” jurnalının redaktoru Nərminə Ağasi isə öz növbəsində Elnarə xanımın pasiyenti olana qədər öz jurnalist araşdırmasını aparıb, sadə dillə desək, Elnarə Rzayevanın fəaliyyətinə dair arayışlar toplayıb. O, kosmetoloqun işlədiyi bütün salonlara zəng vurub. Nərminə xanım yalnız salonun rəhbərliyinin dilindən müsbət rəylər eşitdikdən sonra, gənc mütəxəssislə görüşmək qərarına gəlib. “Alt dodağıma illər öncə Artekol preparatının vurulmasının xoşagəlməz nəticələri meydana çıxmışdı. Bir neçə il sonra nahamarlıq hiss etdim və alt dodağımda kiçik şişlərin əmələ gəldiyini gördüm. Mən dünyanın müxtəlif ölkələrində, müxtəlif həkimlərə müraciət etdim, hətta plastik cərrahla görüşdüm. Amma şiş nahiyəsini müayinə edən həkimlər gel deyil, fibroz toxuma aşkar etdilər, plastik cərrah fibroz toxumanı kəsərək çıxarmağı təklif etdi. Elnarə xanım haqqında elə həmin plastik cərrahiyyə klinikasının dəhlizində əməliyyat və ya kosmetoloqun təklifini qəbul etmə seçimi qarşısında qalan pasiyentlərdən İnstaqram vasitəsilə xəbər tutdum. Mən riski sevən insanam və hər zaman yenilikləri sınaqdan keçirirəm, mənim hər şeydə birinci olmağa can atmağımı da nəzərə alsaq onun görüşünə yollandığımı təxmin etmək çətin deyil. onun haqqında gəzən söz-söhbətlərə fikir vermədim, belə ki bu sahədə geniş rəqabət var, bu səbəbdən də hamı bir-birindən daha üstün olmasını göstərməyə çalışır. Elnarə ilə görüş və söhbət maraqlı idi, çünki gənc kadrdır və mənim kimi moskvalı mütəxəssilərlə ünsiyyət təcrübəsi var. İllərdir əsas rubrikalarından biri “Health and Beauty ” olan PASSAGE jurnalının baş redaktoru kimi byuti-estetika dünyası ilə əlaqədar hər şeydən xəbərdaram və hər zaman bu sahədə ilkləri reklam edirəm. Söhbətimiz Elnarənin tərkibini söyləmədiyi preparatın təsir üsulunu anlatlmaqla sona çatdı, o mexanizmi izah edənrkən onun sözlərində əminliyi hiss etdim. Mən onu sərt bir rəqabətin olduğu sahədə gənc bir mütəxəssis kimi başa düşürəm. Amma deməliyəm ki, dodağım doğuşdan assimmetrikdir, və mən lazımi nəticəni əldə etmədim. Dodağımda gel deyil, fibroz toxuma olsa belə, mən Elnarənin eksperimentinə razılaşdım. Məqsəd dodağımda olan artıqları aradan qaldırmaq idi. Mən ümumi vəziyyəti və dodağımın həcminin azaldığını görürəm, biz dolqunun həcmini sıfıra endirmişik və dodağım əvvəlki vəziyyətini alıb. Mən assimetrik olan dodağımın ilkin vəziyyətinə qaytarılaması üçün aparılan prosedura görə, Elnarəyə təşəkkür edirəm. Elnarənin aparacağı növbəti mərhələ dodağımın korrektəsidir, nəticəni əldə etdikdən və dodağım simmetrik vəziyyət aldıqdan sonra növbəti şərhi verəcəm”, - N.Ağasi deyib. 

Obyektivlik və qərəzsizlik prinsiplərinə sadiq qalaraq əks tərəfə bir başa olaraq Zümrüd İbrahimovaya müraciət etdik. Amma təəssüf ki, o, adından mətbuatda hansısa şərhi təqdim etməyə bizə icazə vermədi.

Sevinc Sarablinskaya
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Cəmiyyət xəbərləri