19 
Yan
2017
14:25
10
67
1712
Virtual karabakh

Gənclər üçün Təhsil Mərkəzi 2016-cı ildəki fəaliyyətinə dair hesabat verib – FOTO

19 Yan, 2017
14:25
1712

Gənclər üçün Təhsil Mərkəzi 2016-cı ildəki fəaliyyətinə dair hesabat verib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün fəal gənclər təşkilatlarından biri olan Gənclər üçün Təhsil Mərkəzi 2016-cı ildəki fəaliyyətinə dair illik hesabatını ictimaiyyətə təqdim edib. 

Oxu.Az xəbər verir ki, Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, mərkəz ənənəvi olaraq ötən ildə gördüyü işlərə qiymət vermək, fəaliyyətində şəffaflığı təmin etmək, o cümlədən yeni ildə qarşıda duran vəzifələr barədə ictimaiyyəti məlumatlandırmaq üçün belə toplantılar təşkil edir. 

Fəxrəddin Həsənzadə jurnalistlərə açıqlamasında bildirib ki, mərkəz ötən il ərzində “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritet istiqamətlərinə uyğun olaraq, ümumi sayı 123 olmaqla 35 iri və 88 kiçikmiqyaslı layihə həyata keçirib. 

Sözügedən layihələrin maliyyələşdirilməsində Gənclər və İdman Nazirliyi, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Prezident yanında Gənclər Fondu, UNICEF-in Bakı Ofisi, Avropa İttifaqının “Gənclər fəaliyyətdə” Proqramı və digər qurumlarla əməkdaşlıq edib. Layihələr Azərbaycanın 35-dən çox şəhər və rayonunda həyata keçirilib, ümumilikdə, 10 min nəfərdən çox insana təsir edib”.

Onun sözlərinə görə, hesabat dövründə “Multikulturalizm ili” çərçivəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında “Multikultural marafon” adlı kampaniya həyata keçirilib: “Azərbaycanın multikultural dəyərlərə əsrlərdən bəri mühüm yer verdiyi, ölkəmizin tolerantlıq ənənələri və mədəni dəyərləri təbliğ olunub. İl ərzində gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə ardıcıl iş aparılıb, müxtəlif tədbirlər həyata keçirilib. Qanlı Yanvar, Xocalı soyqırımı, eyni zamanda Qarabağ münaqişəsi haqqında real faktların dünya ictimaiyyətinə çatdırılması məqsədilə sosial şəbəkələrdə 5 dildə (ingilis, rus, alman, fransız, türk) virtual aksiyalar təşkil olunub, təbliğat işi aparılıb. Göstərilənlərlə yanaşı, gənclər arasında Qarabağla bağlı silsilə intellektual bilik yarışları keçirilib, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə yeniyetmə və gənclərin Quba məzarlığına yürüşü təşkil edilib”.

Mərkəzin icraçı direktoru bildirib ki, region gənclərinin məşğulluğunun artırılması, gənclər arasında peşə təhsilinin stimullaşdırılması məqsədilə regionlarda Peşə Təhsili üzrə Regional Məsləhət Xidməti və Karyera Planlama Xidməti fəaliyyət göstərib, Quba rayonunda gənclər üçün Biznes Planlama Xidməti yaradılıb: “Həmçinin Samux rayonunda xidmətimizdən yararlanan gənc xanımlar tərəfindən Moda Evi, Füzuli rayonunda gənc xanımların peşə bacarıqlarının artırılması üçün bərbər və dərzi kursları, Ağcabədi rayonunda aztəminatlı ailələrin qız övladları üçün tikiş və toxuculuq kursu fəaliyyətə başlayıb. Aqrar təsərrüfat ilə məşğul olan gənclərin bu sahədə təcrübə və bacarıqlarının artırılması üçün Gənc Sahibkarların Quba Forumu keçirilib. İl ərzində region gənclərinin problemlərinin öyrənilməsi, onların əlaqədar qurumlarla birgə müzakirəsi və gənclərlə işin prioritet olması məqsədilə Gəncə və Mingəçevir şəhərlərində, habelə Quba və Ağcabədi rayonlarında “Region Gənclərinin İnkişafına Dəstək Forumu” keçirilib”.

Mərkəz əhatə dairəsini genişləndirmək məqsədilə 2016-cı il Azərbaycanın “Gənclər Paytaxtı” seçilmiş Şəmkir rayonunda da nümayəndəliyini yaradıb. Ötən il ərzində “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritet istiqamətlərinə uyğun olaraq, ümumi sayı 123 olmaqla 35 iri və 88 kiçik miqyaslı layihə həyata keçirib. 

İcraçı direktor onu da vurğulayıb ki, gənclər arasında sağlam həyat tərzinin təbliği, onların sağlamlıq imkanlarının artırılması istiqamətində də işlər davam etdirilib, Bakı şəhərinin 7 rayonunda “Məktəblilərin Sağlamlıq Forumu”, Qarabağda uşaqlar üçün “Mobil göz klinikası” layihəsi, Gəncə şəhərində isə “Əlil Tələbələrin I Forumu”, “Sağlam gənclik” kampaniyası gerçəkləşdirilib:

“Ötən il Mərkəz region gəncləri arasında maarifçilik işinin təbliği, gənclərin bilik və bacarıqlarının artırılması məqsədilə “Kitablar danışır” kitab festivalı, məktəblilərin intellektual bilik yarışları, gənclərin ideya yarmarkaları keçirilib. Mərkəz ötən il gənclər arasında sosial məsuliyyətin artırılmasına yönəlmiş proqramlara da üstünlük verib. Belə ki, əlilliyi olan gənclərin təhsil imkanlarının artırılması istiqamətində “Qarabağ inklüziv təhsil və uşaq inkişaf mərkəzi”, valideyn himayəsindən məhrum olan uşaqlar üçün “Onların kimsəsi bizik”, “Ehtiyacın varsa, götür” aztəminatlı ailələrə yardım kampaniyası,daun sindromlu uşaqlar üçün təşkil olunan “Qəlblərdə döyünən nar dənələri”, “Biz birik, bərabərik, həmrəyik” xeyriyyə aksiyalarını da reallaşdırıb”.

Fəxrəddin Həsənzadə qeyd edib ki, hesabat ilində Avropa Gənclər Paytaxtı seçilən Gəncə şəhərində tələbələrə güzəştlər təklif edən, onların asudə vaxtının səmərəli keçməsinə və şəxsi inkişafına yönəldilmiş “1inci club” layihəsi start götürüb: “Hazırda yüzlərlə gənc bu klubun üzvüdür. Ötən il gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün Mərkəzin Dağçılıq klubu tərəfindən Heydər Əliyev zirvəsinə, Türkiyənin Qızılqaya zirvəsinə gənclərin yürüşü təşkil olunub, müxtəlif rayonlarda gənclər arasında şahmat çempionatları, Qubada gənclərin velosiped yürüşü, ekoloji turizm marşrutları və s. təşkil olunub”.

Hesabat dinlənildikdən sonra F.Həsənzadə jurnalistlərin suallarını cavablandırıb, 2017-ci ildə həyata keçiriləcək bir sıra yerli və beynəlxalq layihələr barədə məlumat verib. 

İsmayıl Nur

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri