23 
Fev
2017
12:06
162
19
2589
Virtual karabakh

Avropa azərbaycanlılarının ilk qəzeti: “Avropost”

23 Fev, 2017
12:06
2589

Avropa azərbaycanlılarının ilk qəzeti: “Avropost”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Avropa azərbaycanlılarının ilk peşəkar kültəvi çap orqanı olan “Avropost” qəzeti işıq üzü görüb. 

Oxu.Az xəbər verir ki, bu barədə AzEuroNews.com-un Avropa Bürosuna qəzetin baş redaktoru Anar Orucov məlumat verib.

Onun sözlərinə görə, Almaniyada çap olunan qəzet Avropanın digər ölkələrində pulsuz paylanacaq: 

“Avropost”, hələ ki, ayda bir dəfə və 8 səhifədə 5 min tirajla dərc ediləcək. Lakin yaxın gələcəkdə 16 səhifə olmaqla və ayda iki dəfə oxucularımızın görüşünə gələcəyik. “Avropost” xəbər agentliyinin çap orqanı kimi nəşrə başlayan “Avropost” qəzeti Avropada Azərbaycan dilində peşəkar media fəaliyyəti ilə məşğul olan müstəqil media qurumudur. Agentlik 2015-ci ilin martında yaradılıb. 

Qurumun məqsədi Avropada yaşayan azərbaycanlıları ölkədə və dünyada, xüsusilə, Avropa ölkələrində baş verən və Avropa azərbaycanlılarının həyatına birbaşa aidiyyəti olan olaylarla yaxından tanış etmək, o cümlədən Avropada yaşayan həmvətənlərimizin həyatı, məşğuliyyəti, təhsili, nailiyyətləri və uğurları, habelə çətinlikləri, problemləri və qayğıları haqqında yazan bir mətbuat qurumuna çevrilməkdir.  

“Avropost” təkcə baş verən yeniliklər haqqında xəbər paylaşmağı deyil, eləcə də Avropa azərbaycanlılarını bir-birinə və Azərbaycan cəmiyyətinə tanıtmaq məqsədi daşıyır. Həmçinin “Avropost” vasitəsilə vətəndən uzaqda məskunlaşan yurddaşlarımızın müəyyən problemlərinin həllinə dəstək ola biləcəyimizə inanırıq”.

A.Orucovun sözlərinə görə, məqsədlərindən biri də Avropa azərbaycanlılarının səylərini birləşdirmək vasitəsilə Azərbaycanda mövcud olan problemlərin həllinə töhfə verə bilməkdən ibarətdir: 

“Həmçinin biz vətənimiz haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqla Azərbaycanın vahidliyi, ərazi bütövlüyü, azad və demokratik inkişafı üçün çalışacağıq. “Avropost” hər bir həmvətənimizə açıq olan bir tribunadır və qəzet Avropada Azərbaycan dilində peşəkar media fəaliyyəti ilə məşğul olan müstəqil, heç bir siyası mənsubiyyəti olmayan, yalnız Vətənimiz Azərbaycanın və azərbaycanlıların inkişafına töhfə verməyi qarşısına məqsəd qoyan media qurumudur”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri