27 
Mar
2017
17:20
75
137
9517
Virtual karabakh

Azərbaycanda bəzi cəzalar ağırlaşdırıla bilər – YENİLƏNİB

27 Mar, 2017
17:20
9517

Azərbaycanda bəzi cəzalar ağırlaşdırıla bilər – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda vəzifə saxtakarlığı ilə bağlı cəzanın cəriməsinin miqdarı artırılır.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinə əsasən, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs , eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 1 ildən 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişiklik təklifinə əsasən, cərimənin miqdarı 1500 manatdan 3 min manatadək artırılır.

Cinayət Məcəlləsində rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsinə görə 1000 manatdan 2 min manatadək miqdarda cərimə və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma nəzərdə tutulub. İndi isə cərimənin miqdarı 5 min manatdan 8 min manatadək artırılır.

Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə görə 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu müddəada da cərimənin miqdarı artırılaraq 8 min manatdan 12 min manatadək edilməsi təklif olunur.

Məcəlləyə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda törədildikdə 9 min manatdan 10 min manatadək miqdarda cərimə edilməklə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İndi isə cərimənin 9 mindən 13 minədək artırılması təklif edilir.

Vəzifə səlahiyyətlərini aşmaya görə də cərimənin miqdarı artırılır. Belə ki, qanunvericiliyə əsasən, hazırda vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda 1000 manatdan 2 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. Dəyişikliyə əsasən isə, cərimənin 2 min manatdan 4 min manatadək artırılması təklif olunur.

16:13

Fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə cəza ağırlaşdırılır.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliklə bu işi görənlərə cərimə də tətbiq olunacaq. Hazırkı qanunvericiliyə əsasən, hazırda bu əməllərə görə dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

Bundan sonra fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvalar təşkiletmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə 2500 manatdan 3500 manatadək cərimənin də tətbiq olunması təklif edilir.

Ölkə ərazisində indiyədək qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlamaya görə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırdı. 

Dəyişikliklə 10 min manatdan 15 min manatadək cərimənin də tətbiq olunması təklif olunur.

Həkimin tibb müəssisələrindən kənarda abort etməsinə görə cəza da ağırlaşdırılır.

Cinayət Məcəlləsinə əsasən, həkim tərəfindən kənarda abort etməyə görə 200 manatadək miqdarda cərimə və ya altı ayadək müddətə islah işləri ilə cəzalandırılır. İndi isə cərimənin məbləğinin 500 manatdan 1000 manatadək artırılması təklif edilir.

Bundan başqa, xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməyə görə də cərimənin miqdarı artırılır. Belə ki, indiyədək 300 manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılırdı. Təklifə əsasən isə cərimənin məbləği 1000 manatdan 1500 manatadək artırılır.

Cinayət Məcəlləsinə əsasən, zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda 300 manatdan 500 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Burada qeyd olunan cərimənin məbləği 2 min manatdan 3 min manata qədər artırılması təklif edilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri