14 
Apr
2017
16:05
62
22
1629
Virtual karabakh

HESTORUEX – Səhiyyə, alternativ və idman turizmi üzrə konqres və sərgi – FOTO

Aprel ayının 6-9 tarixlərində Türkiyənin Antalya vilayətində HESTORUEX - Səhiyyə, alternativ və idman turizmi üzrə konqres və sərgi keçirilib. 150 ölkədən 4000-dən çox iştirakçının olduğu beynəlxalq tədbir Türkiyə Sağlamlıq Turizm Assosiasiyası tərəfindən təşkil edilmişdi. Sağlamlıq turizmi sahəsini əhatə edən tədbirdə sığortaçıların, turizm məhsulları üzrə mütəxəssislərin, hotel təmsilçilərinin iştirakı ilə seminarlar, ustad dərsləri, B2B formatında görüşlər keçirildi.

Oxu.Az xəbər verir ki, rəsmi açılışda Türkiyənin xarici işlər naziri, Antalyadan Böyük Millət Məclisinə vəkil seçilən Mövlud Çavuşoğlu, ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi, Mədəniyyət və turizm naziri Nəbi Avcı, Gənclər və idman naziri Akif Kılıc və Səhiyyə naziri Rəcəb Akdaq çıxış etdi.

M.Çavuşoğlu çıxışında sərgidən gözlədiklərindən danışarkən 15 milyard lirəlik müqavilə imzalanmasına olan ümidini bəyan etdi. O, ölkəsinin səhiyyə turizmi sahəsində dünyanın qabaqcıl ölkələrindən olduğunu, xəstəxanaların müasir və keyfiyyətli tibbi avadanlıq ilə təmin olunduğunu vurğuladı. 

Türkiyədə 30 şəhər xəstəxanası, o cümlədən Antalyada 1500 çarpayılıq şəhər xəstəxanasının inşa edildiyini bildirdi.

Eyni zamanda Antalyada 2017-ci ildə 20 beynəlxalq idman turnirinin keçirilməsinə ümidini də qeyd etdi.

HESTORUEX - Səhiyyə, alternativ və idman turizmi üzrə konqres və sərgisinin Azərbaycan üçün əhəmiyyəti Türkiyə Cümhuriyyəti Sağlamlıq Turizm Assosiasiyası ilə “Gilan Turizm” şirkəti arasında imzalanan müqavilə oldu.

Müqaviləyə əsasən, assosiasiyanın Azərbaycanda şəbəkə ofisi açılacaq. (“Gilan Turizm” MMC ofisi, Tbilisi pr. 38, Bakı). Eyni zamanda Map2Heal sisteminin nümayəndəliyinin təmin edilməsi haqda da müqavilə bağlandı. Türkiyə Cümhuriyyəti Sağlamlıq Turizm Assosiasiyasının Bakıdakı şəbəkə ofisinin direktoru “Gilan Turizm” MMC-nin rəsmisi Fərid Məcidov təyin olunub.

Tədbir zamanı Azərbaycanı təmsil edən həkimlər sağlamlıq turizminin əhəmiyyəti, qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində görüşlər keçirdilər. Görüşlərdə iştirak edən xarici sağlamlıq turizmi mütəxəssisləri Azərbaycan ilə bu sahədə yaxından əlaqə qurmaqda maraqlı olduqlarını vurğuladılar. 

2018-ci ildə bu nüfuzlu beynəlxalq tədbir 5-8 aprel tarixlərində yenidən Antalyada keçiriləcək. Növbəti tədbirin hədəfi isə 175 ölkədən olan 5 min iştirakçını bir yerə toplamaq və bu zaman ərzində əldə olunmuş təcrübəni bölüşmək, yeni perspektivləri təyin etməkdir. 

Səbinə Səmidxan

www.oxu.az

Digər Cəmiyyət xəbərləri