19 
Apr
2017
12:51
246
1085
159225
Virtual karabakh

Lift İdarəsinin rəisi ətrafında yaranmış qalmaqaldan danışdı – VİDEO + YENİLƏNİB

19 Apr, 2017
12:51
159225

Lift İdarəsinin rəisi ətrafında yaranmış qalmaqaldan danışdı – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qızının dəbdəbəli toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov haqqında yazılan xəbərlərə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, Q.Şükürov publika.az-a açıqlamasında deyib ki, yayılan məlumatlar tamamilə yalandır:

“Mən və ailəm haqqında yazılanların heç biri doğru deyil. Mən toya çox xərc çəkməmişəm. O toya xərci oğlan evi çəkib. Məndə 400 min haradan idi? Bu barədə yazılanların hamısı boş söhbətlərdir. Bu məlumatları Elşən Əsgərli yayır. O qələt edib yalan danışır. O, narkoman və şərəfsiz adamdır. Onu hamı yaxşı tanıyır. Deyir ki, guya “Porsche” hədiyyə etmişəm və sairə. “Porsche” olsaydı, elə özüm sürərdim də! Mənim avtomobilim yoxdur. Hazırda gəzdiyim bir nəqliyyat vasitəsi var, onu da dövlət verib. İndi kim nə istəyirsə, ağlına gələni danışır. Keçmiş kürəkənim narkomandır, gic adamdır. Narkoman nə danışa bilər?”.

Q.Şükürov MTN-nin sabiq idarə rəisi, hazırda məhkəməsi gedən Akif Çovdarovla qohumluq əlaqəsi barədə yayılan məlumatlara da cavab verib:

“Akif Çovdarovla da heç bir qohumluq əlaqəm yoxdur. Ümumiyyətlə, biz bir-birimizi tanımırıq. Biz ayrı-ayrı yerlərdənik. İndi kimsə durub ağzına gələni danışır. Bizə şər atırlar”.

11:23

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova toy mərasiminin 400 min dollara başa gəlməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, Aysel Şükürova missiya.az-a açıqlamasında bildirib ki, toyuna 400 min dollar xərclədiyi və 40 min dollarlıq “Love Story” çəkdirdiyi barədə yazılan xəbərlər əsassızdır.

“Heç kim Bakıda 400 minlik toy etməz. Bu qədər pulu olan gedib başqa yerdə toy edər. Barəmdə yazılan xəbərlər yalandır. “Love Story”ni reklam etmək şərti ilə Fuad İsmayılov pulsuz çəkib. Düzdür, biz Maldiv adalarına bal ayına getmişik. Şəkil çəkdirmişik. Əcəb etmişik. Heç kimə dəxli yoxdur”.

Aysel bildirib ki, bütün toy xərclərini yoldaşı və onun ailəsi çəkib.

“Hamı bilir ki, mənim atam necə xeyirxah insandır. Atamın o qədər pulu yoxdur ki, getsin mənə elə bir toy etsin. Həmçinin ikinci toyum olduğu üçün mərasimi atam etməyib. Yoldaşımın birinci toyu olduğu üçün dedi ki, hər şeyi boynuma götürürəm və toyu özüm edəcəyəm. Biz toyu yaxın ətrafımıızla birgə etmək istəyirdik. Yoldaşım razı olmadı. Atamın toya heç bir aidiyyəti olmadığı halda onunla bağlı söhbətləri ortaya atırlar. Mənim ailəm barədə yazılanların heç bir əsası yoxdur. Toyun keçirildiyi şadlıq evindən məlumat ala bilərsiniz. Həmin şadlıq evində nazir və digər imkanlı şəxslər övladlarına toy ediblər. Heç onlar toya iddia edilən məbləğdə pul xərcləməyiblər”.

Aysel Şükürova atası və özü barədə yayılan məlumatları keçmiş həyat yoldaşı Elşən Əsgərli ilə əlaqələndirib: 

“O yanır. İndiyə qədər yalnız fərziyyələr danışıb. Hazırda mənimlə bağlı yalan xəbərlər yayır. Oktay və mənim toyumla bağlı video yanvarın 21-dən “YouTube”dadır. Elşən yalan faktlar əsasında yazılan 400 min dollarlıq toy məsələsini məqsədli şəkildə ortaya atıb. Aldığım məlumata görə, müxbirlər onun Nəriman Nərimanov rayonundankı evində olublar. Anası jurnalistlərə pul verib ki, belə xəbər yazsınlar. Elşən mənim həyat yoldaşımdan boşanmağımı istəyir. Amma o, bunu görməyəcək”.

Keçmiş həyat yoldaşı Elşən Əsgərlinin “Əsgərlikdə olanda, Aysel gedib özünə oğlan tapıb” iddiasına da münasibət bildirən Aysel Şükürova eks-əri barədə dəhşətli faktların üstünü açıb:

“Onun danışdıqları yalandır. Mən onunla Dövlət İqtisad Universitetində təhsil almışam. 2012-ci ildə ailə qurmuşam və heç 3 il evli qalmamışam. Ad günümdə məni vurdu. Elə həmin gün hər şeyə son qoydum. Atamgil onu evdən qovdu”.

Ayselin sözlərinə görə, Elşəndən əsgərlikdə olanda ayrılıb.

“O, əsgərlikdə olanda bir dəfə də zəng vurub necə olduğumu soruşmayıb. Mənimlə maraqlanmayıb. Narkotik istifadəçisidir. Hamilə olanda məni döyüb, əlimi kəsib. Bakıda yerləşən xəstəxanalardan birində qeydiyyatdayam. Əxlaqsız qadınlara pul xərcləyirdi və narkotik qəbul edirdi. Mən faktlarla danışıram. O, insanı araşdırsanız, görərsiz ki, narkoloji dispanserdə qeydiyyatdadır. Baş Mütəşəkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi iki dəfə onu tutub. Onun ölkədən çıxışına qadağa qoyulub. Çünki Ukraynada narkotik üstündə tutulub. Telefonunda çoxlu mesaj tutdum. İndi bilmir ki, aranı necə qızışdırsın. Belə şeylər danışır”.

Aysel Şükürova keçmiş ərinin “Onun həyat yoldaşı “Porsche” sürür. Həmin maşını ona Ayselin atası, rüşvətxor məmur alıb” iddiasına da cavab verib:

“Yalandır. Əksinə, biz Elşənə “Porsche” almışıq. Mənim həyat yoldaşım Oktay heç kimin hesabına yaşamayıb. Hər şeyi özü edib. Amma Elşən həmişə məndən pul alıb”.

O, eks-əri barədə barədə bir neçə faktın üstünü açıb. Ayselin sözlərinə görə, Elşən Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin qarşısında onu və həyat yoldaşını videoya çəkdiyi üçün dava düşüb: 

“Elşən videonu çəkə-çəkə bizə qarşı çox nalayiq ifadələr işlədirdi. Həyat yoldaşım çəkdiyi videoya görə onu döyüb. Yoldaşımı əllərinə sağlıq. O, çəkdiyi videonu səhifəsində paylaşmışdı. Həmin video məndə var. Bu məsələ ilə bağlı iş polisdədir. Məndə Elşənin təcavüz etdiyi qızın səsi var. Təcavüz etdikdən sonra qızdan 10 min 300 manat pul alıb”.

Aysel məsələnin hüquqi çərçivədə həll ediləcəyini bildirib: 

“Mənim barəmdə irəli sürülən iddialar və xəbərlər namus söhbətidir. Belə qalmayacaq. Yazılan məlumatlar bütün saytlardan toplanılıb. Bu xəbərləri yazan bütün saytlar məhkəməyə verilib. Vəkillərim saytların təzminat ödəməsi üçün işə başlayıblar. Şükür Allaha atamın, mənim və həyat yoldaşımın alını açıqdır. Bu proses başa çatdıqdan sonra mən açıqlamamı videogörüntü vasitəsi ilə edəcəyəm”.

18.04.2017 (16:23)

Bu gün ölkə mətbuatında Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Ayselin bir neçə ay əvvəl baş tutan toy mərasimi ilə bağlı xəbərlər yayılıb. Həmin məlumatlar arasında ailənin toya 400 min dollar xərcləndiyi də bildirilirdi.

Oxu.Az xəbər verir ki, yayılan məlumatlarla bağlı goldnews.az-a açıqlama verən Ayselin anası Aynurə Şükürova bildirdi ki, əslində mətbuatda yer alan xəbərlər şişirdilib.

“Mən başa düşə bilmirəm ki, bir neçə ay əvvəl baş verən toyun indi mətbuata çıxarılma məqsədi nədir. Yazırlar ki, toya guya 400 min dollar xərcləmişik. Bunlar hamısı yalan məlumatlardır. Bu barədə yayılan xəbərləri təkzib edirik. Düzdür, toy baş tutub, lakin həmin toya 400 min dollar yox, daha az pul xərclənib”.

Qeyd edək ki, toy mərasimi yanvarın 21-də baş tutub.

Cütlük bal ayını Maldiv adalarında keçirib.

Onu da bildirək ki, Ayselin Bakının mərkəzində gözəllik salonu var.

Bu, Ayselin ikinci evliliyidir, onun ilk həyat yoldaşı Elşən Əsgərli ad-soyadlı şəxs olub və cütlüyün birgə nikahdan Uğur adlı 1 oğlu var.

11:55

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Aysel və kürəkəni Oktay barədə yayılan xəbər artıq bir neçə gündür ki, oxunma rekordu qırır. Onların lüks toy mərasimləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bahalı həyat tərzi sürən gəncləri tənqid edənlər də, onları müdafiə edənlər də var.

Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, Aysel ilə Oktayın “Love Story” və toy fotolarını çəkmiş fotoqraf Həmidli Həmid “LuxLife” saytına açıqlamasında bildirib ki, cütlük haqqında yayılan xəbərlərin heç də hamısı həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Aysel ilə Oktay daim yardıma ehtiyacı olan insanlara əl uzatmaqları ilə seçilib.

“Onlar haqqında bu cür söz-söhbətlərin yayılması doğru deyil. Aysel ilə Oktayı əvvəllər, sadəcə, müştəri kimi tanıyırdım. Lakin sonralar daha yaxından tanıdıqca necə yaxşı insanlar olduğunu gördüm və münasibətlərimiz müştəri münasibətlərindən dostluq münasibətlərinə keçdi. İndiki halda onlar yayılan söz-söhbətlə bağlı açıqlama vermirlər. Düşünürəm ki, susmağın özü də bir müdriklikdir. İnşallah, bu söz-söhbət sona çatacaq və onların bir-birinə qarşı olan sevgiləri hər şeyə qalib gələcək”, - deyə o qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Aysellə Oktayın toy məclisi üçün 400 min dollar xərcləndiyi bildirilirdi. Maldiv adalarında istirahət, bahalı avtomobillər, özəl yaxtaların istifadə edildiyi videoçəkiliş isə görənləri heyran edir. 

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri