27 
Apr
2017
16:17
20
267
6619
Virtual karabakh

Adı əfv siyahısına düşən məhkumun yerinə başqası buraxılıb? – AÇIQLAMA + YENİLƏNİB

27 Apr, 2017
16:17
6619

Adı əfv siyahısına düşən məhkumun yerinə başqası buraxılıb? – AÇIQLAMA + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident yanında Əfv Məsələləri Komissiyası mətbuatda prezidentin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2017-ci il 16 mart tarixli sərəncamına adı düşən şəxsin əvəzinə başqa şəxsin azad edilməsi barədə yayılmış məlumatlarla əlaqədar açıqlama yayıb.

Komissiyadan Oxu.Az-a daxil olan açıqlamada bildirilib ki, həmin məlumat heç bir rəsmi fakta istinad edilməməklə əsassızdır. Belə ki, qeyd olunan sərəncam hüquqi aktların rəsmi dərc olunduğu qəzetlərdə, habelə elektron variantda dərc edildiyi Hüquqi Aktların Dövlət Reyestrində dərc olunub. Həmin sərəncamdan göründüyü kimi, əfv edilmiş şəxs Mahmudov Elvin Habil oğludur.

Eyni zamanda, bildirilir ki, Əfv Məsələləri Komissiyasında məhkum Mahmudov Elvin Bəxtiyar oğlunun da əfv olunması ilə bağlı müraciətə baxılıb.

Müəyyən edilib ki, E.Mahmudovun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində 2016-cı il 8 oktyabr tarixdə məhkumların qarşılıqlı olaraq bir-birilərinə xəsarət yetirməsi faktına görə cinayət işi başlanıb. Həmin cinayət işinin istintaqı ilə bağlı E.Mahmudov və bəzi məhkumlar məhkəmənin qərarına əsasən cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına keçirilib. Hazırda istintaq davam etdirilir.

Qeyd olunan səbəbdən Komissiya tərəfindən əlavə yoxlamanın aparılması zərurəti yarandığından məhkum Mahmudov Elvin Bəxtiyar oğlu barəsində müraciətə baxılması təxirə salınıb.

12:49

Penitensiar Xidmət 26 aprel 2017-ci il tarixdə azpolitika.az informasiya saytında “Prezidentin əvf sərəncanı ilə bağlı şok! – “Adı əfvə düşən oğlumun əvəzinə başqasını buraxdılar!” sərlövhəli məlumata münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib:

“Məlumatda məhkumun yaxın qohumları və vəkilinə istinad edilərək qeyd olunur ki, guya, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinin birində saxlanılan məhkum Elvin Bəxtiyar oğlu Mahmudovun əvəzinə eyni adı və soyadı olan, lakin atasının adı və təvəllüdü fərqli olan digər məhkum ölkə Prezidentinin əfv sərəncamı ilə qalan cəzadan azad olunub”.

Rəsmi məlumata görə, dərc olunmuş məlumat tamamilə yanlışdır və böhtan xarakterlidir:

“Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı dürüst və vaxtında icra edilmişdir. Əfv olunan şəxslərin arasında bu məlumatda dərc olunan məhkumun adı yoxdur. Əfv haqqında sərəncamın əhatə dairəsində olmuş eyni adı və soyadı olan, lakin atasının adı və təvəllüdü fərqli olan digər məhkum tam qanuna uyğun olaraq azad edilmişdir. Acınacaqlı haldır ki, bəzi informasiya saytları ilə yanaşı yalan, iftira xarakterli, dəqiqləşdirilməmiş məlumatları vəkil funksiyalarını yerinə yetirən şəxslər də yayır. 

Düşünülməmiş hərəkətləri ilə vəkil adına xələl gətirən şəxsin hansı məqsədlər daşıdığı qeyri-müəyyəndir. Lakin hesab edirik ki, qeyd olunan faktlar aidiyyəti orqanlar tərəfindən ciddi araşdırılacaq və vəzifəli şəxsləri ağır cinayətlərdə ittiham etmiş vəkilin fəaliyyətinə hüquqi qiymət veriləcək”.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri