22 
May
2017
21:15
890
38
42976
Virtual karabakh

Dərslər sentyabrın 1-də başlayıb, mayın 25-də tamamlansın – TƏKLİF

22 May, 2017
21:15
42976

Dərslər sentyabrın 1-də başlayıb, mayın 25-də tamamlansın – TƏKLİF

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millət vəkili Fazil Mustafa dərslərin 1 sentyabr - 25 may arası keçirilməsi məsələsini yenidən gündəmə gətirib. 

Deputat Oxu.Az-a açıqlamasında fikrini belə izah edib:

“Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması vacibdir, zəruridir, qaçınılmazdır! Bu istiqamətdə bütün ictimai təşəbbüsləri dəstəkləməyə hazıram. Bu tarixlər müəllimə də, şagirdə də, valideynə də sərf edər, üstəlik tədrisin keyfiyyətinə də müsbət təsir göstərər. Əvvəllər, sovet dövründə qəbul imtahanları avqust ayında qurtarırdı, tədris proqramı tələsik də olsa sentyabrın 1-dən start götürürdü. İndi isə artıq iyul ayına imtahan qalmır, kifayət qədər tədris prosesinə hazırlıq vaxtı yaranır, niyə bu fürsəti qaçırırıq, doğrusu anlamaq olmur. İyun ayının ortalarına qədər tədrisin uzaldılmasının da ciddi əsaslandırılmasını görmürəm”.

Fazil bəy dərslərin sentyabrın 1-də başlayıb 25 mayda bitməsinin “Formula 1” yarışması üçün də əlverişli olduğunu qeyd etdi:

“Ölkənin paytaxtı Bakı şəhərində iyun ayında hələ bir neçə il “Formula 1” yarışları keçiriləcək, əslində məktəblərin fəaliyyət göstərməsi bu mötəbər yarış üçün də müəyyən çətinliklər yaradır. Hamı məcburdur bu ərəfədə uşağını məktəbə aparsın, tıxac və başqa problemlər qarşıya çıxır. İyun ayında heç effektli dərs də keçirilmir, həm müəllimlər, həm şagirdlər, həm də valideynlər yay müddəti üçün işlərini normal planlaşdıra bilmirlər”.

Qeyd edək ki, düz 1 il əvvəl Azərbaycan Təhsil Nazirliyi dərslərin iyunun 14-də bitməsinə etiraz olaraq, sosial şəbəkədə “Dərslər 1 sentyabr-25 may arasında keçirilsin” adı altında petisiya keçirilmişdi. Nazirliyin bu petisiyaya cavabı belə olmuşdu: 

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında" 21 avqust 2004-cü il tarixli 114 nömrəli Fərmanı ilə 15 sentyabr "Bilik günü” elan edilib və Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bu qərar 2014-2015-ci dərs ili başlandıqdan sonra qəbul olunduğundan həmin dəyişiklik 2015-2016-cı dərs ilindən etibarən respublikanın ümumtəhsil məktəblərində tətbiq edilməyə başlanıb”. 

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov keçən ildən fərqli olaraq bu il bu məsələyə münasibət bildirmək istəmədi.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri