22 
İyl
2017
12:55
69
682
14285
Virtual karabakh

Bakıda ağac qətliamı: Cinayət işi açıldı – VİDEO + YENİLƏNİB

22 İyl, 2017
12:55
14285

Bakıda ağac qətliamı: Cinayət işi açıldı – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Nəsimi rayonu ərazisində “MİD-17” Mənzil Tikinti Kooperativi (MTK) tərəfindən qazıntı işlərinin aparılması zamanı müxtəlif cinsli (sərv və zeytun) 5 ədəd ağacın məhv edilməsi nəticəsində təbiətə 5100 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb. 

Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, ilkin araşdırmalarla həmin torpaq sahəsinin istifadəyə ayrılmasına dair verilən ekoloji ekspertiza rəyində layihələndirmənin yalnız yaşıllıq altında olmayan boş sahədə aparılması tapşırılsa da, MTK-nın vəzifəli şəxsləri tərəfindən meşə qanunvericiliyi üzrə normativ aktların tələbləri kobud surətdə pozularaq xeyli miqdarda ziyan vurmaqla, ağacların qanunsuz kəsilməsi hallarına yol verilməsi müəyyən edilib. 

Həmin faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən 22 iyul 2017-ci il tarixdə Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə tapşırılıb. 

Hazırda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət içi açılıb, cinayət işləri üzrə təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin bu cür hallarla qarşılaşan vətəndaşlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Baş Prokurorluğa müraciət etmələri tövsiyə edilir.

Baş Prokurorluq bütün fiziki və hüquqi şəxslərə qanunsuz ağac kəsilməsi hallarına yol verməmələrini tövsiyə edir və bu kimi hallara yol verən şəxslər barəsində qanunla nəzərdə tutulan qaydada ən ciddi cəza tədbirləri görüləcəyini nəzərə çatdırır.

21 iyul (11:48)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə  Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala  Əliyev 22 ünvanında  yaşayan bir qrup sakin tərəfindən ağacların kəsilərək yerində tikinti işlərinin aparılması ilə bağlı şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, şikayətçilərin iştirakı ilə yerində araşdırma aparılıb. Əraziyə keçirilən baxış zamanı məlum olub ki, 08.07.2017 tarixli 251 nömrəli sərəncamla Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsində 0,2 hektara yaxın torpaq sahəsi yaşayış binasının tikilməsi məqsədilə “MİD-17” MTK-ya ayrılıb və şirkət yaşıllıq ərazidə özül-qazıntı işlərinə başlayıb. 

Araşdırma zamanı ərazidə qanunsuz olaraq müxtəlif diametrli 5 ədəd yaş köküstə ağacın ağır texnika ilə məhv edildiyi və təbiətə 5100 manat məbləğində ziyan dəydiyi aşkarlanıb.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Ərazidə bundan sonra yol veriləcək qanunsuzluqların qarşısının alınması məqsədilə aidiyyəti qurumlara müraciət olunub. 

20 iyul (16:50)

Bakıda yenə yaşıllıq məhv edilir.

Oxu.Az-ın məlumatına görə, Nəsimi rayonu, Hüseybala Əliyev 22 ünvanında ağacların kökündən çıxarılması prosesi aparılır. 

Yerində hündürmərtəbəli bina tikmək məqsədilə sözügedən ünvanda uşaq meydançası sökülüb və texnikanın köməyilə ağaclar çıxarılır.

Bütün bunların qarşısını almaq istəyən sakinlərə qarşı zorakılıq tətbiq edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, Nəsimi rayonu, Hüseynbala Əliyev 22 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olmuş məlumat əsasında nazirliyin əməkdaşları tərəfindən ilkin araşdırma aparılıb. Araşdırma zamanı ağacların kəsilməsi faktı öz təsdiqini tapıb. Araşdırma davam etdirilir. Nəticəsi barədə məlumat veriləcək.

Zülfiyyə Qurbanova

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri