22 
İyl
2017
15:26
103
56
4408
Virtual karabakh

I və IV qruplar üzrə qəbul imtahanı keçirilib – YENİLƏNİB

22 İyl, 2017
15:26
4408

I və IV qruplar üzrə qəbul imtahanı keçirilib – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. 

DİM-dən Oxu.Az-a verilən məlumata görə, imtahan ölkənin 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 55 binada aparılıb.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmamışlar. Bundan əlavə imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu gün “Space” telekanalında canlı yayımlanacaq “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları isə DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.

İyulun 23-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.

09:19

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

Oxu.Az Report-a istinadən xəbər verir ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 55 binada aparılacaq. İmtahanların idarə olunmasına 191 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2240 nəzarətçi-müəllim cəlb olunacaq.

İmtahanda 27 961 abituriyentin iştirakı gözlənilir. Onlardan 23 510 abituriyent I qrup üzrə, 4 451 abituriyent IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 25 500 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 21 543, IV qrup üzrə 3 957 nəfər), 2 461 nəfəri isə rus bölməsinin (I qrup üzrə 1 967, IV qrup üzrə 494 nəfər) məzunudur. Abituriyentlərin 16437 nəfəri oğlanlar (I qrup üzrə 15063 nəfər, IV qrup üzrə 1374 nəfər), 11 524 nəfəri isə qızlardır (I qrup üzrə 8447 nəfər, IV qrup üzrə 3077 nəfər). 21974 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 5309 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 67 nəfər ali təhsil müəssisələrinin, 611 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 153 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2002-ci ildəndir.

Bakı şəhərində 12783, Naxçıvanda 995, Gəncədə 2867, Sumqayıtda 1746, Mingəçevirdə 1192, Şəkidə 1788, Bərdədə 1241, Göyçayda 1255, Şirvanda 1228, Lənkəranda 1679, Xaçmazda isə 1187 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanın gedişini işıqlandırmaq üçün 60-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri