14 
Avq
2017
22:36
29
157
3114
Virtual karabakh

Bakıda 41-ci Dünya Skaut Konfransının açılış mərasimi olub – FOTO

14 Avq, 2017
22:36
3114

Bakıda 41-ci Dünya Skaut Konfransının açılış mərasimi olub – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 14-də Bakı Konqres Mərkəzində 41-ci Dünya Skaut Konfransının rəsmi açılış mərasimi olub.

Oxu.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, 41-ci Dünya Skaut Konfransında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, digər dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər.

Konfrans Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra tədbir iştirakçılarının bölgələrimizə səfərlərini əks etdirən videoçarx nümayiş olunub.

Konfrans iştirakçıları bildiriblər ki, onlar Azərbaycana daha yaxşı dünya yaratmaq, skaut hərəkatının mahiyyətini cəmiyyətə bir daha çatdırmaq üçün toplaşıblar. 

“Azərbaycana xoş gəlmişik”, - deyən iştirakçılar Azərbaycanın və skaut hərəkatının bayraqlarını səhnəyə gətiriblər.

Sonra Azərbaycan skautlarının milli himni səslənib.

Azərbaycan Skautlar Assosiasiyasının rəhbəri İlyas İsmayıllı bildirib ki, Odlar Yurdunda keçirilən bu tarixi konfransda skautları qəbul etmək böyük şərəfdir. 

“Beynəlxalq Skaut Konfransı böyük tədbirdir. Bu ab-havada Azərbaycanda hökm sürən qonaqpərvərliyi, ölkəmizin müxtəlifliyini hiss edəcəksiniz”, - deyən İlyas İsmayıllı skautların buraya yüz minlərlə insanın taleyinə təsir edəcək vacib qərarlar qəbul etmək üçün toplaşdıqlarını diqqətə çatdırıb.

Dünya Skaut Hərəkatının baş katibi Əhməd əl-Hindavi Azərbaycan Skautlar Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirib. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasını xatırladan qonaq bu əsərin müxtəlifliyi nümayiş etdirmək baxımından gözəl nümunə olduğunu deyib və bildirib ki, ayrı-ayrı ölkələrdən gələn skautlar da öz fəaliyyətlərində bunu hər zaman nəzərə almalıdırlar və birgə işləməlidirlər. Hərəkatın qlobal həmrəylikdə oynadığı roldan söz açan Əhməd əl-Hindavi diqqətə çatdırıb ki, hazırda skautlar yeni dəyişikliklər astanasındadır və təşkilatın daha da böyüməsinə nail olmağa çalışırlar.

Əhməd əl-Hindavi deyib ki, Azərbaycanda və bütövlükdə Avrasiya regionunda ilk dəfə keçirilən bu konfrans iştirakçıların və dünyanın hər yerindən təmsil olunan milli skaut təşkilatlarının rekord sayına görə əvvəlkilərdən fərqlənir. Bunun nəticəsində konfrans iştirakçıları nəinki son bir neçə ildə skaut hərəkatının inkişafı ilə tanış olacaq və təcrübə mübadiləsi aparacaq, həm də Dünya Skaut Hərəkatı Təşkilatının beynəlxalq aləmdə gənclərin əsas təhsil hərəkatına çevrilməsi üçün vacib qərarlar qəbul edəcək.

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Bakı konfransının skaut hərəkatında önəmli hadisələrdən birinə çevriləcəyinə əminliyini ifadə edərək deyib ki, belə tədbirin Azərbaycan paytaxtında keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi Dünya Skaut Hərəkatının ölkəmizə etibarının və hörmətinin ifadəsidir. 

“Hər birimizin öz vətənimiz var. Amma bu gün insanları birləşdirən ümumi vətən – Yer kürəsi var və onu təhlükədən xilas etmək üçün insanlar birləşib problemləri həll etməlidirlər”, - deyən Əli Əhmədov dünyanı narahat edən problemlər sırasında miqrasiya probleminin xüsusi yer tutduğunu, Azərbaycan vətəndaşlarının öz təcrübələrində bu problemlə üzləşdiklərini qeyd etdi. Vurğuladı ki, əgər insanlar səylərini birləşdirsələr hər bir ölkədə əmin-amanlığa nail ola bilərlər.

Əli Əhmədov qeyd edib ki, Dünya Skaut Hərəkatı müxtəlif yaş qruplarından olan insanları öz sıralarında birləşdirir. Bu hərəkat bir tərəfdən müxtəlif yaş qrupları, digər tərəfdən fərqli millətlərin nümayəndələri arasında anlaşmaya töhfə verir. Baş nazirin müavini əmin olduğunu bildirib ki, təşkilat bundan sonra da qarşısında duran vəzifələri uğurla yerinə yetirəcək.

Bakı konfransını bu mənada əhəmiyyətli mərhələ adlandıran Əli Əhmədov Azərbaycanın dünyanın gənc dövlətlərindən biri olduğunu diqqətə çatdırıb, ölkəmizin qısa dövrdə böyük inkişaf yolu keçdiyini, insanların rifahının yüksəlməsi sayəsində mühüm layihələr reallaşdırdığını vurğulayıb.

Baş nazirin müavini bildirib ki, Azərbaycan təcrübəsi Dünya Skaut Hərəkatının inkişafına və müsbət dəyişikliklər axtarışına mühüm töhfə olacaq.

Daha sonra gənclər və idman naziri Azad Rəhimov tədbirin iştirakçılarını salamladı, 41-ci Dünya Skaut Konfransının əhəmiyyətini vurğulayıb.

Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 41-ci Dünya Skaut Konfransına təbrik məktubunu oxudu.

Prezidentin məktubunda Azərbaycan cəmiyyətinin skaut hərəkatının ideallarını asan qəbul etdiyi vurğulanır. Bildirilir ki, “Müsbət dəyişikliklərə birlikdə” şüarı altında keçirilən konfrans ölkəmizdə hökm sürən multikulturalizm ideallarına uyğundur. Məktubda vurğulanır ki, bir çox mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkan olan Azərbaycan dialoqun mərkəzidir.

41-ci Dünya Skaut Konfransının açılış mərasimi atəşfəşanlıqla başa çatıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri