23 
Sen
2017
13:00
24
85
4747
Virtual karabakh

Fəsillərin kəskin dəyişməsi kimlər üçün təhlükəlidir?

23 Sen, 2017
13:00
4747

Fəsillərin kəskin dəyişməsi kimlər üçün təhlükəlidir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həkim: “Bu dövrdə infarkt, beyinə qansızma riski artır...”

“Azərbaycanda yaz və payız fəsilləri tədricən sıradan çıxır. Qışdan yay fəslinə, yaydan isə qış fəslinə keçid olur”. Bu sözləri Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib.

O bildirib ki, bu, buzlaşma dövrü ilə əlaqədardır: “Bu il ölkəmizdə qış fəsli sərt keçib, yaz isə soyuq və yağışlı olub. İyun ayının 15-dən havalar isinməyə başlayıb. İsti havalar indi də davam edir. Bu il də yay fəslindən qış fəslinə keçəcəyik. İqlimdə dəyişiklər baş verir. Bu dəyişiklərin əsas səbəbi insanın özüdür. Ətraf mühit həddindən artıq çirkləndirilib, bütün ərazi tullantılarla doludur. Buna görə torpaq, su, hava nəfəs ala bilmir, özünü ”yaxşı" hiss edə bilmir. Həmçinin bəzi dövlətlər tektonik silahlardan istifadə edərək, zəlzələrin olmasına səbəb olurlar".

T.Zeynalov vurğulayıb ki, bu il qış ötənilkindən sərt olacaq: “Ötən il oktyabrın 20-dən sonra palto, plaşa keçilmişdi. Bu il də belə olacaq. Ötən qışda Bakıda, rayonların bəzilərində qar az yağmışdı, amma dağlıq yerlərdə isə əksinə idi. Bu il daha artıq qarın yağması və qışın daha sərt keçməsi gözlənilir. İlbəil havalar tədricən soyuyur. Təxminən 2030-cu ildə Azərbaycan ərazisi, xüsusilə şimal hissə buz bağlayacaq. Buzlaşma Bakıya qədər gəlməsə də, paytaxtda 15-20 dərəcə şaxta olacaq”.

Təbii ki, 2030-cu ildə Azərbaycan ərazisinin, xüsusilə şimal hissənin buz bağlayacağı ilə bağlı proqnoz müzakirəyə açıq bir mövzudur və birmənalı deyil.

Lakin fakt budur ki, bu il yayın gəlişi gecikdiyi kimi, payızın da gəlişi müşahidə olunmur. Sentyabr ayına xas olmayan isti havalar davam edir. Havanın qısa müddət ərzində dəyişməsi, kəskin soyuqlaşması isə insanların səhhətinə təsirsiz ötüşmür.

Oxu.Az xəbər verir ki, bu barədə “Yeni Müsavat”a danışan tanınmış həkim Seyfəddin Əsəd də təsdiqlədi ki, hər zaman yaz-yay, yay-payız dəyişikliklərində insanların səhhətində müəyyən narahatlıqlar özünü göstərir: “Buna mövsümi xəstəliklər də deyirlər. Məsələn, revmatizm, müəyyən allergik xəstəliklər havanın dəyişdiyi vaxtlarda daha çox baş qaldırır. Əsasən də payız fəslinə keçidi həmin xəstələr öncədən hiss edirlər. Yağışın yağacağını, havanın soyuyacağını öncədən bilirlər. Təsadüfi deyil ki, ölüm halları məhz yaz və payız aylarında daha çox olur. Yaz aylarında bunu havanın dəyişməsi və vitamin azlığı ilə izah edirlər. Payızda isə bunu havanın kəskin dəyişməsi isə bağlayırlar. Bu təzyiq xəstələrinə, o cümlədən sinir sisteminə, revmatik xəstələrə birbaşa təsir edir, həmin insanlarda narahatlıq artır. Havanın dəyişməsi ürək döyüntüsünə, sinir oyanıqlığına da birbaşa təsir edir. Ona görə də, iqlim dəyişikliyi xəstəliklərin artmasına gətirib çıxarır”.

Həkim vurğuladı ki, həyatında builki qədər isti keçən  sentyabr görməyib: “Gördüyünüz  kimi, bu il yay da çox gec gəldi. Həmçinin, yay boyunca yağış çox az yağdı. İndi də insanlar Günəşi görüb özlərini unudurlar, geyimlərinə diqqət etmirlər. Yayda soyuqdəymə və qrip az olsa da, indi artıb. İnsanların oynaq ağrıları artıb. Bunlar kəskin iqlim dəyişikliklərinin orqanizmə təsirinin nəticəsidir. Bu dövrdə ürək-damar sistemi xəstəliklərinlərindən və yüksək qan təzyiqindən əziyyət çəkənlərin vəziyyəti kəskinləşə bilər. Bu keçid dövrlərində insanlarda ürək infarkt, beyin toxumasının infarktı riski artır”.

Seyfəddin Əsəd risk qrupuna daxil olan həmin xəstələr bunları tövsiyə etdi: “Bu dəqiqə həmin xəstələr zəli qoydursalar, 6 ay boyunca rahat həyatlarını yaşaya bilərlər. 6 ay onlarda nə infarkt, nə tromb ola bilməz. Revmatizm xəstələri özlərini arı ilə müalicə etdirsələr, ağrılardan azad olacaqlar, qışın nə cür gəlib-getdiyini bilməyəcəklər. Çünki orqanizmi çox  güclü immunitet qazanır. Mən bu insanlara tövsiyə edərdim ki, bu xəstələr immunitetlərini qoruyub saxlasınlar, günəşi görüb aldanmasınlar. Payız fəslinin gəldiyini nəzərə alsınlar, yeldöyəndə oturmasınlar. Meyvə-tərəvəzdən çox istifadə etsinlər. Yayda yedikləri dondurmaları yeməsinlər. Çox ağır yeməklərdən imtina etsinlər, yeməkləri çox qarışdırmasınlar və bir qida ilə qidalansınlar. Stressdən və oturaq həyatdan uzaq olsunlar. Bu dövrdə insanlarda infarkt, beyinə qan sızma riski artır və revmatizm ağrıları başlayır. Həmçinin allergik xəstəliklər, bronxial asma, bronxit və dəri xəstəlikləri artır”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri