27 
Okt
2018
12:31
220
49
15803
Virtual karabakh

Nərmin Zeynallı: Lüğət alıb, günə on yeni söz öyrənsələr, daha səmərəli olar

27 Okt, 2018
12:31
15803

Nərmin Zeynallı: Lüğət alıb, günə on yeni söz öyrənsələr, daha səmərəli olar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, Nyu-Yorkda media sahəsində çalışır. Boş vaxtlarında “Instagram”da kitablar haqqında fikirlərini izləyiciləri ilə bölüşür.

Oxu.Az dövrün savadlı və kitabsevərliyi ilə tanınan gənclərindən biri - Nərmin Zeynallı ilə müsahibəni təqdim edir:

- Kitablara olan sevginizi, marağınızı nə vaxt kəşf etdiniz?

- Böyük kitabxanalı evdə böyümüşəm, evimizdəki kitablar bütün əşyalardan sayca daha çox idi. Yəqin ki, buradan yaranıb sevgi. Mütaliə edən valideynlərimi görüb, onlara bənzəməyə çalışırdım. 

- Hansı kitabı oxuyacağınızı necə seçirsiniz?

- Axır vaxtlar tamamilə təsadüfi seçimlər edirəm. Nyu-Yorkda insanlar oxuduqları kitabları qapılarının önünə qoyurlar. Mən də qarşıma çıxan kitablardan hansını bəyənsəm, onu oxuyuram.

- Hər kəsin mütləq oxumalı olduğunu düşündüyüz kitablar var?

- “Mütləqlərin” varlığına inanmıram. İnsanlar individualdır, hər kəsin içində çox fərqli insanlar, zövqlər və həyatlar var. Kim nəyi istəyir, onu oxusun.

- Sizə ən çox təsir edən kitab hansı olub?

- Tək bir kitab seçmək çox çətindir. Ən sevdiklərim, yəqin ki, Corc Oruelin “1984”, Frans Kafkanın “Çevrilmə” və Alber Kamyunun “Yad” əsəridir.

- Ən sevdiyiniz yazıçılar kimlərdir? İlhamlandığınız biriləri var?

- Yuxarıda sadaladıqlarımdan başqa, Fyodor Dostoyevski, Anton Çexov, Marsel Prust ən sevdiklərim arasındadır. Mənə ən çox təsir edən yazıçı Elena Ferrantedir, onun “Neapol dördlüyü” son illərdə oxuduğum ən gözəl əsər olub. 

- Çox adam fərdi inkişaf kitablarına qarşıdır, siz bu barədə nə düşünürsünüz? Onları oxumağa dəyər? Ümumiyyətlə, fərdi inkişaf kitablarına münasibətiniz necədir?

- Məncə, insanlar inkişaf etmək üçün “necə inkişaf edim?” kitabı oxumağa xərclədikləri zamanda bir lüğət alıb hər gün on yeni söz öyrənsələr, daha səmərəli olar. Ümumiyyətlə, belə kitabların insanları individualizmə aparmasını sevmirəm. 

- Azərbaycanlı yazıçılardan kimləri oxuyursunuz? 

- Yusif Vəzir Çəmənzəminli, Rafael Hüseynov, Maqsud İbrahimbəyov və başqaları. 

- Elektron kitab, yoxsa kağız? Daha çox hansına üstünlük verirsiniz?

- Hər zaman fiziki kitab. Elektron nə qədər həyatı asanlaşdırsa da, kitab oxumaqdan zövq almaq üçün onu əlimdə tutmalıyam, vərəqləməliyəm.

- Nə vaxtsa öz kitabınızı yazmağı düşünürsünüz?

- Kitab bilmirəm, amma həmişə yazacam, yəqin ki. Bəlkə, məqalə, bəlkə, elmi iş.

- Kitab oxumağa vaxt tapmadığını deyənlər olur, siz necə vaxt tapırsınız?

- Elə olur ki, aylarla vaxt tapmıram. Elə olur ki, bir həftədə üç kitab oxuyuram. Ən sevdiyim məşğuliyyət oxumaq olduğu üçün həmişə bir bəhanə tapıb, oxumağı gündəlik rejimimə salıram. Məsələn, universitetə girəndə fakültə seçməli idim. Çox düşünmədən daha çox ədəbiyyat dərsləri olan fakültə seçmişdim ki, həmişə oxuya bilim. İndiki məqsədim də odur ki, bir gün işim kitab oxumaqla əlaqəli olsun, yəni, çörəyim kitabdan çıxsın. 

- ABŞ-da küçədə kitablar – xəzinə tapdığınızı bildirirsiniz tez-tez və bu təbii ki, inanılmaz dərəcədə gözəldir. İlk dəfə elə vəziyyəti görəndə reaksiyanız necə oldu? Azərbaycanda nə vaxtsa elə halla rastlaşmısınız?

- Nyu-Yorkda evlər balacadır. Bu da insanların minimalist olmasına gətirib-çıxarır. Təkcə kitab deyil, küçələrdə təptəzə ev əşyaları, geyim, mebel - hər şey tapmaq olar. İnsanlar oxuduğu kitabları tərtəmiz qutulara yığıb üstünə pulsuz olduğunu yazırlar. Bunu ilk dəfə görəndə Nyu-Yorkun kitabsevərlərin cənnəti olduğunu düşünmüşdüm. Azərbaycanda “free cycle” varmı bilmirəm, amma Türkiyədə də bu belə idi. İnsanlar oxuduqları kitabları “Facebook” səhifəsində bir-biri ilə dəyişdirirdilər. 

- Gəncliyin inkişaf etməsi üçün hansı kitablar oxunmalı, hansılar az oxunmalıdır?

- Bu suala cavab versəm, fərdi inkişaf kitabına dönəcəyəm. Hər insan öz sevdiyi işi görsün, zövq alsın həyatdan. Ən yaxşı, ən güclü, ən inkişaf etmiş olmağa yox, xoşbəxt, azad və hüzurlu olmağa can atsın. 

- Sizcə, kitab sevgisini gənclərə necə aşılamaq olar?

- Uşaqlıqdan başlamaq lazımdır. Bunun ən effektiv yolu da odur ki, valideyn özü dayanmadan kitab oxusun. Çünki uşaqlıqdan ideallarımız valideynlərimizdir və şüuraltı olaraq, onlara bənzəməyə çalışırıq. Uşaq ikən qazandığımız vərdişlər ömrümüzün sonuna qədər bizimlə qalır, yazı yazmaq, velosiped sürmək kimi. 

Nəzrin Həsənova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri