Noy
2018
09:59
249
27
7495
Virtual karabakh

MTRŞ rəsmisi: Üzdəniraq “sənətçilərin” dəbdəbəli həyatı örnək ola bilməz

6 Noy, 2018
09:59
7495

MTRŞ rəsmisi: Üzdəniraq “sənətçilərin” dəbdəbəli həyatı örnək ola bilməz

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşi, vəzifəsi, qabiliyyəti, aylıq məvacibi və qazancı hər kəsə bəlli olan bəzi üzdəniraq “sənətçilərin” mənbəyi məlum olmayan pullar hesabına qurduğu hər cür dəbdəbəli həyat şəraiti başqaları üçün örnək kimi təbliğ oluna bilməz.

Oxu.Az xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurası sədrinin müavini Qafar Cəbiyev “Xalq qəzeti”ndəki yazısında qeyd edib.

Milli televiziyanın vəziyyətindən söz açan Cəbiyev bəzi aparıcıların şitliyindən də gileylənib.

“Teleradio yayımçıları əhalini maarifləndirmək və məlumatlandırmaqla yanaşı, həm də əyləndirmək missiyasını həyata keçirirlər. Azərbaycan efirində geniş yer alan şou xarakterli verilişlər də elə daha çox məhz bu məqsədə xidmət edir.

Təbiidir ki, tamaşaçı şoulara əylənmək və sinirlərini sakitləşdirmək məqsədilə baxır. Lakin bəzi efir aparıcılarının şitliyi, müştəbehliyi, qoyulan mövzuların bəsitliyi və primitivliyi ucbatından tamaşaçı efirdən nəinki istədiyi zövqü ala bilmir, üstəlik ya əsəbiləşir, yaxud da yad və bayağı təsirlərə məruz qalır.

Etiraf edək ki, uğurlu seçim olmayan bəzi teleaparıcılar bu gün, sözün tam mənasında, efirimizin çox ciddi probleminə çevrilib. Nədənsə teleradio qurumlarının rəhbərləri insanların gözünü qabar etmiş olan bu cür başabəla aparıcılardan əl çəkmək istəmirlər.

Məgər onları daha bacarıqlı, daha istedadlı və daha peşəkar insanlarla əvəz etmək olmaz?! Yəni, atalar demişkən “xoruz olmasa, sabah açılmayacaq?!”

Son vaxtlar bəzi telekanallarda sosial şəbəkələrin populyarlaşdırdığı, əslində isə əxlaqi və psixi durumunda problemləri olan insanlar üzərində şoular qurması, cəmiyyətimiz və mənəviyyatımız üçün əsla səciyyəvi olmayan tək-tək halların daha da şişirdilərək əcayib tərzdə tamaşaçıya təqdim olunması da çox ciddi ictimai narazılıq doğurur”.

Qafar Cəbiyevin sözlərinə görə, teleradio yayımçılarının işi və qayğısı təkcə baxımlı proqramlar hazırlamaqla tamaşaçıların rəğbətini qazanmaqdan ibarət deyil: 

“Bu, sadəcə, onların gündəlik işinin görünən tərəfidir. Bununla yanaşı, onlar hazırladıqları efir materiallarından həm də qazanc əldə etmək barədə düşünürlər. Yəni, reytinq gətirən verilişlər hazırlanmalıdır ki, yaxşı reklamı da olsun. Doğrudur, dövlətin maliyyələşdirdiyi kanalların bu cəhətdən sıxıntısı yoxdur. Amma özəl yayımçılar bu yolda az qala hər qəpik uğrunda çarpışmalı olurlar. Çünki onlar məhz özlərinin qazancı hesabına maddi-texniki bazalarını təkmilləşdirir, işçilərin sosial təminatını yaxşılaşdırır, həm də dövlət büdcəsinə ödəmələr həyata keçirirlər.

Lakin bu qəbildən olan qayğılarla bərabər özəl telekanallar həm də cəmiyyəti maarifləndirməyə, insanları Vətənimizə, dövlətimizə və xalqımıza məxsus dəyərlərin qorunmasına, yaşadılmasına və təbliğ edilməsinə səfərbər etməyə borcludurlar”.

O, maqazin proqramlarında müğənnilərin evlərinin reklam olunmasını düzgün saymayıb:

“Son vaxtlar şou-biznes əhlinə məxsus dəbdəbəli evlərin, villaların və maşınların reklamı maqazin proqramlarının başlıca mövzusuna çevrilib. Açıq demək lazımdır ki, bu cür sifarişli verilişlər əksər hallarda cəmiyyət tərəfindən ikrah hissi ilə qarşılanır. Yəni, insanlar çox yaxşı bilirlər ki, alın təri ilə qazanılmış pullarla bu cür – ifrat dəbdəbə sahibi olmaq qeyri-mümkündür.

İşi, vəzifəsi, qabiliyyəti, aylıq məvacibi və qazancı hər kəsə bəlli olan bəzi üzdəniraq “sənətçilərin” mənbəyi məlum olmayan pullar hesabına qurduğu hər cür dəbdəbəli həyat şəraiti başqaları üçün örnək kimi təbliğ oluna bilməz. Əksinə, əyri yollarla əldə olunmuş bahalı maşınları, oğurluq pullarla ucaldılmış dəbdəbəli villa və imarətləri təbliğ etməyin özü halal zəhmətlə dolanan vicdanlı insanlara qarşı hörmətsizlikdir.

Bu cür üzdəniraq təbliğat nəticə etibarı ilə gənclərin əxlaqını pozur, xüsusən də onların peşə seçimində səhvə yol vermələrinə gətirib çıxarır. Bununla da ölkənin və millətin gələcəyi üçün əlavə problemlər yaratmış oluruq”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri