19 
Noy
2018
11:59
115
38
8219
Virtual karabakh

Özəl günlərdə qadınlar kişilərlə haqsız davranırlar - KİŞİLƏR GÜNÜ

19 Noy, 2018
11:59
8219

Özəl günlərdə qadınlar kişilərlə haqsız davranırlar - KİŞİLƏR GÜNÜ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün bəylər üçün əlamətdar tarix hesab oluna biləcək gün olsa da, çoxları, xüsusilə də xanımlar bu barədə məlumatsızdır. Kişilər günü, başqa adı ilə “World Men's Day”.

“8 Mart Beynəlxalq qadınlar günü” olduğu kimi, noyabrın 19-da “Beynəlxalq kişilər günü” də mövcuddur. İlk dəfə 1999-cu ilin 19 noyabrında Trinidad və Tobaqoda qeyd edilən bayram indi ABŞ, Böyük Britaniya, Yamayka, Avstraliya, Hindistan, Sinqapur, Malta və Cənubi Amerika ilə yanaşı, 60-a yaxın ölkədə qeyd edilir.

Oxu.Az bu günün səbəbkarları arasında kiçik sorğu keçirib.

8 Mart kişilər günündən daha geniş qeyd olunur. Qadınlar həmişə gender bərabərliyi mövqeyindən çıxış etsələr də, bu cür bayramlarda bu şüar yada düşmür. Niyə? Media nümayəndələri arasından kişilərə belə bir sual ünvanladıq:

“Kişilər günündə kişilər niyə unudulur?”

Niyam Şirinov kişilər gününün nə vaxt olduğunu belə unutduğunu deyir:

“Vallah, bilmirik bizim bayramımız var. Varsa da, nə vaxtdır, bilinmir. Gah 23 fevral, gah 26 iyun, gah da 19 noyabrda qeyd olunur. Bunun belə olması qadın hegemonluğundan xəbər verir. Çünki onların 8 Martı təntənəli şəkildə keçirilir, və biz ikinci planda oluruq.

Nəticədə, qadın böyük qüvvə kimi öz istədiyini etdirir və olan bizə olur. Əzəldən ana xaqanlığı (matriaxrat) hökm sürüb. Sonradan ata xaqanlığına keçid olsa da, zamanla bu hökmranlıq formallaşıb. Hər şey qadınların əlindədir. Biz kişilərin bir canı qalıb, bir də bir (üç) günümüz”.

Amin Nəzərli qadınların özəl günlərdə kişilərə qarşı haqsızlıq etməsindən şikayətçidir:

“Qadınlar tarix boyu bərabərlik, azadlıq və hüquqları ilə bağlı mövzularda kişilərin onlara haqsızlıq etdiyini deyiblər. Amma nədənsə, özəl günlərdə həmişə özləri kişilərə qarşı haqsız davranırlar. 8 Mart, sevgililər günü, ad günü, tanış olma günü, evlilik günü və s. bir çox özəl günlərdə həmişə kişilərdən diqqət gözləyirlər.

Həmişə kişilərin onları yada salmasını istəyirlər. Amma özləri buna əməl etmirlər. Söhbət iki insanın həyatından gedirsə, hər şey müştərək olmalıdır. Özəl günlərdə kişilərdən diqqət gözləyib, kişilərin özəl günlərində onları diqqətdən kənarda qoymaq elə gender bərabərliyinin pozulması deyilmi?

Söhbət hər hansı hədiyyə və ya bahalı jestlərdən getmir. Qadın özəl günlərdə iki cümləlik mesajla, yaxud öz əli ilə bişirdiyi kiçik bir şirniyyatla kişini xoşbəxt edə bilər. Bunu nə vaxt edəcəksiniz, xanımlar?”

Əziz Əlibəyli deyir ki, dünya 90 il sonra başa düşüb ki, kişilər də ailənin bir qurucusudur və əslində, qorunmağa ehtiyacı olan tərəfdir:

“Təsəvvür edin, qadınların təşkilatlanıb, bütün dünyada söz sahibi olmasından 90 il sonra – 1999-cu ildə başa düşüblər ki, kişiləri diskriminasiyadan qorumaq lazım imiş, ailənin formalaşmasında, tərbiyə prosesində bunlara yer vermək lazım imiş. İlahi ədalət genderarası bərabərliyi gec də olsa, təmin edib.

Əslində, ciddi bir proses gedir, kişi nəslinin tükənməsi, qəddar təbiətin davranışı, elmi – tibbi sahənin sürətli inkişafı, savaşlar, aparılan təbliğat kişiləri cinsi azlıqda qoyub, nəslini tükəndirir. Ona görə kütləvi formada gələcəkdə o gün olacaq ki, kişilərin cəmiyyətdə qorunması, həyatda qalması üçün nəslin özünü “Qırmızı kitab”a salacaqlar.

Kişilərdə orta sperma sayı son 50 ildə haradasa yarı-yarıya azalıb və azalmaqda davam edir. Diqqət azlığı, qadınların səsinin daha çox eşidilməsi kişilərin hüquqlarını pozur, ona görə də ictimai düşüncə kişilər gününü yada salmır, amma burada daha çox gözləntim qadınlardandır.

Onlar növbəti dəfə qollarını çirməyib işə başlayacaq və həqiqətən, öz partnyorlarının həyatda qalması naminə fəaliyyət göstərəcəklər. Heç kimdən hədiyyə istəmirəm, çünki mənə kim nə alırsa, 10 qat artıq əvəzini çıxır. Kişilərə məsləhətim çox oxusunlar, onların ciddi sağlamlıq maarifləndirilməsinə ehtiyacları var”.

Hikmət Həsənovun fikrincə, qadınlar hər zaman bəylərin baş tacıdır:

“Nəinki 8 Martda, hər gün onların günüdür. Bizim də işimiz qadınlarımıza daha gözəl günlər bəxş etməkdir. Qaldı ki kişilər gününə, fikrimcə, o kişi ki, qadınını xoşbəxt edir, bu, onun günüdür. Hədiyyə isə, zatən qadın bütün ömrünü kişisinə həsr edir. Daha dəyərli nə hədiyyə ola bilər? Bir təbəssüm, xoş bir söz dəyəri ölçülməyən hədiyyədir”.

Səxavət Məmməd deyir ki, nə qədər gün ola, 8 Mart qədər təntənəli keçirməzlər:

“Bu sual mənə ünvanlanmasa, bilməzdim ki, kişilər günü də var. Bu, necə gündür ki, heç kişilərin bundan xəbəri yoxdur? Kişilər gününün necə yarandığını, hansı səbəbdən bu günə təyin edildiyini bilmirəm. Yəqin ki, “xala xətrin qalmasın” üçün bunu ediblər. Kişilərin xəbərsiz olduğu gündə qadın təxribatının iyi gəlir. Bu dünyanın ədaləti zatən Həvva Adəmin qabırğasından yarananda pozulub. Gender bərabərliyindən, insan hüquqlarından danışmağın yeri yoxdur. Kövrəltməyin bizi”.

Könül Cəfərli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri