22 
Noy
2018
09:55
243
19
9598
Virtual karabakh

Koreyada yaşayan azərbaycanlı: Koreyalı məndən Gədəbəyi soruşdu

10 ilə yaxındır Cənubu Koreyada yaşayan Nihat Xəlilzadə Oxu.Az-ın suallarını cavablandırıb.

- Nihat bəy, harada doğulmusunuz? Azərbaycanda hansı universitetdə təhsil almısınız?

- 1992-ci ildə Masallıda anadan olmuşam. Qafqaz Universitetinə (indiki Bakı Mühəndislik Universiteti - red.) daxil olmuşam. Universitetə daxil olan zaman ingilis dilini zəif bildiyim üçün ixtisas seçimində atam mənə köməklik etdi. Riyaziyyat və informatika ixtisasını seçdik.

Bu seçim həyatımı dəyişdi. Təhsil ingilis dilində olduğu üçün bu dili əla səviyyədə öyrəndim. Azərbaycanda bu dildə danışma şansım az idi. Qərar verdim ki, xaricə gedim.

- Azərbaycanlılar xaricdə yaşamaq istəyən zaman Avropa ölkələrini seçirlər. Niyə məhz Koreyanı seçdiniz?

- Koreyaya gəlməyimdə ən böyük səbəb Koreya Dövlət Təqaüdü olub və indiyə kimi bu təqaüd dünyanın ən yaxşı təqaüdlərindən biridir. Öz həyatımı özüm qurmaq üçün Koreyaya getdim və nə yaxşı ki bu yolu seçdim.

Bir il Koreyanın Dequ şəhərində yerləşən Keimyung Universitetində yerli dili öyrəndim. Seul şəhərində ən yaxşı mühəndislik universitetlərindən biri olan Hanyang Universitetində bakalavr dərəcəsi üzrə kompüter mühəndisliyi ixtisasını bitirdim. Bakalavr təhsili alarkən, “Hebronstar”, “Dream Trading” şirkətlərində təcrübə keçdim. 

- Koreyada olan zaman ilk vaxtlar orada hansı çətinliklərlə qarşılaşdınız?  Bəs, koreyalılar sizi necə qarşıladılar? Bu ölkəyə üz tutduğunuz üçün nə vaxtsa peşmançılıq yaşamısızmı?

- İlk günlər gəlməyimə çox peşman idim. Çünki 19 yaşında gənc xaricə ilk dəfə gəlirdi. Koreyaya qışda gecə çatdım, həftə sonu və hava soyuq idi. Universitet həftə sonu fəaliyyət göstərmir deyə, çölə çıxa bilmirdim və hər şey çox çətin gəlirdi. Amma artıq Koreyada yaşamaq mənim üçün çox rahatdır. Ətrafımdakı koreyalılar bəzən mənim əcnəbi olduğumu da unudurlar.

- Hazırda orada nə işlə məşğul olursunuz?

- Hazırda Koreya şirkətlərinin birində İnformasiya Texnologiyalarının Xariclə Əlaqələr üzrə texnologiya mütəxəssisi vəzifəsində çalışıram, həmçinin Azərbaycan haqqında dərslər verirəm, televiziya fəaliyyəti ilə məşğulam və həmçinin, əlavə məşğuliyyət olaraq həftə sonları Azərbaycan mətbəxini təbliğ edirəm.

Koreyada 2011-ci ildən “United Nations Educational, Scientific and Cultural Organization” (UNESCO), 2014-ci ildən Seul Gənclər Mərkəzində Azərbaycan haqqında dərslər keçmişəm. Tələbələrim daha çox yeddi - 20 yaş arası olan insanlar idi. Tələbələr Azərbaycana getməyi arzu edirdilər. Koreya və Azərbaycan dili Altay dil ailəsinə aiddir.

Bunu cümlələrin quruluşunda, hərflərin səslənməsindən hiss etmək olur. Tələbələrim ən çox yadda qalan sözləri “sağ ol” sözüdür. Çünki onları “sağol” adlı yeməkləri var. Ölkəmi xaricdə tanıtmaq mənim üçün fəxrdir. Bəlkə də, tələbələrə dediyim dərslər yaddan çıxa bilər, amma inanıram ki, onlar üçün bişirdiyim yeməyin dadı damaqlarından getməyəcək.

- Koreyada başqa azərbaycanlılar varmı? Əlaqə yaradırsınızmı?

- Koreyada 100-dən çox azərbaycanlı var. Əvvəllər tez-tez görüşürdük, amma artıq ailə, iş başımı qatıb. Arada görüş təyin edilir. 

- Bir azərbaycanlı olaraq ölkəmizi Koreyada təbliğ edirsizinizmi? 

- Koreyaya gəldiyim ilk gündən Azərbaycan haqqında dərslər verirəm və Azərbaycan haqqında tədbirlərə, ekspolara və televiziya verilişlərinə qatılıb məlumatlar verirəm. İndiyə kimi yüzlərlə məktəblərdə, tədbirlərdə Azərbaycanı təbliğ etməyə çalışmışam. Hazırda da fəaliyyətimə davam edirəm.

- 26 yaşınız var və artıq evlisiniz. Koreyada evlənmisiniz, ya Bakıda?

- Təhsilimi bitirdikdən sonra Azərbaycanda evlənib, yenidən həyat yoldaşımla Koreyaya qayıtdıq. Mən evlənənə kimi elə fikirləşirdim ki, ailə qurmaq çətindir, karyeranın sonu deməkdir. Amma evlənəndən sonra düşüncəm dəyişdi. Ailə gözəl həyatın başlanğıcıdır. 

- Sərgilərdə Azərbaycan yeməklərini təbliğ edirsiniz. Yeməkləri həyat yoldaşınızla bişirirsiniz?

- Yeməkləri yoldaşım, qaynım və bəzən başqa azərbaycanlı dostlarla birlikdə hazırlayırıq. İllərdir ki, sərgilərdə ailəlikcə könüllü şəkildə ölkəmizi tanıtmağa çalışırıq. Bu, bizim Koreyadakı missiyamıza çevrilib.

Əvvəllər Azərbaycan restoranı işlətdiyimə görə yeməklərlə aram yaxşıdır. Koreyada ilk dəfə Azərbaycan restoranı açdım, amma gözlədiyimiz nəticələri əldə edə bilmədim və restoranı bağlamalı oldum. Çünki restoranı açan zaman Koreyada Azərbaycanı yaxşı tanımırdılar və müştərilər az olurdu.

Amma indi Azərbaycan haqda maraqlanırlar. Koreyalılar milli mətbəximizdən dolma, qutab, qovurmanı daha çox sevirlər. Bir gün yenidən Koreyada restoran açmağı planlaşdırsam, qutab mənim restoranımın brendi olacaq. Onlar göyərti sevmirlər deyə, sərgilərdə ət qutabları hazırlayırıq. Eyni zamanda, çörəklər, şirniyyatlar, ölkəmizə aid olan suvenirlər sərgiləyirk.

- Nihat bəy, Koreyada başınıza gələn maraqlı hadisə varmı?

- Bizim hər günümüz burada bir hadisə ilə yadda qalır. Amma məni ən çox təəccübləndirən bir hadisə var. Tədbirlərin birində koreyalının biri mənə yaxınlaşıb, Gədəbəydə olmasından danışdı. Normalda Azərbaycana gedənlər hamısı Bakıya dair danışır. Gədəbəydən danışması məndə təəccüb yaratdı.

Mən öz bloqumda anadan olduğum Masallı haqqında yazmışdım. Yazımı oxuyan koreyalı  Masallıya gedib. Belə hadisələr, həqiqətən də, insanı daha da fəal fəaliyyətlə məşğul olub Azərbaycanı təqdim etməyə həvəsləndirir. Demək olar ki, həftədə iki-üç koreyalı gənc yazır ki, ən böyük arzum Azərbaycanı ziyarət etməkdir.

- Siz Cənubi Koreyada yaşayırsınız. Bəs, Şimalı Koreyada yaşamaq istərdinizmi?

- Barışıq olan zaman Şimalı Koreyaya köçmək fikrim var. Cənubdan Şimalın qısa zamanda böyük inkişafı üçün böyük investisiyalar qoyulacaq. Mənim də bu barədə bəzi planlarım var.

- Bəs, həyat yoldaşınız harada işləyir? 

- Xanımım hazırda təhsil alır.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri