Dek
2018
11:48
6
83
2049
Virtual karabakh

Bələdiyyələr məktəb təşkil etmək gücündədirlərmi? - MÖVQE

5 Dek, 2018
11:48
2049

Bələdiyyələr məktəb təşkil etmək gücündədirlərmi? - MÖVQE

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ümumi təhsil haqqında” yeni qanun layihəsində bələdiyyələrə artıq orta ümumtəhsil məktəbləri yaratmaq və təşkil etmək səlahiyyətləri verilir.

Qeyd edək ki, adıçəkilən qanun layihəsi parlamentin plenar iclaslarının üç oxunuşunun müzakirələrindən keçəndən və ölkə prezidenti tərəfindən imzalanandan sonra bu məsələnin reallığa çevrilməsi mümkün ola bilər və olacaq.

Xatırladaq ki, artıq qanun layihəsi geniş etirazlar doğurmadan parlamentin plenar iclasına  tövsiyə olunub və onun ən azı payız (qış) sessiyasının sonuna kimi və 2019-cu il yaz sessiyasının ilk iclasında qəbulu gözlənilir.

Onu da qeyd edək ki, indiyə kimi konkret olaraq, Azərbaycan bələdiyyələrinə belə bir hüquq -  ümumi təhsil müəssisələri yaratmaq hüququ verilməmişdi və  ancaq adıçəkilən qanun qəbul olunub, imzalanacağı təqdirdə, bələdiyyələr ölkəmizdə ilk dəfə belə bir hüquqdan yararlanmaq imkanına malik olacaqlar.

Bəs görəsən, Azərbaycan bələdiyyələri həmin hüquqdan irəli gələn məsələləri həll edə, bələdiyyə məktəblərini gerçəkləşdirə biləcəklərmi?

“Bələdiyyə məktəblərinin təşkili, yaradılması asan məsələ deyil

Bir müddət yerli özünüidarəetmə orqanında fəaliyyət göstərmiş parlamentin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Oxu.Az-a açıqlamasında öncə adıçəkilən qanun layihəsinin hazırlanmasını və müzakirələrə çıxarılmasını çox təqdirəlayiq bir məsələ hesab etdiyini bildirib.

Qeyd edib ki, belə bir qanuna ehtiyac var və o, Azərbaycan təhsilində olan problemlərin həllində öz müsbət rolunu oynaya bilər.

Millət vəkili deyib ki, sözügedən qanun layihəsində dövlət və özəl ümumi təhsil müəssisələri ilə yanaşı, bələdiyyə ümumtəhsil müəssisələrinin təşkili hüququnun əksini tapması ikiqat əlamətdar və sevindirici bir məsələdir.

Bildirib ki, bu, çoxdan gözlənilən bir məsələ idi və son illər yavaş da olsa, inkişaf yolu ilə addımlayan Azərbaycan bələdiyyələrinə növbəti etimadın əyani göstəricisidir.

Deputatın sözlərinə görə, bu məsələ reallaşacağı, yəni məlum qanun layihəsi qəbul edilərək, icraya yönəldiləcəyi təqdirdə, bələdiyyələrin həyatında yeni mərhələ təşkil edəcək.

Dünyanın yerli özünüidarəetmə sisteminə, bələdiyyə təsisatına malik olan əksər ölkələrində, o cümlədən, qardaş və dost Türkiyədə uzun illərdir bu təcrübənin olduğunu, orada bələdiyyələrə məktəblər təşkil etmək hüququnun verildiyini xatırladan millət vəkili qeyd edib ki, artıq Azərbaycanda da bu məsələnin reallaşdırılması yönündə addımların atılmasına start verilməsi çox mühüm hadisədir:

“Mən uzun illərdir ki, bu sahə ilə yaxından tanışam və həm də 18 illik deputatlıq fəaliyyətim dövründə Regional məsələlər komitəsinin üzvü kimi hər zaman çıxışlarımda, mətbu açıqlamalarımda bələdiyyələrlə, onların inkişafı və problemləri ilə bağlı məsələləri önə çəkməyə çalışmışam.

Yəqin ki, şahidsiniz, hər zaman şəxsən arzum və istəyim bu olub ki, ölkədə bələdiyyələrin fəaliyyəti genişlənsin, güclənsin, onların səlahiyyətləri artırılsın, onlara cəmiyyətdə böyük inam, etimad olsun. 

Bəzi məqamlara baxmayaraq, bələdiyyələrin səlahiyyətləri də daim mərhələ-mərhələ genişləndirilir və bu proses günümüzdə də davam etdirilir. Həmçinin, bələdiyyələrin səlahiyyətlərinin artırılması istiqamətində zaman-zaman addımlar atılır. Çünki onların səlahiyyətləri olmalıdır ki, özlərini təsdiqləyə, ayaq üstə dura bilsinlər.

Biz bəzən bələdiyyələri həddindən artıq tənqid, ittiham edirik, haqsız da deyilik, çünki hələ də öz işini günün, dövrün tələblərinə uyğun qurmayan bələdiyyələrimiz var. Eyni zamanda,  beyinlərdən hələ də uzun illər mövcud olan “bələdiyyələr ancaq torpaq satmaq üçündür”  kimi düşüncələr silinməyib. Amma bununla belə, bələdiyyələrin üzərinə tam yüklənmək, onların hamısını eyni gözdə görmək də ədalətli olmaz.

Öz işini düzgün quran, əhali arasında hörmət qazanan bələdiyyələrimiz də az deyil və onların fəaliyyəti təqdir edilməli, deyilməlidir. Amma bizdə bələdiyyə təsisatı, sistemi hələlik inkişaf mərhələsindədir, onun maliyyə təminatı bizim arzu etdiyimiz səviyyədə deyil. 

Bu gün bələdiyyələrin özlərinin güclü maliyyə təminatı olmalıdır. Çünki bu təminat olmadan, bələdiyyələrin tam inkişafından, oturuşmasından, onların qarşılarına qoyulan tələblərin həyata keçirilməsindən danışmaq olmaz.

Bələdiyyələrin güclü maliyyə təminatı olmalıdır ki, onların özlərinin məktəbləri, uşaq bağçaları, idman məktəbləri, idman klubları, idman meydançaları olsun. Bələdiyyələr idmançılar yetişdirməlidir. Yəni, bələdiyyə məktəblərinin təşkili, yaradılması, göründüyü kimi, asan məsələ deyil. Bunun üçün güclü maliyyə təminatı olmalıdır. 

Hesab edirəm və inanıram ki, belə bir təminat mütləq olacaq, Azərbaycan bələdiyyələri dünyanın qabaqcıl ölkələrinin bələdiyyələri ilə rəqabətə davam gətirə biləcək bələdiyyələr olacaq. O cümlədən, yaxın illərdə bələdiyyələrimiz ümumtəhsil məktəblərini təşkil edərək, daha bir uğura imza atacaqlar.

Bütün hallarda Azərbaycanda dövlət, özəl ümumtəhsil müəssisələri ilə yanaşı, bələdiyyə məktəbləri olmalıdır, buna ehtiyac var və bu baxımdan, artıq bu məsələnin təhsil qanunverciliyində əksini tapması hər kəs tərəfindən alqışlanmalıdır”.

Qeyd edək ki, “Ümumi təhsil haqqında” yeni qanun layihəsində bələdiyyələrə verilən səlahiyyətlər, hüquqlar bunlardır:

16.10. Bələdiyyə və özəl ümumi təhsili müəssisəsinin akkreditasiyadan keçə bilməməsi mövcud qanunvericiliyə uyğun olaraq onun lisenziyasının ləğvi üçün əsasdır.

20.2. Dövlət ümumi təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş dövlət ümumi təhsil müəssisəsinin rəhbəri, həyata keçirir. bələdiyyə ümumi təhsil müəssisəsinə rəhbərliyi bələdiyyə tərəfindən təyin edilmiş bələdiyyə ümumi təhsil müəssisəsinin rəhbəri, həyata keçirir.

20.5. Bələdiyyə və özəl ümumi təhsil müəssisəsində ali idarəetmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.

30.7. Bələdiyyə və özəl ümumi təhsil müəssisəsində təhsil haqqı əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənir.

31.5.  Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi daşımır.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri