Dek
2018
17:33
114
125
3319
Virtual karabakh

Professor: Başqa dildə təhsil vətənpərvərliyi müəyyən etmir

5 Dek, 2018
17:33
3319

Professor: Başqa dildə təhsil vətənpərvərliyi müəyyən etmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fikrimcə, bu gün xarici dil biliyi olmadan hansısa sahədə peşəkar mütəxəssis olmaq mümkün deyil. Elmin sürətli inkişafı, yeni metodların və texnologiyaların yaranması biliklərin mütəmadi təkmilləşdirilməsini tələb edir. Görünür, biz bütün bu kütləvi informasiyaları Azərbaycan dilinə tərcümə etmək iqtidarında deyilik. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında azərbaycanlı alim, texnika üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Kamran Rüstəmov bildirib. 

Onun sözlərinə görə, informasiya məkanından rahat istifadə etmək üçün çoxları ingilis dilini seçir. Xüsusilə hazırda kompüter və internet əsrini nəzərə almaq lazımdır. 

“Görünür, kütləvi ingilisdilli məktəblərin yaradılması qeyri-mümkündür. Bu nəhəng müəllim ordusu, böyük həcmdə tədris ədəbiyyatı deməkdir. Bütün bunları yaratmaq praktiki olaraq mümkün deyil. Halbuki rusdilli məktəb ənənəsi var. Rusiyada praktiki olaraq bütün ixtisaslar üzrə ədəbiyyatlar rus dilinə tərcümə edilir.

Yəni dünya elmi ədəbiyyatı onlar üçün əlçatandır. Diqqət yetirmək lazımdır ki, böyük Azərbaycanın diasporu Rusiyada yaşayır. Qohumluq əlaqələri, Rusiyaya şəxsi səfərlər də rus dili biliyi tələb edir”, - müsahibimiz bildirib. 

Rüstəmov əlavə edib ki, böyük rus yazıçılarının dünya ədəbiyyatı xəzinəsinə böyük töhfələri də əhəmiyyət kəsb edir.

“Elm və mədəniyyət xadimlərinin çoxu rus məktəbini keçib. Ola bilsin ki, Bakı Universitetinin (1919) yaradıcılarının da ilk müəllimlər kimi Rusiyadan professor və alimləri dəvət etməsi təsadüfi deyil. Və başqa bir məqam Rusiyanın böyük iqtisadi və mədəni əlaqələr qurduğumuz qonşumuz olmasıdır”, - o deyib. 

Rüstəmov əmindir ki, bu və ya digər dildə təhsil insanın vətənpərvərliyini müəyyən etmir. Onun fikrincə, bu, genetik, tərbiyə anlayışıdır, bu, valideynlərin həyat tərzidir.

“Rusiyada yaradıcılıqla məşğul olan, ancaq Azərbaycan vətənpərvərliyi ilə alışıb-yanan K.Kərimov, M.Maqomayev, F.Salmanov kimi şəxslərin böyük siyahısını tərtib etmək olar. Mən də rus dilində təhsil almışam, ancaq eyni zamanda, Azərbaycan dilində mükəmməl biliyə sahibəm, xalqımızın, dövlətimizin, zəngin mənəvi mədəniyyətimizin tarixini yaxşı bilirəm, dünya mədəniyyət xəzinəsinə töhfələr vermiş şəxsiyyətlərimizlə fəxr edirəm. 

Tariximizin müxtəlif dövrlərində bu və ya digər tarixi proseslərin nəticəsinə uyğun olaraq, gah ərəb, gah fars, gah da rus dilində yazmışıq. Ancaq buna baxmayaraq, başqa dillərdə yaradıcılıqla məşğul olan şəxsiyyətlər azərbaycançılıqdan kənara çıxmadılar, bu gün də biz onlarla fəxr edirik. Təkcə biz deyil”, - professor qeyd edib. 

Onun sözlərinə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzini yada salmaq mümkündür. 

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci il sentyabrın 30-da Beynəlxalq İdarə heyəti tərəfindən təsis edilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi müxtəlif xalqlar və mədəniyyətlərarasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ olunaraq Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərlərin daha geniş miqyasda dünyaya təbliğ olunmasıdır. Təsis olunduqdan sonra 54 ölkədən 579 nəfər mərkəzin konfrans, forum, seminar və görüşlərində iştirak edib. 

Düşünürəm ki, valideynlər harada və necə təhsil almağı yaxşı bilir”, - elmlər doktoru bildirib. 

Xatırladaq ki, dünən azərbaycanlı deputat, akademik Gövhər Baxşəliyeva yenidən rusdilli məktəblərə marağın artması ilə bağlı narazılığını qeyd edib.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri