11 
Dek
2018
17:02
21
197
11339
Virtual karabakh

Mirismayıl Xələfli: Mən pedofil deyiləm - MÜSAHİBƏ

11 Dek, 2018
17:02
11339

Mirismayıl Xələfli: Mən pedofil deyiləm - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“El bizim, sirr bizim” verlişindən edilmiş çıxarış sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Görüntülərdə verilişin qonaqlarından biri məktəbdə müəllim ola-ola yeddinci sinif şagirdi ilə evləndiyini bildirib. Həmin video dərhal sosial şəbəkələrə yol tapıb və sürətlə yayılmağa, müzakirə olunmağa başlayıb. Yerli KİV-də isə “Müəllim öz şagirdi ilə evləndi” kimi başlıqlarla dərc olunub.

Oxu.Az xəbər verir ki,  Xeberal.az informasiya saytının baş redaktoru olduğu məlum olan həmin şəxs - Mirismayıl Xələfli Media.Az-a geniş müsahibə verib.

- Məni “Space” telekanalında yayımlanan “El bizim, sirr bizim” verilişinə qonaq qismində dəvət etmişdilər. Tok-şouda “təhsilli və işləyən qadınların ev işlərində rolu” mövzusu müzakirə olunurdu. Hər kəs öz fikrini ifadə edirdi.

Hər şeyi olduğu kimi danışa bilərəm. Verilişin rejissoru məndən operator vasitəsilə xahiş etdi ki, öz şərhlərim və replikalarımla şouya maraq qatım. Verilişin şou xarakterli olduğunu anlayıram. Qonaqlar iki düşərgəyə bölünmüşdü: bəziləri deyirdi, ailədə qadın işləməlidir, başqaları bunun əksini bildirirdilər.

Söz aldıqdan sonra belə bir sual verdim: “Hansı kişiyə xoş olar ki, həyat yoldaşı evə işdən gecə 2-3-də gəlsin?” Sualıma cavab almayıb, fikrimi davam etdirdim və elə buna görə evləndikdən sonra həyat yoldaşımın təhsilini davam etdirməsinə imkan vermədiyimi bildirdim.

Baxmayaraq ki, qohumum olan həyat yoldaşıma o, yeddinci sinifdə oxuyanda vurulmuşam. Bu ifadədən sonra mənim sözümü kəsməyə başladılar, fikrimi tamamlamağa imkan vermədilər.

Verilişin gedişində öz nöqteyi-nəzərimi dolğun şəkildə ifadə etməyə çalışsam da, buna imkan vermirdilər. Hamı mənə qarşı idi. Nəticədə, ictimaiyyətdə guya yeddinci sinif şagirdi ilə ailə qurmuşam deyə yanlış rəy formalaşdı. Bu, heç də həqiqəti əks etdirmir. Mən dediyim sözləri sənədlərlə, dövlətin verdiyi nikah haqqında şəhadətnamə ilə sübut edə bilərəm. Bəzi informasiya agentlikləri hətta mənim guya bu yaxınlarda elvləndiyimi yazırdılar. Əslində, mən 10 ildən çoxdur ki evliyəm.  Böyük qızım artıq üçüncü sinifdə oxuyur.  

- Həyat yoldaşınıza yeddinci sinifdən sonra oxumağı qadağan etdiyiniz doğrudur?

- Xeyr, doğru deyil. Məsələ ondadır ki, həyat yoldaşım da mənim kimi Ağsu rayonundandır. Yoldaşımın yaşadığı kənddə natamam orta məktəb fəaliyyət göstərir. Yəni orada təhsil doqquzuncu sinfə qədərdir. Doqquzuncu sinfi bitirdikdən sonra şagirdlər başqa kəndin məktəbinə getməli olurlar.

Bir daha deyim, aydın olsun, yeddinci sinif məsələsi ilə bağlı anlaşılmazlıq necə meydana gəldi. Verilişdə dedim ki, gələcək həyat yoldaşımı ilk dəfə yeddinci sinifdə oxuyanda görmüşəm. Mən həmin məktəbdə müəllim işləyirdim. Vəssalam. Elə bəzi saytlar da bu sözlərdən yapışıb.

Həyat yoldaşım doqquzuncu sinfi bitirdikdən sonra nişanlanmışıq, onun təhsili davam etdirməyəcəyi artıq məlum idi. Dediyim kimi, yoldaşımla qohumuq, iki il nişanlı olmuşuq. 2008-ci ildə onun yetkinlik yaşına çatmasından sonra evlənmişik, yəni qanunvericiliyə uyğun şəkildə. Mən artıq nikah haqqında şəhadətnamənin və övladımın şəklini də yaymışam. Bu sənədlərdən hər şeyin qanun çərçivəsində olduğunu görmək olur.

- Bu tənqidlərə münasibətiniz necə oldu?

- Söhbətin nədən getdiyini bilmədən, məni pedofil adlandırdılar. Kontekstdən çıxarılmış, təhrif olunmuş ifadə dərhal müzakirə predmetinə çevrildi. Dolğun məlumat olmadan qarşı tərəfi nədəsə ittiham etmək, tənqid etmək, alçaltmaq olmaz. Məni tənqid edənlər çox hövsələsiz adamlardırlar.

Xəbəri yayan jurnalistlər heç mənimlə əlaqə yaradıb, məsələni dəqiqləşdirməyə də lüzum görməyib. Bu, peşəkar yanaşma deyil. Məni tapmaq asandır, mən gizlənmirəm. Siz ki məni tapmısınız, mənimlə əlaqə yaratmısınız. Əlbəttə ki, bu, adama pis təsir edir, ancaq heç kimə kin bəsləmirəm.

- “El bizim, sirr bizim” verilişinin aparıcısı Elçin Əlibəylinin çılğın şəkildə reaksiya göstərməsi sizi təəcсübləndirdi?

- Mənim Elçin Əlibəyliyə hörmətim var. O, məni dəfələrlə öz şousuna dəvət edib, buna görə pul-para istəməyib. Yəqin, bilmirsiniz, amma həqiqətən, bəzi telekanallarda bu və ya digər şounun qonağı olmaq istəyənlər üçün xüsusi preyskurantlar var. Onları da anlamaq olar, lakin Əlibəylidə belə bir şey heç vaxt görülməyib.

Mənə elə gəlir ki, verilişin bu şəkildə yayımlanması Elçin Əlibəyliyə “əl verirdi”. Ancaq ona da kin bəsləmirəm. Şou canlı deyildi, videoyazı idi və çəkilişdən sonra aparıcıya yaxınlaşıb dedim ki, veriliş cəmiyyətdə ciddi rezonans doğura bilər. Çünki bütün qonaqlar kifayət qədər emosional idilər.

Mən də emosiyalara qapılıb, yanlış fikir səsləndirə bilərdim. Ancaq nə olub, olub. Mən axı xalq düşməni deyiləm, məni daşlamaq lazım deyil. Ümid edirəm ki, sizin vasitənizlə bütün söz-söhbətlərə nöqtə qoyulacaq.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri