24 
Yan
2019
15:41
62
26
2944
Virtual karabakh

Kosmetoloq: Xəstələr problemin həllini qadın qruplarında axtarırlar

24 Yan, 2019
15:41
2944

Kosmetoloq: Xəstələr problemin həllini qadın qruplarında axtarırlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün inyeksiya gözəlliyi adi hal alıb. Bunu yetkin qadınlarla yanaşı, üzlərində burun və ya kənarlarında qırış yarandığını, dodaqlarının dolğun olmadığını düşünən gənc xanımlar da edir. 

Ancaq həkimə müraciət edərkən qeyri-peşəkara, bu peşədə təsadüfi adama rast gələ də bilərsiniz. Həkim kosmetoloq Leyla Nağıyeva Media.Az-a müsahibəsində gözəllik sənayesinin istiqamətləndirilməsindən və düzgün həkimin seçilməsindən danışıb. 

- Bu sənətə necə gəlmisiniz və nəyə görə kosmetologiya?

- 2007-ci ildə rezidenturanı bitirdikdən sonra dərhal biliklərimi dermatologiya-kosmetologiya sahəsində tətbiq etməyə qərar verdim. O illər dermatologiya-kosmetologiyanın o qədər məşhur olmamasına baxmayaraq, tibbin bu sahəsi mənim ürəyimcə idi. Əvvəllər kosmetoloqlara müstəsna hallarda müraciət edirdilər. 

Bu istiqaməti öyrənməyə başladım, o zaman müxtəlif növ krem və losyonları hazırlamaq mənə xoş gəlirdi. Bir müddət sonra isə uzunmüddətli effekt verən inyeksiya gözəlliyi meydana gəldi. Mən kosmetologiyanın bu yeni sahəsini öyrənməyə başladım. 

2014-cü ildə Milana getdim və orada xüsusi kurslarda iştirak etdim. Əminliklə deyə bilərəm ki, Milan məktəbi mənə çox şey verdi.

- Bu gün Bakıda çox sayda kosmetologiya kabinetləri və çox sayda kosmetoloqlar var. Həqiqi peşəkarı tapmaq üçün nə etmək lazımdır?

- Belə deyim: heç bir həkim, öz işinin mütəxəssisi olan həkimləri nəzərdə tuturam, öz xəstəsinə zərər vermək istəməz. Əgər nəsə baş versə, nəsə düz getməsə, onda həkim-kosmetoloq özü vəziyyətdən çıxa bilər. O, xəstəsinə kömək edə və problemi yoluna qoya bilər. Ancaq iş burasındadır ki, bəzi xəstələr problemi yerində həll etmək əvəzinə, əvvəlki mütəxəssisin hansı preparatdan istifadə etdiyindən xəbərsiz olan başqa həkimlərin yanına qaçırlar. Daha pis hallar da baş verir – xəstələr sosial şəbəkədəki qadın qruplarında problemin həllini axtarırlar. 

- Sizə qeyri-peşəkarlar tərəfindən zərər görən xəstələr tez-tez müraciət edir və bu problemin həllinə çalışırsınız?

- Bu cür hallar tez-tez baş verir. Ən çox problem istifadə edilmiş preparata qarşı allergiya ilə bağlı olur. Bu cür problemin həll edilməsinə çalışıram, üzdəki cürbəcür assimetriyaların həllini isə üzərimə götürmürəm. İş burasındadır ki, mən xəstəyə nə vurulduğunu və nəyin bu nəticəyə səbəb olduğunu bilmirəm. Mən ona necə kömək edə bilərəm? Düzgün edilməyən inyeksiya zamanı dəridə nerkozlar, işemiyalar ola bilər. 

Bu vəziyyətdə xəstələr kosmetoloqa deyil, müxtəlif mütəxəssislər tərəfindən müalicə ediləcəyi klinikalara müraciət etməlidirlər. Eləcə də, botoksdan sonra baş verən ağır nəticələrdən biri ptoz və ya gözün üst qapağının sallanmasıdır. Bu problemi həkim-kosmetoloq həll edə bilər, çünki müəyyən müddətdən sonra botoks öz xüsusiyyətini itirir. 

Bəzən mənə tanış xəstələr hər hansı problemlə bağlı şəkillər göndərirlər və mən onlara bacardığım qədər kömək etməyə çalışıram. Asimmetrik doldurucularla bağlı yalnız hialuronizadlar yardımçı ola bilər. Ancaq mən həmin xəstəni öz həkiminin yanına göndərməyə çalışıram. 

- Bəs kosmetoloqu necə seçək ki, sonra seçimimizdən peşman olmayaq?

- Kosmetoloqun kabinetindəki sertifikatlar onun peşəkarlığından xəbər vermir. Ola bilsin ki, həkim barədə xəstələrin rəylərinə diqqət yetirmək lazımdır. Hər həkim-kosmetoloqun öz üslubu var. Hər şeyi bacara bilən həkim yoxdur, əgər kimsə əksini deyirsə, demək, burada ehtiyatlı olmaq lazımdır. 

- Hansı yaşdan inyeksiya gözəlliyini etmək lazımdır və mümkündür?

- Bu, çox yaxşı sualdır. Nəyəsə görə bizdə bəzi gecikmiş qadınlar hesab edirlər ki, onlar üçün inyeksiya hələlik tezdir. Bu, çox yanlış fikirdir ki, inyeksiyanı müəyyən yaşa çatdıqdan sonra etmək lazımdır, əslində, bunu lazım olan vaxtda etmək vacibdir. Kosmetoloqun yanına profilaktika üçün gedirik, cərrahın yanına isə 45-50 yaşda getmək lazımdır. 

Bəzən mənə gənc qızlar müraciət edirlər, ancaq mən onlara inyeksiya etmirəm, adətən, hər şey müxtəlif müalicələrlə məhdudlaşır.

Preparatın təsirinin keçməsindən sonra daha da pis görünəcəyini ehtimal edərək, inyeksiyaya razı olmayan yetkin qadınlara gəlincə isə, onları əmin edə bilərəm ki, bu, böyük yanlışlıqdır. Əslində, dəri preparatın vurulmasından əvvəlki vəziyyətinə qayıdacaq. Təəssüf ki, bunu xəstələrə başa salmaq qəlizdir. 

- İnyeksiya kosmetologiyasının ən məşhur prosedurları hansılardır? 

- Bu gün ən məşhur inyeksiya biorevitalizant (dərinin cavanlaşdırılması), bioreparant (dərinin nəmləndirilməsi), pillinqdir. 

Ümumiyyətlə, mən təbiiliyin tərəfdarıyam və doldurucu kateqoriyaya aid üsulları dəstəkləmirəm və xahiş etsələr də, bundan istifadə etmirəm. Mən reputasiyamı qiymətləndirirəm.

Çalışıram ki, hər şeydən əvvəl sadəliyə riayət etmək və həddi aşmamaq lazımdır, çünki əks halda qadın qeyri-adi, bəzən isə gülməli görünə bilər. Arzulayıram ki, təbii olun və əlbəttə ki, müasir kosmetologiya ilə gözəlliyinizi qoruyun.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri