31 
Yan
2019
20:45
74
111
3391
Virtual karabakh

“Bakıya getməsən, karyera qura bilməzsən” kimi stereotiplər var - MÜSAHİBƏ

İstənilən cəmiyyətdə sosial məsələlərə diqqət göstərmək və addımlar atmaqla nələrisə düzəltmək mümkün olduğunu hər kəs bilir. Bu gün gənclər bu mövzuda çox sayda işlər görür, qınanılan məsələləri aktual problemlər olaraq həll etməyə çalışır. Bakıda bu cür xeyli təşkilatlar və fəaliyyət növləri olsa da, rayonlarda da gənclər və düzəlməli olan problemlərin olduğunu çox az insan nəzərə alır. 

Gənclərin həyata keçirdiyi “NatiqSən” layihəsinin məqsədi Neftçala şəhərində yaşayan XI sinif şagirdlərində sosial problemlərə qarşı diqqətin artırılmasıdır.  

Azərbaycan Gənclər Fondunun (“Azerbaijan Youth Foundation”) elan etdiyi XI qrant müsabiqəsi çərçivəsində qalib olan bu layihə məktəblilərin diqqətini cəlb edərək xeyli maraq qazanıb.

Oxu.Az layihənin rəhbəri Güntəkin Mehnətli ilə müsahibəni təqdim edir:

- Özünüzü təqdim edin.

- Güntəkin Mehnətli, Neftçala rayonunda anadan olmuşam, 20 yaşım var, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında III kursda oxuyuram. Sosial layihələr həyata keçirməklə məşğulam.

- Layihəni həyata keçirməyə necə qərar verdiniz?

- Keçən ilin yayında “Time for Development” proqramına seçilmişdim. Burada əsas məqsəd sosial problemləri incəsənət vasitəsilə həll etmək idi. Layihəmiz “Biz sadəcə güzgüyük” adlanırdı. 



Bakıda kifayət qədər layihələr keçirilir, rayonlarda isə yox. Netfçalada doğulduğum üçün oradakı uşaqların da belə təlimlərə ehtiyacları olduqlarını bilirdim, layihələri daha çox Neftçalada keçirmək istəyirdim. Beləcə, ikinci mərhələ Neftçalada keçirildi.

- Rayonda əvvəlki layihəyə maraq necə oldu və bu layihəyə maraq necədir?

- Anketləri paylayanda, əvvəlcə uşaqlar layihədə iştirak etmək istəmədilər, çünki daha öncə layihə keçirilməmişdi. Amma sonradan çox uşaq müraciət etdi, təsəvvür edə bilməyəcəyiniz qədər maraq göstərdilər. 

Bu dəfəki proqram XI siniflər arasında keçirildi. Məqsədimiz təkcə natiqlik yox, uşaqların diqqətini sosial problemlərə yönəltmək idi. Təlimin ikinci günündə bunun onlara necə maraqlı gəldiyini gördük. Uşaqların “biz mütləq növbəti təlimlərdə iştirak edəcəyik” deməsi, repetitor yanına getsələr də, təlimlərə vaxt ayırmaq istəmələri bizi çox sevindirdi. XI siniflərin diqqətini nəyəsə cəlb etmək çətindir, amma şəxsi inkişaflarında böyük rolu olan bu layihəyə maraq göstərmələri çox yaxşıdır. Təlimə Neftçalanın bütün məktəblərindən uşaqlar cəlb olunmuşdu. 

- Proqramda hansı sosial məsələlər müzakirə olundu?

- Sosial problemin nə olduğu uşaqlara aşılandı, sosial problemləri yaradan əsas üç vasitə: stereotiplər, zərərli vərdişlər, insan hüquq və azadlıqları müzakirə olundu.

Ətraf mühiti çirkləndirməkdən siqaret çəkməyə qədər olan zərərli vərdişlər, gender bərabərliyi, təhsildə qadın və kişi hüquqlarının bərabərliyi, erkən evlilik, ailədə ana və atanın rolundan danışıldı. Çünki təhsil almaq və ya almamaq birbaşa ailəyə təsir edir. 

Sosial problemlər haqda məlumat topladıqdan sonra onları necə həll etmək olar sualına cavab axtardıq. Sosial problemi həll etməyə onu yaradan şəxs yox, onun ətrafındakı insanlardan başlamaq lazım olduğu qənaətinə gəldik. İşsizlik əsas problemdirsə, ailəyə nəzər yetirmək lazımdır. Ata işsizdirsə, bu, ailə üzvlərinin psixologiyasına təsir edəcək. 

Məktəblilərin üzləşdiyi sosial problemlərdən biri aşağı bal toplayan şagirdlərin intiharı, uşaqların xaricdə təhsilə yönəlmələri müzakirə olundu. Uşaqların məqsədləri universitetdə oxuyub diplom almaqdır, şəxsi inkişaflarına meyilli deyillər. 

- Rayonda daha çox hansı problemin həllinə ehtiyac var, sizcə?

- Qızların təhsilə çox cəlb olunmaması, məhdudiyyətlər qoyulması. Bundan əlavə, məktəblilərin ağlında təkcə universitetə qəbul olmaqdır, qəbul olmurlarsa heç nə ilə məşğul olmurlar. Əlavə peşəyə maraqları yoxdur. “Bakıya getməsən, yaxşı karyera əldə edə bilmərsən” kimi stereotiplər var. 

- Maraq yoxdur, yoxsa, bilmirlər nə etsinlər? Yəni, oradakı şərait onlara çox çeşidli fəaliyyətlər təqdim etmir?

- Nəyəsə marağın olması üçün gərək şərait və çeşid olsun ki, uşaqlarda nəyəsə maraq oyansın. Bölgələrlə Bakı arasında fərq hər zaman olub. Rayonlarda uşaqların fəaliyyət seçimləri çox deyil ki, uşaqlar yönələ bilsinlər. Adi əl bacarıqlarının inkişafı üçün şərait zəifdir.

Rəqs, idmanla məşğul olmaq imkanı olsa da, uşaqların bir çoxunda “Nəyimə lazımdır ki? əsas universitet diplomum olsun” fikirləri var. Valideynlər uşaqları məcbur edir ki, mütləq oxumalısan. Uşaqlar da bunu məcburi edir və az bal toplayırlar. Bəlkə də maraqları olduqları sahəni tapıb məşğul olsalar, daha uğurlu olarlar. 

- Layihədə natiqlik nə dərəcədə önəmlidir və natiqlik sizin üçün nədir?

- Layihədə natiqlik önəm daşıyır. Natiqlik mənim üçün özünü ifadəetmə tərzidir. Fərqli düşünə bilərsən, amma bunu insanlara çatdırmaq da ən azı düşünmək qədər önəmlidir. İxtisasım politologiya olduğu üçün nitqdə işlənən bir sözün də gücünə bələdəm, istər dövlətlər arasında, istərsə də iki insan arasında. 

- Gələcək üçün planlarınız nədir?

- Uşaqları çox sevirəm və gələcəkdə də uşaqlarla bağlı könüllü olaraq sosial layihələr həyata keçirməyə davam etmək istəyirəm. Neftçalada gənclər evi açmaq, digər rayonlara da üz tutmağı planlaşdırıram. 

Nəzrin Həsənova

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri