Fev
2019
20:19
91
240
10640
Virtual karabakh

Əməkdar həkim: Siqareti tərgitmək olduqca çətindir - MÜSAHİBƏ

2 Fev, 2019
20:19
10640

Əməkdar həkim: Siqareti tərgitmək olduqca çətindir - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az Quba rayon Mərkəzi Xəstəxanasında çalışan və ömrünün 47 ilini əhaliyə xidmət verməklə keçirən, əməkdar həkim, kardioloq Cabir Məmmədovla müsahibəni təqdim edir:

- Özünüz barədə oxucularımıza məlumat verin.

- Mən, Cabir Məmmədov, əslən qubalıyam. Tibb Universitetini bitirmişəm. İxtisasca həkim-kardioloqam. 47 ildir həkim kimi fəaliyyət göstərirəm. 2013-cü ildə hörmətli ölkə başçımız tərəfindən tərəqqi medalı ilə təltif olunmuşam. 2018-ci ildə isə “Əməkdar həkim” adına layiq görülmüşəm. Özüm haqqında deyə biləcəklərim elə bu qədərdir. Xalqına xidmət edən həkimlərimizdən biri olaraq daim çalışmışam ki, müraciət edən pasiyentlərin hər biri sağlam şəkildə evlərinə qayıtsınlar.

- 47 il az müddət deyil. Bu gün ölkədə infarktdan dünyasını dəyişənlərin sayı artıb. Azərbaycanda 2018-ci ildə qeydə alınan ölümlərin bir nömrəli səbəbi ürək-damar xəstəlikləri olub. Bunu nə ilə əlaqələndirirsiniz?

- Təəssüf ki, bu gün ürək xəstəlikləri geniş yayılıb. Xüsusilə də kardioloji xəstəliklərin gənclər arasında müşahidə edilməsi, cavanlaşması bir həkim kimi məni ciddi narahat edir. 20-25 il bundan əvvəl o qədər acınacaqlı şəraitdə çalışmışıq ki, çətinliklərimizi ifadə etməyə qorxuram.

Demək olar ki, xəstələrimizin böyük əksəriyyətini Bakıya göndərirdik. Adi müayinə etməkdə belə çətinliklər olurdu. Amma heç o dövrdə bu qədər kardioloji problemlər yayılmamışdı. Bütün dünya ölkələrində ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların sayı artıb.

Yadımdadır, biz universitetdə oxuyanda müəllimlərimiz bizə deyirdilər ki, infarkt ancaq 40-45 yaşından sonra rast gəlinən problemdir. Amma təəssüf ki, bu gün 25-35 yaşında cavanlarda infarktlar çoxalır.

Səbəb ekoloji faktor, oturaq iş şəraiti, texnologiyalar, şüalanma, düzgün qidalanmamaqdır. Əksər hallarda pasiyentlərdə ürəklə bağlı heç bir şikayət olmur. Amma ani ürək tutmasından ölüm halları yaşanır. Bu səbəbdən yaxşı olar ki, il ərzində iki dəfə “check-up” müayinələrdən keçsinlər.

- Gənclər “fasd food”, enerji içkilərindən daha çox istifadə edir. Bu alüdəçilik infarkta apara bilərmi?

- Əlbəttə. Yağlı-duzlu qidalar, enerji içkiləri orqanizmə hədsiz dərəcədə ziyandır. Bu cür qidalanan insanlarda infarkt riski digərləri ilə müqayisədə daha çoxdur.

- İrsi faktor nə qədər rol oynayır?

- Digər xəstəliklərlə müqayisədə, ürək xəstəliklərində irsi faktor özünü daha çox büruzə verir.

- Anadangəlmə ürək qüsurlarında artım varmı? Ümumiyyətlə, bu qüsurların yaranmasına səbəb olan amillər barədə məlumat verərdiniz.

- Anadangəlmə ürək qüsurları çox olmasa da, var. Uşaqlar arasında ürək qüsurları o qədər gizli şəkildə gedir ki, bilmək olmur. Vaxtında aşkar olunmur və 15-17 yaşlarında özünü büruzə verir. Bu isə müalicəni çətinləşdirir.

Ürək qüsurlarının yaranma səbəbi irsi faktorlar ola bilər. Ailə quran gənclərin nikahdan əvvəl tibbi müayinələrdən keçməsinə dair qəbul edilən qanun məni çox sevindirdi. Hamilə qadınların qidalanmasında yol verdiyi səhvlər, siqaret və içki kimi vərdişlər ürək qüsurlu körpələrin doğulmasına rəvac verir. Eyni zamanda, hamilə qadınların yanında siqaret çəkməməyə diqqət etmək lazımdır. Çünki bu, doğulacaq körpənin sağlamlığını təhlükəyə atır.

- Qız, yoxsa oğlan uşaqlarının ürək qüsurları ilə doğulması daha çox müşahidə edilir?

- Oğlan uşaqları üstünlük təşkil edir. Düzdür, biz daha çox böyüklərlə çalışırıq, amma xəstəxanada müşahidələrim əsasında bunu deyə bilirəm. Ümumiyyətlə, qız uşaqları ilə müqayisədə, oğlan uşaqları bu kimi risklər qarşısında çox həssas və zəif olur.  Hətta sizə deyim ki, 40 yaşında müraciət edən kişidə anadangəlmə ürək qüsuru aşkarlamışıq. Bu yaşa qədər xəbərsiz olub.

- Ən çox hansı rayonlarda kardioloji problemlər olur?

- Elə Qubanın özündə. İqlim şəraiti ilə əlaqədar Quba əhalisində təzyiq, revmatizma və ürək-damar xəstəlikləri tez-tez qeydə alınır. Hipertoniya fonunda rast gəlinən ağırlaşmalar – işemik insult, infarkt get-gedə artır. Şəkər xəstəliyi də geniş yayılıb. Bu, kardioloji problemlərin yaranması üçün ciddi risk faktorudur.

Əvvəllər Səhiyyə Nazirliyində çalışmışam. O dövrdə qeydiyyatda maksimum 200-300 nəfər şəkər xəstəsi görmək olardı. Amma bu gün təxminən iki mindən çox adam şəkər xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyin sürətlə artması paralel olaraq ürək-damar xəstəliklərinin də çoxalması deməkdir.  

- ÜST-ün hesablamasına görə, Azərbaycan əhalisinin 6.5 faizi siqaret alüdəçiliyi səbəbindən 70 yaşa çata bilmir.

- Tütün məhsulları çox zərərlidir. Əfsus ki, həkim olduğum halda, mən də siqaret çəkirəm. Siqareti tərgitmək olduqca çətindir. Hər kəs sağlam olmaq istəyir, amma təəssüf ki, imtina etmək olmur. Bu, bir növ taksomaniyadır. Siqaretdən əmələ gələn işemik ağrılar var.

- Bəs içki?

- Spirtli içkilər də risk faktoruna daxildir. Amma ÜST tərəfindən məsləhət görülür ki, ürəyin işemik xəstəliyi varsa, 40 qr alkoqol qəbul olunmalıdır. Bu, pəhriz proqramında da var. Bədəndə yüksək sıxlıqlı lipoproteinlər (yağlar) var. İçki müsbət lipoproteinləri artırır. Bu baxımdan, pəhriz normasında 40 qr içki qəbulu tövsiyə edilir. Amma bu, o demək deyil ki, həkim icazə verib deyə qeyd edilən normadan artıq alkoqol qəbul edilməlidir.

- Ümumiyyətlə, ürək-damar xəstəliklərindən ölüm halı nə qədərdir?

- Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, ürək-damar xəstəlikləri zamanı insanların xilas olma şansı azdır. Xüsusilə kardiogen şok zamanı 95 faiz insan həyatını itirir. Bu, ürəyin nasos funksiyasının kəskin çatışmazlığı nəticəsində (məsələn, miokard infarktı, ürək ritminin pozğunluğu) meydana çıxan kəskin qan dövranı pozğunluğudur. Bu hal təcili reanimasion müdaxilələrlə aradan qaldırıla bilir. Reanimasion tədbirlər olmasa, kardiogen şok beyin ölümü ilə nəticələnə bilər.

- Dediyiniz kimi, kardioloji problemlər zamanı təcili müdaxilə şərtdir. Xəstəxanada bunun üçün zəruri şərait varmı?

- Bu gün Quba rayon Mərkəzi Xəstəxanasında zəruri şərait yaradılıb. Səhiyyə sisteminə ayrılan diqqətin nəticəsidir ki, regionlarda xəstəxanalar müasir texnologiya ilə təchiz edilib. Tibb işçilərinə göstərilən diqqət, qayğı səhiyyədə inqilabdır. Son 10 il ərzində görülən işlər heç bir dövrlə müqayisə edilə bilməz. Düzdür, xəstəxanada cərrahi prosedurlar aparmırıq. Bu kimi hallarda Bakıya yönləndiririk. Amma digər bütün müalicə metodlarının tətbiqi və pasiyentə göstərilməsi lazım olan zəruri avadanlıqlarımız, dərmanlarımız mövcuddur.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri