Fev
2019
13:22
116
24
2568
Virtual karabakh

Akademik: Dərsliklərin yazılmasında özfəaliyyətə yol verilməməlidir

8 Fev, 2019
13:22
2568

Akademik: Dərsliklərin yazılmasında özfəaliyyətə yol verilməməlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın müxbirinin suallarını akademik, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli cavablandırır: 

- Parlamentin bu günlərdə öz işinə başlayan 2019-cu il yaz sessiyası ilə bağlı komitənizin ilk iclasında məlumat verildi ki, ali təhsillə bağlı qanun layihəsi olacaq. Odur ki, komitə olaraq, qanun layihəsinin hazırlıqlarına başlamağı və onu müzakirələrə təqdim etməyi nə vaxta nəzərdə tutursunuz?

- Son illərdə Milli Məclisdə Elm və təhsil komitəsi tərəfindən elmin və təhsilin müxtəlif pillələrini əhatə edən bir sıra qanunlar hazırlanıb, bu qanunlar ölkə  prezidenti İlham Əliyev tərəfindən təsdiq olunub və artıq icra edilməkdədir.

“Elm haqqında”,  “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında” qanunlar ölkə reallıqlarına və dünya təcrübəsinə uyğun olaraq, təhsilin inkişafının tənzimlənməsinə uğurla xidmət edir. Hazırda biz “Ümumi orta təhsil haqqında” qanun layihəsi üzərində çalışırıq.

Bu qanun layihəsi ötən ilin payız sessiyasında parlamentin birinci oxunuşundan keçib. Təhsil ekspertləri, təhsil naziri, Təhsil Nazirliyi ilə bir yerdə onu komitəmizdə ikinci oxunuşda geniş müzakirədən keçirmişik və ümid edirəm ki, yaxın vaxtlarda ikinci oxunuşda parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.

Fikrimcə, bu, orta təhsil sahəsində müasir inkişafın təmin edilməsinə dəstək verən, yol açan çox əhəmiyyətli bir qanun layihəsi olacaq. Elm və təhsil komitəsi olaraq növbəti layihə kimi “Ali təhsil haqqında” qanun layihəsini hazırlayacağıq. Ümumi orta təhsillə bağlı qanun layihəsi ikinci oxunuşdan keçəndən sonra bu işə başlamağı düşünürük. Lakin indidən bu istiqamətdə hazırlıqlara başlamışıq.

Komitənin üzvləri və əməkdaşları ali təhsil sahəsində dünya təcrübəsini öyrənir, lazımi sənədləri əldə edir, ölkə reallıqlarına aid müşahidələr aparır, pedaqoji ədəbiyyatı mütaliədən keçirir. Hesab edirəm ki, bu ilin yaz aylarında “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı İşçi Qrupunu yaradıb, daha konkret işə başlayacağıq. Həmin qanun layihəsini Milli Məclisin payız sessiyasında gündəliyə daxil etməyi daha məqsədəuyğun hesab edirik.

Bununla da 2009-cu ildə qəbul olunan “Təhsil haqqında” qanunda öz əksini tapmış təhsilin bütün pillələri ilə bağlı qanun layihələrini ölkə ictimaiyyətinə, elm və təhsil işçilərinə təqdim etmiş olacağıq.

- Qeyd edək ki, həm ümumi orta təhsil, həm ali təhsillə bağlı müzakirələr zamanı daha çox tədris, dərs yükü və məktəb dərslikləri məsələləri qabardılır.

- Bəli, ümumi orta təhsillə bağlı qanun layihəsi həm birinci, həm ikinci oxunuş üçün müzakirə olunarkən, orta ümumtəhsil məktəblərində tədris yükünün ağır və mürəkkəb olması barədə fikirlər səsləndirilib.

Bilirsiniz ki, ümumi orta təhsil üçün yaradılmış İşçi Qrupunun tərkibində Təhsil Nazirliyinin də məsul əməkdaşları var. Bundan başqa, təhsil nazirli ilə sıx əməkdaşlıq şəraitində qanun layihəsini hazırlayırıq. Təhsil Nazirliyinin rəsmiləri bizim komitənin iclaslarında iştirak edirlər. Məhz onlarla bir yerdə deputatlarımızın bu yöndə səsləndirdikləri fikirlər barədə müzakirələr aparmışıq.

Təhsil Nazirliyinin işçiləri, Elm və təhsil komitəsinin üzvləri də o fikirdədirlər ki, tədris yükünün  uşaqların yaş və bilik səviyyəsi ilə uyğun gəlmədiyi məqamlar çoxdur. Ona görə hazırda Təhsil Nazirliyində tədris yüklərinin tənzimlənməsi ilə bağlı islahat işləri aparılır və bizə verilən məlumata görə, bu işlər tamamlanmaq üzrədir. 

Burada həm tədris yüklərinin azaldılması məsələsi diqqət mərkəzinə çəkilib, həm də tədris proseslərində və dərsliklərdə Azərbaycanın milli maraqlarının, azərbaycançılıq məfkurəsinin yerinin, mövqeyinin artırılmasına qayıdılır.

Bizim komitədə hər dəfə bu barədə fikirlər səsləndirilib və bu istiqamətdə, yəni dərsliklərdə və dərs prosesində o mövqenin ifadə olunmasına diqqət yetirilib.

İnanıram ki, növbəti tədris ilinə kimi Təhsil Nazirliyi bu işləri tamamlayacaq və bundan sonra nisbətən sadələşdirilmiş, azərbaycançılıq məfkurəsi istiqamətində yenidən hazırlanmış tədris proqramları əsasında yeni dərsliklərin yazılması işinə başlanılacaq. Bu, zamanın tələbidir, çağırışıdır.

Məktəblərin birinci vəzifəsi Azərbaycanın milli dəyərlərinə, dövlətçilik maraqlarına, milli-mənəvi ənənələrinə sadiq olan yeni nəsil hazırlamaqdan ibarətdir. Bu barədə Təhsil Nazirliyi ilə bizim komitənin hədəfi eynidir.

- Heç kimi üçün sirr deyil ki, bu gün mövcud dərsliklər, xüsusilə ibtidai siniflər üçün nəzərdə tutulan dərsliklər çox bərbad durumdadır. Dərsliklər qrammatik səhvlərlə doludur, cümlələrin ayağı ilə başı bilinmir, sanki dərsliklər korrekturadan keçmir. Həmçinin, bəzən heç kimin tanımadığı “yazar”ların “əsər”ləri həmin dərsliklərə ayaq açmaqdadır. Bunun qarşısının alınması mümkün olacaqmı? 

- Komitəmizdə bu məsələ ilə bağlı fikirlər səsləndirilib. Korrektura məsələsi təkcə dərsliklərə aid deyil, ümumiyyətlə, hazırda nəşriyyatlarda korrektura işi yox səviyyəsindədir. Demək olar ki, nəşriyyatlar öz iqtisadi çıxarlarını nəzərə alıb, korrektor ştatlarını ləğv ediblər.

İndi nəşriyyatlar nadir hallarda nəşrlərə redaktor və ya korrektor təyin edir. Bu, ümumi nöqsan və problemdir. Bu məsələ həll edilməlidir. Xüsusən orta məktəb dərslikləri düzgün, səriştəli şəkildə yazılmalıdır, burada özfəaliyyətə qətiyyən yol verilməməlidir. 

Amma deyim ki, belə hallar çox deyil. Bizim müşahidələrimizə görə, korrektura səhvləri çox olmur. Bəzən mətbuat yazır ki, dərsliklərdə səhvlər baş alıb gedir, düzdür, korrektura səhvlərinə rast gəlinir, amma vəziyyət deyildiyi qədər pis deyil.

Elə tədbirlər görülməlidir ki, belə hallar heç olmasın. Deyirsiniz, iddia edirlər ki, təsadüfi adamların şeirləri dərsliklərdə yer tutur. Bu fikirlərlə tanışıq. Müəyyən hallarda buna yol verildiyini biz də müşahidə edirik. Amma deyim ki, bu hal geniş yayılmayıb.

Bu məsələ bir qədər şişirdilir. Çünki bizim dərsliklərimizdə Azərbaycanın klassik yazıçılarının, şairlərinin əsərləri yer tutur, müasir dövrdə uşaq ədəbiyyatı ilə məşğul olan yazıçıların əsərlərindən nümunələrə yer verilir. Bunun başqa alternativi yoxdur. Çünki müasir dövrün uşaq ədəbiyyatı müasir uşaqların düşüncəsinə, onların qavrayışına daha uyğundur.

Məsələn, Abbas Səhhətin, Abdulla Şaiqin Azərbaycan uşaq ədəbiyyatının qızıl fondunu təşkil edən əsərləri uşaqlarda vətənpərvərlik düşüncəsi aşılamaq, onların zövqünü, dünyagörüşünü zənginləşdirmək üçün əvəzsiz sərvətdir.

Əslində, bunlar öz yerini dərsliklərdə imkan daxilində tapır. Onları artırmaq yaxşı olardı. Amma müasir uşaqlara indiki informasiya cəmiyyəti haqqında məlumat vermək, internet dünyası haqqında ilkin təsəvvürləri aşılamaq üçün müasir uşaq ədəbiyyatından nümunələr seçmək zəruridir.

Bəzən bizim ekspertlərimiz müasir dövr yazıçılarının müasir həyat, müasir elmlər haqqındakı əsərlərini təsadüfi əsərlər hesab edirlər. Ancaq bu istiqamətdə dərsliklərdə verilən materialları vacib, əhəmiyyətli hesab edirəm. Onların balanslaşdırılmasını vacib sayıram.

İstərdim ki, müasir informasiya cəmiyyəti, yeni dünya reallıqları haqqında dərslikdə verilən materiallar təkcə aktual olmaqla qalmasın, həm də bədii cəhətdən əhəmiyyətli olsun, bədii cəhətdən ən yaxşıları ora daxil edilsin.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri