12 
Fev
2019
17:43
128
26
4186
Virtual karabakh

Dövlət gerbinin istifadəsinə dair məhdudiyyətlər müəyyənləşdi

12 Fev, 2019
17:43
4186

Dövlət gerbinin istifadəsinə dair məhdudiyyətlər müəyyənləşdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parlamentin fevralın 12-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” və “Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Oxu.Az-ın xəbərinə görə, “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” qanun layihəsində dövlət gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşdirilib.

Qanun layihəsində qeyd olunur ki, dövlət gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir. 

Bununla yanaşı, sənəddə göstərilir ki, dövlət gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır.

Qanun layihəsinə əsasən, tələbləri pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, dövlət gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

“Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsi dövlət himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir.

Qanun layihəsinin 6-cı (Dövlət himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər) maddəsinə əsasən, dövlət himni orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsullarla və ya alətlər vasitəsilə, həmçinin, səsyazma vasitələrindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

Qanun layihələrinin birgə müzakirəsində Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, himn oxunarkən hansı vəziyyətdə dayanmağın lazım olduğu dəyişikliklərdə əks olunmayıb.

“Biz bilməliyik ki, himn oxunanda onu ayaqüstə-farağat vəziyyətində, yoxsa əlimizi ürəyimizin, sinəmizin üstünə qoyub dayanmalıyıq? Yaxud himn ifa olunursa, o, hamının dilindən səsləndirilməlidirmi, onu hamı oxumalıdırmı? Bu məsələlərə aydınlıq gətirmək lazımdır”.

Millət vəkili Gövhər Baxşəliyeva isə himndən “partitura” sözünün çıxarılmasını təklif edib. 

Millət vəkili qeyd edib ki, bu anlayışın himnə heç bir aidiyyəti yoxdur.

Müzakirələrdən sonra qanun layihələri ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri