22 
Fev
2019
14:42
21
148
4680
Virtual karabakh

Bakı yollarının ən böyük problemi - “120-lik” yolda ölümə piyada gedirlər

22 Fev, 2019
14:42
4680

Bakı yollarının ən böyük problemi - “120-lik” yolda ölümə piyada gedirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxt küçələrində nəqliyyatın və piyadaların hərəkəti düzgün tənzimlənmir. Əksər küçə və prospektlərdə yol nişanlama xətləri, demək olar ki, görünməz haldadır. Piyada keçidlərindəki zolaqları isə nəinki sürücülər, heç piyadalar da görə bilmir. Üstəlik, vətəndaş əksər hallarda qarşıdan-qarşıya keçmək üçün yolun piyadalar üçün ayrılmayan hissəsindən istifadə edir. 

Paytaxtın bəzi küçələrində buna görə müəyyən cərimə tətbiq edilsə də, bu, vəziyyəti dəyişmir. Bir çox inkişaf etmiş ölkələrdə çarpaz piyada keçidləri tətbiq edilir ki, bu da piyadaların qarşıdan-qarşıya çox rahat şəkildə keçməsini təmin edir. Azərbaycanda isə piyada ən azı üç tərəfdən piyada zolaqları ilə keçməlidir ki, qarşı yola çıxsın.

İnsanları narahat edən əsas sual ondan ibarətdir ki, ölkədə yol infrastrukturuna düzəliş ediləcəkmi? Niyə yol qəzalarının əksəriyyəti məhz piyada keçidlərinin yaxınlığında qeydə alınır? Bu problemlər nə vaxt həll ediləcək?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, piyada keçidlərinin təyinatı, təsnifatı və istifadə mexanizmi lazımi səviyyədə deyil:

“Bu gün insanların istifadəsi üçün yararsız olan ərazilərdə qoyulan çoxsaylı piyada keçidləri var ki, zərurət olan yerlərdə həmin piyada keçidlərini tapmaq olmur. Məsələn, Nobel prospektində iki-üç yerdə yerüstü piyada keçidləri var ki, heç insanlar onlardan istifadə etmir.

Ümumiyyətlə, vətəndaşlar piyada keçidlərindən istifadəyə görə üç qrupa ayrılır: bir istiqamətli yolda zolaqları axtarıb tapıb yolu qarşıdan-qarşıya keçən piyadalar var, bir neçə yerüstü piyada keçidi olduğu halda, həyatını təhlükəyə atan piyadalar var və bir də yolu qarşıdan-qarşıya keçmək üçün bir dənə belə olsun piyada keçidi tapa bilməyib, məcbur qalıb qayda pozuntusu edən vətəndaşlar var. Ona görə bu gün yollarda piyadaların təhlükəsiz hərəkəti tam da olmasa, 60 faiz təmin olunur”.

Ekspertin sözlərinə görə, yüksək sürətli və təhlükəli yollar var ki, onların 40 faizində piyadaların təhlükəsiz hərəkəti üçün keçidlər yoxdur:

“Buzovna-Bilgəh yolunda 120 km/saat sürət tətbiq edilib. Bu yolda sadəcə, bir piyada keçidi qurulub və başqa keçid haqqında düşünən yoxdur. Bu yaxınlarda əlavə bir piyada keçidi üçün dirəklər qoyulmuşdu, amma artıq onları da sökməyə hazırlaşırlar. Demək olar ki, hər həftə Buzovna-Bilgəh yolunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verir.

Daha bir misal: Heydər Əliyev prospektindən Mərdəkana qədər olan hissədə piyada keçidləri düzgün qoyulmayıb. 120 km/saat sürət tətbiq edilən yoldur və günün istənilən saatında o yolda insanlar (uşaqlar, yaşlılar və s.) təhlükəli şəkildə qarşıdan-qarşıya keçirlər.

Heç kim deyə bilməz ki, Avropanın bütün ölkələrində piyada keçidlərində eskalatorlar qoyulub. Bu, düz deyil. Amma problem odur ki, bizdə Bayraq meydanının yanında piyada keçidində qoyulan ekalatorlar işləmir. Orada da ay ərzində ən azı iki ölüm hadisəsi qeydə alınır.

Ümumiyyətlə, elə yollar var ki, orada piyada keçidini əks etdirən nişan var, zolaqlar yoxdur, ya da tam əksinə. Bu isə sürücülərdə çaşqınlıq yaradır. Qanunla 100-150 m geridə qırmızı üçbucaq dairəsində piyada keçidinə dair yol nişanı qoyulmalıdır. Sonra göy haşiyədə olan piyada keçidi və onun altında zolaq olmalıdır.

Nişan haradadırsa, zolaq orada çəkilməlidir. Biri də var, işıqforla nizamlanan piyada keçidləri. Yol hərəkəti haqqında qanunun 69-cu maddəsində yolun nişanlanmasından bəhs edilir. Orada 1.14.3-cü bənd nişanlanması işıqforla nizamlanan piyada keçidini bildirir. Amma bunu, təəssüf ki, sürücülər də, piyadalar da bilmir.

Sadəcə olaraq bununla bağlı aidiyyəti qurumlarla birlikdə, təbliğat xarakterli maarifləndirici videoçarxların çəkilməsinə ehtiyac var".

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri