22 
Fev
2019
13:57
18
124
3702
Virtual karabakh

Planlaşdırın: 11 uşaq dünyaya gətirən ailəyə kim baxmalıdır?

22 Fev, 2019
13:57
3702

Planlaşdırın: 11 uşaq dünyaya gətirən ailəyə kim baxmalıdır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda cins nisbətinin pozulması tendensiyasının müşahidə edildiyi bir vaxtda sosial cəhətdən təmin olunmuş və olunmamış ailələr arasında da fərqlər özünü göstərir. 

Son günlər Bərdədə 11 uşaqlı aztəminatlı ailə ilə bağlı xəbərlər yayılır. Ailə başçısı övladlarına baxa bilmədiyini deyir. Digər tərəfdən, ölkədə təminatlı ailələrdə övlad sayı əksər hallarda ikidən çox olmur. 

Bu hal necə tənzimlənməlidir? 

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Oxu.Az-a açıqlamasında bildirib ki, ailə planlaşdırılması olmalıdır:

“Bir ailə düşünməlidir ki, mənim büdcəm buna imkan vermirsə, niyə uşaq dünyaya gətirib, onu əzab içində böyütməliyəm? Bəzi insanlar deyir ki, uşaq Allahın verdiyi paydır və ruzisini verəcək. Bu şeylər bir mif olaraq formalaşıb. Bu gün çox uşaq dünyaya gətirən ailə övladının təminatını dövlətin üzərinə qoyacaqsa, dövlətin də elə bir öhdəliyi yoxdur ki, sən dünyaya çox uşaq gətir, mən baxacağam.

Mən də çox istəyirəm ki, Azərbaycanda çoxuşaqlı ailələrin sayı artsın. Əgər ailələrin sosial rifahları imkan verərsə, bir uşaqla kifayətlənməyib, 3-5 uşaq dünyaya gətirsinlər. Ətrafımda belə insanlar da var, amma bunu hamıya şamil etmək də olmur”.

“Ailədə uşaq dünyaya gətirməklə bağlı planlaşdırılma aparılmalıdır. Ancaq təəssüf ki, hələ də elə çoxuşaqlı ailələr var, uşaqları baxımsız şəraitdədir. Sığınacaqlarda baxımsız uşaqlar da az deyil.

Maddi imkansızlıq, eyni zamanda, ailə münaqişələri səbəbindən imkansızlığı əsas gətirərək uşaqları internata atanlar da az deyil. Ailə planlaşdırılması deyilən bir şey var. Bu planlaşdırılmalıdır”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovun sözlərinə görə, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, beşdən çox uşağı olan qadınlara, hər uşaq üçün aylıq 33 manat məbləğində sosial müavinət təyin edilərək ödənilir:

“Eyni zamanda, bildiririk ki, ölkəmizdə aztəminatlı ailələrin maddi-məişət şəraitinin yaxşılaşdırılması və onlara dövlət dəstəyinin həyata keçirilməsinin əsas mexanizmi ünvanlı dövlət sosial yardımıdır.

Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsinin hüquqi əsasları və bu sahədə yaranan digər münasibətlər “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tənzimlənir”.

“2019-cu il 1 yanvar tarixinə 173.083 üzvü olan 42683 ailəyə orta aylıq 174.65 manat məbləğində sosial yardım təyin edilərək ödənilir. Sosial yardım alan ailə üzvlərindən 88.272 nəfəri (51 faizi) 18 yaşınadək uşaqlardır”, - deyə nazirlik rəsmisi qeyd edib.

Öz növbəsində sosioloq Cavid İmamoğlu bildirib ki, Azərbaycan reallığında ailə quran insanların ilk arzusu uşaq sahibi olmaqdır:

“Bu, gözəl hissdir və dəstəklənməlidir. Təəssüf ki, bəzi hallarda ailələr ailə planlaşdırılmasından xəbərsiz olduqları üçün arzuolunmaz hamiləlik yaşayır və uşaqları dünyaya gətirirlər. Təbii ki, bu hal ailələr üçün çox ağır və dözülməz olur. Xüsusilə o hallarda ki, ailə aztəminatlı və yoxsuldur”.

“Təəssüf ki, Azərbaycanda hamiləliyin planlaşdırılması səviyyəsi çox aşağıdadır. Qadın və kişilər arasında müasir kontraseptik maddələrin istifadəsinə meyil azdır. Belə olduqda, hamilə qalmaq və bəzən belə arzuolunmaz hamiləlikləri abortla yekunlaşdırmaq kimi praktikalarla rastlaşırıq.

Ona görə də gənc ailələr ən azından hamiləliyin planlaşdırılması barədə dolğun biliklərə sahib olmalıdırlar. Belə biliklər məktəblərdə, universitetlərdə və ya icma tədbirlərində öyrədilməlidir”, - deyə sosioloq qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri