İyl
2014
20:37
308
83
42032
Virtual karabakh

Qəbul imtahanlarının sualları əvvəlcədə kiminsə əlinə keçə bilərmi?

1 İyl, 2014
20:37
42032

Qəbul imtahanlarının sualları əvvəlcədə kiminsə əlinə keçə bilərmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Elə şagirdlər var ki, hətta adını yaza bilmir”.

“Qəbul imtahanlarının suallarını heç kəs imtahandan əvvəl bilə bilməz. İmtahan sualları çox qapalı rejimdə hazırlanır və imtahan başa çatmayana kimi həmin sualların tərtib olunmasında iştirak edən adamlar “bunker"dən bayıra çıxa bilmir”. 

Oxu.Az xəbər verir ki, abituriyentlər üçün maraqlı olan bu məsələ ilə bağlı APA TV-də efirə gedən “Sosium” verilişində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.

İmtahan suallarını yazanlar arasında hazırlıq kurslarında çalışan ali məktəb müəllimlərinin olması və onların bəzi sualları hazırlaşdırdığı uşaqlara sızdırması kimi ehtimallara aydınlıq gətirən TQDK rəsmisi bildirib ki, bu, praktiki cəhətdən mümkün deyil: 

“Heç kəsin imtahana düşən suallarla bağlı əvvəlcədən məlumatı ola bilməz. Faktiki olaraq, test tərtibi ilə məşğul olan konkret şəxs yoxdur. Minlərlə sual test bankına daxil edilir. Bu sualları yüzlərlə müəllim hazırlayır. İnternet üzərindən və şəxsi qaydada sualları TQDK-ya təqdim edirlər. Ola bilər ki, 100 sual göndərmiş bir müəllimin cəmi bir sualı imtahana düşsün. İmtahandan bir neçə gün əvvəl xüsusi adamlar şərti bunker adlanan qapalı bir yerə girir və oradan imtahan başa çatana kimi çıxmırlar. Bu müddət ərzində onların hər yerlə əlaqəsi kəsilir. Kompüter sualları seçir və suallar yoxlandıqdan sonra çapa gedir. Yəni, bu o deməkdir ki, imtahan sualları əvvəlcədən heç kəsə bəlli ola bilməz”.

İyunun 8-dən etibarən keçirilən buraxılış imtahanlarının nəticələrinə toxunan Elnur Nağızadə bildirib ki, 11-ci siniflərə nisbətən 9-cu sinif şagirdləri daha aşağı nəticə göstərib: “Statistik nəticələrə görə 11-ci siniflərin 16.71% “2” alıbsa, IX sinif şagirdlərində bu göstərici 24.71% faizdir. Əla qiymət alanlar arasında da fərq böyükdür. XI siniflər arasında 19.52 faiz “5” alıbsa, IX sinif şagirdlərində bu göstərici cəmi 10.15 %-dir. Ümumiyyətlə IX sinif şagirdlərinin imtahan göstəriciləri çox zəifdir. Elə şagirdlər var ki, hətta adını yaza bilmir”.

Amma bununla belə TQDK rəsmisi mətbuatın daha çox zəif nəticələri qabartmasını da düzgün hesab etmir: 

“Düzdür, son buraxılış imtahanının nəticələri aşağı idi. Lakin ümumi nəticəyə baxanda ötən ilə nisbətən 2 faiz artım var. Bəzi KİV-lər hətta elə rəqəmlər ortaya çıxarır ki, inana bilmirik. Elə olub ki, yanlış hesablamalarla iki alanların sayını imtahan verənlərin sayından daha yüksəyə çıxarıblar”.

O ki qaldı qarşıdan gələn abituriyentlərin qəbul imtahanlarına, Elnur Nağızadə bildirib ki, artıq bir neçə günə I- IV qruplara imtahan verəcək abituriyentlərə buraxılış vərəqələri paylanacaq:

“Buraxılış imtahanları cari il üzrə başa çatdı. Qarşıda əsas imtahanlar var. Abituriyentlər TQDK-nın rəsmi saytını mütəmadi izləməlidirlər. Abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli, imtahana buraxılış vərəqəsi və s. məsələlərdə diqqətli olmalıdırlar. Keçid balları ilə də bağlı bəzən söz-söhbətlər olur. Bir daha deyirik ki, keçid balı müsabiqə əsasında formalaşır, bunu TQDK müəyyənləşdirmir. Sualların çətinliyinə gəldikdə isə bəzi adamların yenə də bəhanələr gətirəcəyini bilirik. Bütün suallar asan ola bilməz. Asan, orta və qəliz suallar var”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri