Sen
2014
11:21
30
81
8977
Virtual karabakh

Rza Diqqəti: Ermənilər çay qaşığı ilə azərbaycanlıların gözünü çıxarırdılar - I HİSSƏ + MÜSAHİBƏ

3 Sen, 2014
11:21
8977

Rza Diqqəti: Ermənilər çay qaşığı ilə azərbaycanlıların gözünü çıxarırdılar - I HİSSƏ + MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Güllənin səsi hələ də qulağımdadır”.

Dünyaca məşhur “National Geographic” jurnalının azərbaycanlı fotoqrafı Rza Diqqəti Bakıya gəlib.

O, 1952-ci ildə Təbrizdə anadan olub. 1981-ci ildən isə Fransanın paytaxtı Parisdə yaşayıb fəaliyyət göstərir. Onun gördüyü işlər haqqında “National Geographic” televiziyası tərəfindən neçə-neçə sənədli film çəkilib. Onların arasında “Cəbhə gündəliyi” sənədli filmi 2002-ci ildə “Emmy” mükafatına layiq görülüb.

Onunla müsahibə zamanı dünyanın ən peşəkar fotojurnalistinin dilindən ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri eşidəndə dəhşətə gəldim. Odur ki, həmin müsahibənin birinci hissəsini oxucularımızın ixtiyarına veririk.

- Bilirəm ki, siz 1990-cı ilin yanvar hadisələrini, Xocalı faciəsini, Qarabağdakı müharibəni işıqlandırmısınız. Acı olsa da, xatirələrinizi bizimlə bölüşməyinizi istərdim…

- Mən Azərbaycana ilk dəfə 1987-ci ildə gəlmişəm. O vaxtkı “Vətən” cəmiyyətinin sədri, yazıçı Elçin Əfəndiyev Parisə gəlmişdi. O, məni və 2 nəfər azərbaycanlı rəssamı Azərbaycana dəvət etdi. O zaman Bakıya gediş-gəliş çox çətin idi.

Qanlı Yanvar hadisələri zamanı dünyanın nüfuzlu dərgiləri ilə çalışırdım.

Parisə xəbər çatdı ki, ermənilər azərbaycanlıları öldürür. Mən təcili Azərbaycana gəlmək üçün viza ilə maraqlanmağa başladım. Öyrəndim ki, Bakıya gəlmək üçün vizanı Moskvaya verirlər. Vizanı aldım, operator dostumla bərabər oraya yola düşdük. Oradan Bakıya təyyarə ilə yol bağlı idi, biz qatarla getməli olduq. Öyrəndik ki, Moskvadan Bakıya 2 yolla: birincisi, ekspres qatar ilə (orada bütün sərnişinləri yoxlayırdılar), ikincisi, 48 saat müddətində gedən qatar ilə (onu yoxlamırdılar) getmək mümkündür. Biz ikinci variantı seçdik. Yolda bir neçə dəfə bu qatarda da yoxlama oldu, biz həmin anda yük yerlərində gizlənirdik ki, bizi görməsinlər.

Nəhayət, Bakıya çatdıq. Burada bizi illər əvvəl Azərbaycanın Parisdəki UNESCO səfiri Elnurə Hüseynova və 3 nəfər başqa xanım qarşılamağa gəlmişdilər. Vağzala çatanda gördük ki, oranı rus əsgərləri əhatəyə alıblar. Bütün sərnişinləri yoxlayırlar. Bizi qarşılamağa gələn azərbaycanlılar vəziyyəti belə görüb plan qurdular ki, rus əsgərlərin əlinə keçməyək. Elnurə xanım əlində gül dəstəsi ilə məni öz “nişanlısı” kimi qarşıladı. Və söylədi ki, çamadanlarımızı (hansı ki, orada fotoaparat və kamera var idi) götürməyək. Sonra fürsət olanda kiminsə köməyilə götürəcəkdik. Çünki rus əsgərləri çamadanlarımızı görsəydilər bizdən şübhələnərdilər.

Əsgərlər bizi yoxlayandan sonra biz balaca “Lada” markalı” avtomobildə gizlənərək xəstəxanaya gəldik və oradakı yararlıları, meyitləri çəkməyə başladıq. Artıq Qanlı Yanvarın 3-cü günü idi...

Həmin operator dostumla 3 gün Bakıda qaldıq, azərbaycanlılara qarşı törədilən faciədən film üçün kadrlar və fotolar çəkməyə nail olduq.

Bakıdan Parisə geri dönməyimiz üçün azərbaycanlı dostlarımız bizə kömək etdilər. Bizə saxta viza düzəldib, təyyarə ilə yola saldılar. Ancaq bizə dedilər ki, bütün materiallar qalsın, biz onu sizə Moskvada təhvil verəcəyik.

 Bakının hava limanında dostumla bərabər gözümüz iki rus qıza sataşdı. Onlarla söhbət etməyə başladıq. Rus qızları  da həmin təyyarə ilə Moskvaya uçurdular. Təyyarədə onlar bizə yaxınlaşaraq “Necə idi, şəkillər xoşunuza gəldi?” soruşanda təəccübləndik, eyni zamanda qorxduq. Çünki bütün çəkilişləri gizli yolla aparmışdıq. Biz də özümüzü o yerə qoymayaraq, “Hansı şəkillər? Bizdə şəkil falan yoxdur”, deyə cavab verdik. Sonradan onlar gülmsəyərək bildirdilər ki, bizim çəkdiyimiz fotoları onlar gətirirlər. Beləliklə, planlı şəkildə biz həmin fotoları Parisə apardıq və ordan dünyaya yaydıq.

O zaman dünyanın çox jurnalistləri Moskvaya gələrək Bakıdakı hadisələrlə bağlı çəkiliş aparmaq istəyirdilər. Ruslar orada əcnəbi jurnalistləri aldadırdılar ki, onları Bakıya aparacaqlar. Mən onlara başa salmağa çalışırdım ki, bu, rusların hiyləsidir. Bakıya yollar bağlıdır, sizi oraya aparmayacaqlar. Onlar isə mənə inanmırdılar. Doğrudan da elə oldu.

 Əcnəbi jurnalistlər təyyarə ilə, biz qatarla getdik. Ruslar isə Bakıya çatmamış fotojurnalistləri aldadıblar ki, Bakıda hava şəraiti çox pisdir, küləklidir. Təyyarə ora enə bilmir. Ona görə onları Ermənistana aparıblar. Oraya çatanda 10-15 nəfər üzünü cıran qoca qadınları yalandan əcnəbi juranlistlərə təqdim ediblər ki, guya azərbaycanlılar erməniləri öldürürlər.

Həmin juranlistlər həqiqətdən xəbərsiz erməni və rus saxtakarlığının qurbanı olaraq məlumatı o şəkildə bütün dünyaya yaymağa başladılar. Yəni ermənilər saxta informasiya müharibəsi ilə bütün dünyanı aldatmağa nail oldular.

Xocalı soyqırımı...

Növbəti gəlişim 1992-ci il, Xocalı soyqırımı ilə əlaqədar oldu. Fevralın 28-29-u tarixində Bakıya gəldim. Mənə dedilər ki, yollar bağlıdır. O zamankı “Azərbaycan” otelində dünyanın bütün ölkələrindən səlahiyyətli nümayəndələr, jurnalistlər və Qarabağa yardım etmək üçün müxtəlif şirkətlərin əməkdaşları toplanmışdılar.  

Mən oteldə Fransadan gələn qonaqlara yaxınlaşdım. Onların “Sərhədsiz həkimlər” və “Sərhədsiz apteklər” adı altında Qarabağa, amma azərbaycanlılara deyil, ermənilərə yardım aparacaqlarını öyrəndim. Mən özümü fransız kimi təqdim edərək, onlarla birgə getməyimi xahiş etdim. Lakin azərbaycanlı olduğumu onlara söyləmədim.

Həmin vaxtda Azərbaycan dövlətinin vətəndaşları  fransızlara iradını bildirirdi ki, bizim torpaqlarımızdan keçib Ermənistana dərman yardımı edirsiniz. Amma bizə yardım etmirsiniz. Heç olmasa dərmanların yarısını bizə, yarısını Ermənistana verin. Fransızlar isə bütün yardımlarını Ermənistana edəcəklərini söyləyirdilər.

Nə isə... Mən bu komanda ilə birlikdə Ağdama gəldim. Ora çatanda gördüm ki, Xocalıda törədilən erməni vəhşiliyindən canını qurtaranlar buraya axın ediblər. Həmin vaxt “Qırmızı Xaç” cəmiyyəti ermənilərlə danışıq aparırdı ki, bizim meyitləri geri qaytarsınlar. Mən orada gətirilən meyitlərin, onların ailələrinin fotolarını çəkməyə başladım.

Həmin ərəfələrdə Allahverdiyev adlı hərbçimizlə tanış oldum. O, mənə dedi ki, “Qırmızı Xaç” cəmiyyətinin əməkdaşları ilə birgə əsirlərimizi, meyitlərimizi geri almağa gedirik, sən də bizimlə gəl. Ağdamla Xocalı sərhəddində əsirləri dəyişəndə həmin fotoları çəkdim.

Həmin vaxt eməni əsgərlərindən biri mənə yaxınlaşaraq kim olduğumu soruşdu. Mən söylədim ki, fransızam. Parisdən gəlmişəm. O, mənimlə ingilis dilində danışaraq “Sənin azərbaycanlılarla nə işin var? Onlar vəhşidirlər. Sən onların yanında olmaqdan qorxmursan?” sözləri ilə məni yola gətirməyə çalışırdı ki, ermənilərin fotolarını çəkim. Mən söylədim ki, jurnalistəm, onların mənimlə işləri yoxdur.

Bu vaxt erməni əsgərlərindən biri cibindən çay qaşığını çıxararaq mənə göstərdi. Soruşdum ki, bunu neynirsən? Cavab verdi ki, biz azərbaycanlıları əsir götürəndə bununla gözlərini çıxarırıq.

 Mən dünyanın heç bir yerində belə vəhşilik görməmişdim. Həqiqətən bizim meyitləri gətirəndə gördüm ki, onları gözü çıxarılıb. Mən həmin fotoları çəkib sərgilərimdə nümayiş etdirdim. Bu müharibə deyildi, əsl soyqırım idi.

Sonra Şuşaya üz tutdum. Lakin yol bağlı idi. Ermənilər snayperçi qüvvələri ilə yolu tutmuşdular. Mən o vaxt Livanda işləyəndə də erməniləri tanıyırdım, onların güclü snayperləri var idi. Hətta fələstinlilərlə müharibədə onlar da iştirak edirdilər. 1982-ci ildə fələstinlilər deyirdilər ki, bizi ən çox öldürənlər ermənilərdir.

O snayperçi ermənilər Livandan Qarabağa vuruşmağa gəlmişdilər.

Bir dəfə Ağdam qəbiristanlığına çəkilişə getmişdim. Güllə düz qulağımın yaxınlığından keçdi. Onun səsi və istiliyi hələ də qulağımdadır.

Ağdamdan gizli yollarla neçə saatdan sonra Şuşaya çatdım. Neçə gün orada qaldım. Sonra Şuşadan Parisə geri döndüm. Qarabağ müharibəsi və Xocalı soyqırımında çəkdiyim bütün fotoları yenə də dünyaya yaydım. Mən Şuşadan çıxandan bir neçə gün Şuşa işğal olunmuşdu.

Həmin fotolardan sonra ermənilər mənim əleyhimə iş görməyə başladılar. Onlar mənim Parisdə təşkil etdiyim ən böyük sərgimə gəlib, çəkdiyim fotonu cırmışdılar. Mən həmin fotonu yenisi ilə əvəzləmədim, ermənilərin bu xain xislətini həmin sərgidə bir daha dünyaya bəyan etdim.

Daha sonra ermənilər nəinki Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı fotolarımı, digər ekzotik mövzularda olan fotolarımı da dərc etdirməyə imkan yaratmırdılar. Mən redaksiyalara işlərimi çap etdirmək üçün ermənilər işdə olmayanda gedirdim.

Mən Fransada məskunlaşan 500 000 nəfər erməniyə qarşı müdafiə aparan tək azərbaycanlı idim.

Ardı var...

Aytən Sadıqzadə

Foto: Nüsrət Abdullayev
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri