Sen
2014
09:30
42
2
4215
Virtual karabakh

Rza Diqqəti: Həmin fotolara görə məni həbs edib işgəncə verdilər - II HİSSƏ - MÜSAHİBƏ

5 Sen, 2014
09:30
4215

Rza Diqqəti: Həmin fotolara görə məni həbs edib işgəncə verdilər - II HİSSƏ - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənilərin heç bir hiyləsi onu tutduğu haqq yolundan döndərə bilmədi...

Oxu.Az dünyaca məşhur fotojurnalist Rza Diqqəti ilə müsahibənin davamını təqdim edir.

Erməni səfirin Rza Diqqətiyə şantajı...

Paris... 2009-2010-cu illər idi... Bir gün mənə zəng gəldi ki, Ermənistanın Parisdəki səfiri sizinlə görüşmək istəyir. Telefonda mənimlə danışan şəxsdən soruşdum ki, nə məsələdir? Səfir məni niyə görmək istəyir?

Əgər sərgi ilə bağlı mənimlə görüşmək istəyirsə, bütün sualların cavabı sərgidə var idi. Yox, əgər başqa bir məsələdirsə, mən gəlim onunla söhbət edək. Həmin şəxs telefonda mənə cavab verdi ki, o, sadəcə sizi şəxsən tanımaq istəyir.

Səfir məni Parisin ən yüksək səviyyəli restoranlarından birinə nahara dəvət etdi.

Onunla görüşdüm. O, söhbətə mənə təriflər yağdıraraq başladı. Mən isə yemək yeyə-yeyə onu dinləyirdim. Səfir tərif dolu cümlələrini bitirəndən sonra mənə söylədi ki, o fotoları sərgiyə qoyduğunuza görə hər gün ermənilər məndən həmin fotoların nümayiş olunmamasını və sərginin ixtisara salınmasını tələb edirlər. 

(O zaman erməni jurnalistlər hər yerdə sərgidəki fotoların ağ yalan, mənim azərbaycanlılarla tərəfdaş olduğumu əks etdirən yazılar dərc edirdilər. 10-15 günün içərisində ermənilər 27 dəfə əleyhimə yazılar yazıb, həmin sərgini ləğv etdirmişdilər).

Səfir daha sonra mənə söylədi ki, Parisdə 500 000 nəfər erməni yaşayır. Sən isə tək, onlara qarşı heç nə edə bilməzsən.

Mən ondan soruşdum ki, siz o vaxt Qarabağda harada idiniz? O söylədi ki, mən o zaman Nəqliyyat naziri idim. Sonra səfir mənə dedi ki, axı siz iranlısınız. Bilirsiniz ki, Ermənistan-Azərbaycan müharibəsində İran Ermənistana dəstək olmasaydı, azərbaycanlılar bizi öldürəcəkdilər. Əgər İran Ermənistana neft verməsəydi, biz müharibəni uduzacaqdıq. Siz bunları bilə-bilə niyə azərbaycanlılara kömək edirsiniz?

 Bu nitqindən sonra mən ona belə cavab verdim: Siz mənim haqqımda kifayət qədər məlumatlısınız, amma iki nüansı unutmusunuz. Birincisi odur ki, mən Fransanın “Fəxri Legion” ordeni ilə təltif olunmuşam. (red.-Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı. 19 may 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilmişdir. Bu ordenlə təltif olunmuş azərbaycanlılar arasında müharibə veteranı Əhmədiyyə Cəbrayılov, prezident İlham Əliyev və YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da var).

İkincisi odur ki, mən düz söz dediyimə görə ( red.-həmin fotoları nəzərdə tutur) gənclik illərimdə İranda 3 il həbsdə yatmışam.

Aytən Sadıqzadə: Bu məqamda nə dərəcədə ağrılı da olsa, müsahibimə “Sizi həbsdə çox incidirdilər?”, - deyə sual ünvanladım.

Rza Diqqəti: Mənə 5 ay gecə-gündüz olmazın işgəncələr, əzablar verdilər.

Bu anda müsahibimin gözlərinin dolduğunu gördüm, amma o yenə də çox məğrur idi, dərhal masanın üzərindəki eynəyi ilə gözlərini gizlətdi ki, gənc xanım jurnalist onun göz yaşlarını görməsin.

 Mən dərhal bu mövzudan uzaqlaşdım.Çünki həmvətənlərim barəsindəki həqiqəti dünyaya çatdıran, buna görə illər uzunu ölümlə pəncələşən bu qeyrətli, qayğıkeş şəxsiyyətin yaralarını qaşımaq istəmədim. Özüm də çox təsirlənmişdim. Sanki canlı tarixlə üz-üzə qalmışdım...

Və hörmətli Rza Diqqəti sözlərinə qaldığı yerdən davam edir...

Rza Diqqəti: Sonra mən səfirə bilə-bilə sual verdim ki, dediniz, Fransada neçə erməni var?

Səfir: 500 000.

Rza Diqqəti: 500 000 nədir ki? 500 milyon da olsanız, mən düz sözü həmişə deyəcəyəm. Mən nə ölümdən, nə də həbsdən qorxuram. İnsan həyatı boyu bu iki şeydən qorxur. Mən isə bunların heç birindən qorxmuram. Siz mənə nə edəcəksiniz?

Səfir: Belə olmaz. Mən sizə görə deyirəm, həmin fotoları yığışdırın. Bunlar hamısı yalandır. Azərbaycanlılar Xocalıda özləri-özlərini qırdılar ki, yalandan bizim adımızı hallandırsınlar. Hətta Əfqanıstandan da insanlar gəlib Azərbaycanda ölmüşdülər.

Rza Diqqəti: Axı mən orada canlı şahid olmuşam, əlimdə fotofaktlarım var. Məndə azərbaycanlı əsirlərin qaşıqla gözünü çıxaran həmin o erməni əsgərlərinin və gözü çıxarılmış azərbaycanlı meyitlərin fotoları var.

Səfir: Onlar hamısı sizdə var?

Rza Diqqəti: Bəli, var.

Səfir susur...

Səhəri gün onlar mənə qarşı vəkil tutdular. Mənə ismarış göndərdilər ki, o  fotoların hamısı yalandır, əgər 48 saat müddətində həmin şəkillər yığışdırılmazsa, sizinlə məhkəmədə görüşəcəyik...

Onlara cavab göndərdim ki, mən razıyam siz sənədlərinizi, mən də fotolarımı məhkəməyə təqdim edərik.

Onlar gördülər ki, mənimlə heç cür bacara bilməyəcəklər, bu dəfə vəkili mənim sərgimi təşkil edənlərin əleyhinə tutdular. Onlar da ermənilərə söylədilər ki, siz vəkil tutun, amma bizdə sənədlər yoxdur. Sənədləri məhkəməyə Rza təqdim edəcək.

Heç bir vəclə fotoları sərgidən yığışdıra bilməyən ermənilər bu dəfə sərgiyə gəlib həmin fotonu cırdılar. Təşkilatçılar isə mənə bildirdilər ki, şəkillər cırılıb, onları dəyişdirmək lazımdır. Mən söylədim ki, dəyişdirmək lazım deyil, necə var, eləcə də qalsın. Qoy onların hərəkətini hamı görsün, hamı bilsin.

Daha sonra “Azadlıq” adlı web-sayt hazırladım. Sərgiyə gəlib cırıq fotoları görənlərdə yaranan bütün sualların cavabını orada yazmağa başladım...

Beləliklə, bədxah ermənilərin heç bir hiyləsi peşəkar və ağıllı fotojurnalisti tutduğu haqq yolundan döndərə bilmədi...

Rza Diqqəti heç vaxt unuda bilmədiyi, ona ölüm hissi yaşadan bir hadisəni də mənimlə bölüşdü:

- Bəlkə də, saysam 100 dəfədən də çox olub ki, ölümlə burun-buruna qalıb, kəlmeyi-şəhadətimi gətirmişəm. Neçə dəfə yaralanmışam. Sizə yaşadığım ölüm hisslərindən birini danışa bilərəm...

Bir dəfə Beyrutda, həmin o pis vaxtlarda öldüyümü zənn etmişdim. Gözümü açanda elə bildim ki, artıq o biri dünyadayam. Təəccübləndim. Beynimdən fikirlər keçirdi ki, bu dünya da elə o dünyaya oxşayır. Sonra birdən ayıldım ki, ölməmişəm, həyatdayam. İndi təsəvvür edin ki, mən həmin an nə vəziyyətə düşmüşdüm...

Ardı var...

Aytən Sadıqzadə

Foto: Nüsrət Abdullayev

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri