11 
Okt
2014
09:10
7
105
3216
Virtual karabakh

Balaxanıda şəhidlərimizin abidəsi sökülür? - VİDEO

11 Okt, 2014
09:10
3216

Balaxanıda şəhidlərimizin abidəsi sökülür? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Buranı da bizə çox görürlər”.

İcra nümayəndəsi açıqlama verib.

Balaxanıda Qarabağ şəhidlərinin xatirəsinə ucaldılmış abidənin hasarlanması etiraza səbəb olub. Bu etirazın sonu hasarın dağıdılması ilə bitib. Ərazidə şəhidlərin qohum və yaxınları ilə mühafizə xidmətinin əməkdaşları arasında qarşıdurma da yaşanıb. İcra nümayəndəliyi isə narahatlığa əsas görmür.

Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, şəhidlərin qohum və yaxınları Balaxanı qəsəbəsində Qarabağ şəhidlərinin xatirəsinə ucaldılmış abidənin sökülməsinə etiraz əlaməti olaraq rayon icra nümayəndəliyi tərəfindən tikdirilən daş hasarları söküblər. Səbəb isə birdir. Şəhid ailələri və yaxınları deyirlər ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səfəvilər küçəsində yerləşən bu park içərisində yerləşən abidə onlar tərəfindən 1991-ci ildə salınıb. İndi qəsəbə nümayəndəliyi həmin yeri torpaq sahəsi kimi satılığa çıxarıb. Üstəgəl bu azmış kimi abidənin arxa hissəsində kafe də tikdirəcəkmiş. Məhz buna görə də sözügedən parkı daş hasarla əhatəyə alıb ki, oranı uçurub yerində əyləncə mərkəzi və ya kafe tiksin. Bundan başqa Qarabağ şəhidlərinin yaxınları onu da deyir ki, abidənin arxasında sanqovşaq tikilib ki, bu da şəhidlərə olan hörmətsizlikdir. Ancaq sonradan həmin sanqovşaq sökdürülüb. Balaxanı qəsəbəsində yaşamış 22 Qarabağ şəhidinin xatirəsinə ucaldılmış bu abidə həm də onların ziyarətgah yeri olub. İndi buranın sökdürülməsi şəhidlərin yaxınlarının hiddətinə səbəb olub.

“Bura gəliblər və heç kimə də xəbər etmədən ərazini hasara alıblar. Orada kafe inşa edirlər, abidəni isə dağıdırlar. Deyirlər ki, bağın içində yer düzəldirik, məhz abidəni ora köçürəcəyik. Niyə bağın içinə köçürürlər? Mən bir ana kimi öz balamı burda ziyarət edirəm”, - şəhid anası Rəna Babayeva qeyd edib.

“Camaat bura parka istirahətə gəlir. Şəhidlərin yeri isə bura olmalıdır. Mənim də qardaşımın qəbri yoxdur. Gəlib buranı ziyarət edirəm. Buranı da bizə çox görürlər”, - deyə şəhidin qardaşı Cavid Hüseynov dedi.

Buna etiraz edən şəhid ailələri ərazidə fəaliyyət göstərən mühafizə xidmətinin əməkdaşları ilə də mübahisə etdi.

Asayişi qorumaq məqsədilə əraziyə Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları cəlb edildi. Deyilənlərin nə dərəcədə doğru olduğunu aydınlaşdırmaq üçün üz tutduq adıçəkilən Sabunçu rayon İcra Hakimiyyətinin Balaxanı qəsəbə nümayəndəliyinə. Adıçəkilən qurum nümayəndəsi Fərhad Qurbanov bildirdi ki, sözügedən abidə sökdürülüb, elə həmin yerə yaxın parkın içərisində yeni mərmərlə təmin edilərək Qarabağ şəhidlərinin xatirəsinə abidə ucaldılacaq. Ümumiyyətlə indi abidənin yerləşdiyi ərazi də parkın ərazisinə qatılacaq.

“Gəlib baxanda adam utanırdı. İndiki Şəhidlər kompleksi bizim şəhidlərin ruhuna layiq deyil. Məsləhət görüldü ki, kompleks yenidən inşa edilsin. Hazırda kompleks tikilib, son tamamlama işləri gedir”, - deyə icra nümayəndəsi Fərhad Qurbanov bildirdi.

Bundan başqa qurum nümayəndəsi onu da bildirdi ki, şəhidlərin xatirəsinə ucaldılmış abidənin arxasında sanqovşaq deyil, gözətçi otağı olub. Odur ki, şəhid ailələrinin narahat olmağına səbəb yoxdur. Artıq şəkillər çıxardılıb yeni mərmər üzərində bir həftə sonra yeni park salınacaq ki, o da Qarabağ uğrunda canından keçmiş şəhidlərimizin ruhunu əbədiləşdirəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri