30 
Sen
2021
19:32
353
84
7093
Virtual karabakh

Flora Kərimova: “Mənim 80 yaşım var, nə üçün satılım?”

30 Sen, 2021
19:32
7093

Flora Kərimova: “Mənim 80 yaşım var, nə üçün satılım?”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vicdanını qoltuq altında gəzdirənlər çoxdur, vicdan o zaman özünü təhqir olunmuş sayır, insan vicdanını alçaldanda özü alçalır”

Bu sözləri müsahibəsində Xalq artisti Flora Kərimova deyib.

Həmin müsahibəni təqdim edirik:

- Flora xanım, bircə dəfə “daha müxalifətə gərək yoxdur” deməklə müxalifət sizə qarşı cəbhə açdı, sizi sildi, düşmən siyahısına saldı. Onların sırasında keçirdiyiniz illərə heyifiniz gəldi?

- Heç bir dediyim sözə, yaşadığım ana heyifsilənmirəm. Çünki həmin anda o vəziyyəti elə görüb vətəndaş mövqeyimi dilə gətirmişəm, inandığımı danışmışam.

Bilirsiniz, insan vicdanını alçaldanda özü alçalır, çürüyür. Mən “qurşaqdan aşağı vicdan” məvhumunu dərk edirəm, amma baş əymirəm. Belə adamların nə vətəninə, nə onun şəhidinə, nə sağlam övladına, nə dininə, nə bu gününə, nə də sabahına hörməti var. Belələrini ancaq özünün maraqları düşündürür.

Mən İlham Əliyevə aslan ürəkli insan deyirəm. İllərlə düşünüb, bu gün üçün zəmin yaradıb, illərlə çəkilən zəhmətin bəhrəsini mən bu gün gördüm. Mən bu adamın qarşısında baş əyməyə bilmərəm. İstəyir kütlə düşüncəsiylə müxalifət cəbhəsindəkilər məni çarmıxa çəksinlər, istəyir mənə “satılmış” desinlər. Mən Vətənimin, torpağımın bütövlüyünü istəyirdim, onu da gördüm. Mənim 80 yaşım var, nə üçün satılım?

Satılmadım, satılmadım 80 yaşında satıldım? Nə üçün? Məzar üçün ya Fəxri xiyabandakı yer üçün?

- Bugünkü müxalifətin mübarizə formasından razısınız?

-  Mənim “çox sağ ol” deməyə səmimiyyətim çatır. Bu gün siz tox qarnınızla, xaricdən gələn böyük imkanlarınızla müxalifətçisinizsə, mən sovetlərdən qanı bahasına canını qurtaran indiki şəhidlərdən çox şəhidi, yarası, itkisi olan dövrün müxalifəti olmuşam! 25 il qadağada olan, səsi bütün efirlərdən kəsilən sənətkaram. Demişəm, yenə təkrar edirəm - mənim davam torpaq - qürur davası olub, qarın yox!

- Flora xanım, dövlət başçısı tərəfindən təltif olunmağınızı necə qiymətləndirirsiniz?

- Mən dövlətə xəyanət etməmişəm, amma rəhbərlərə də yaltaqlanmamışam. Əslində, mənə verilən bu fəxri adlar məni müxalifət tərəfindən söyülmək riski altına saldı. Trollar var, sosial şəbəkələrdə ağızlarına gələni yazır, sonra səhifələrini bağladırlar. Mən Prezident təqaüdümün ilkini qazilərimizə verdim. Onda da çıxdılar söydülər ki, özünə şöhrət qazanmaq üçün belə edir. 80 yaşımda mənə nə şöhrət? Mən 13 yaşımdan göz önündəyəm, ən böyük səhnələrdə, efirlərdə olmuşam, mənim bu şəkildə populyarlıq qazanmağa ehtiyacım varmı?

- Qələbədən sonra hansı hissləri yaşayırsınız?

- Dünən yanlış bir xəbər eşitdim, siz inanın ki, mənim həyəcandan, əsəbdən, ağlamaqdan təzyiqim yüksəldi. Səhv bir məlumat eşitdim ki, guya Minsk qrupu gəlib, yenə öz bildiyini edəcək. Nə qədər stress keçirdim. Yaşlanmışam, bəzən rusdilliyəm deyə oxuduğum materialı səhv başa düşə bilirəm. O saat köməkçilərimə, inandığım adamlara üz tuturam. Mən heç zaman özüm üçün göz yaşı tökmədim, amma bu yaşa çatmışam, torpağım, Vətənim üçün körpə uşaq kimi titrəyirəm.

- Amma müxalifəti hətta qələbə sevincimiz belə qane eləmədi. Sizcə niyə?

- O sponsorlu müxalifətçilərin özlərinin evinə, bağına raket düşsəydi, balaları həlak olsaydı, necə olardı? Bunu düşündülərmi? Gərək Bakını da düşmənlərimiz vuraydı, partladaydı? Onda ürəkləri soyuyacaqdı? Axı nə istəyirlər, arzuladıqları nədir? Siyasət böyük ağıl işidir. Vətəni ürəklə sevmək, ağılla qorumaq lazımdır, gurultulu sözlərlə yox.

Müxalif fikir olmalıdır, müxalifət qarın güdmək üçün yol olmamalıdır. Bu söyüşü söyüm, filankəsi təhqir edim, əvəzində pul qazanım, xalqın gözündə düz danışan adam kimi yüksəlim, amma qazanım - bu düşüncələrlə müxalifətçilik etmək Vətəni satmaq deməkdir.

- Torpaqlarımız alındı. İndi hansı arzunuz qalıb?

- İnsan arzuları bitməz-tükənməzdir. İndi tək arzum nəvəm balaca Floranı görüb, bağrıma basmaq, qoxulamaqdır. Pandemiyaya görə ayrı düşmüşük. Ömür vəfa eləsin təki. Sabah bu iqtidarın xalqıma, torpağıma qarşı bir səhvi olsa, mən susmaram, etiraz səsimi ucaldaram, amma mən İlham Əliyevin böyük torpaq sevgisini gördüm. Onu tanıdım, sevdim. Ona görə də, arxayın öləcəyəm.

Mənbə: Yeniazerbaycan.com

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri