11 
Okt
2021
16:12
220
175
19431
Virtual karabakh

Müğənninin “həci”si televiziyaya pul verirdi...

11 Okt, 2021
16:12
19431

Müğənninin “həci”si televiziyaya pul verirdi...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Dolların 78 qəpik olan vaxtından müsəlmanın dünəninə kimi toy və onun ətrafında baş verən hadisələr böyük vəsait tələb edirdi. 

Yeyib-içmək ən ucuz başa gələn məqam idi. Çünki hər gələn qonaq ən azı öz “stul”unun pulunu salırdı, hələ artıq da qalırdı ev yiyəsinə. 

Əsas məsələ gəlinin qır-qızılı, gəlinliyi, salon xərcləri, bir də musiqiçilərin xərci idi. Çünki toyun maraqlı keçməsi üçün yaxşı müğənni tələb olunur. Daha doğrusu məclisi qızışdıran... 

Təbii ki, daha imkanlı adamlar toylarında şou-proqram qurmağa başladılar. Toyu idarə edən əsas heyətdən savayı “yarım saatlıq” müğənni qonaqlar dəb aldı. 

Qiymətləri də ən müxtəlif - 500 manatdan 5000 manata qədər. Bəlkə də daha çox. 

Qaz vurub qazan dolduran musiqi əhli anladı ki, “raskrutkasına”, “efirinə” nə qədər çox pul xərcləsə, bir o qədər də daha çox qonorar alacaq toyda. Camaat sevir axı, “filankəsin toyuna televizora çıxan oxuyançı gəlmişdi” deyə müzakirə etsin. 

Beləliklə böyük bir pul sistemi quruldu. Müğənninin “həcisi” televiziyaya pul verirdi, müğənni efirə çıxırdı, aparıcı onu tərifləyirdi, camaat əl çalıb toyuna çağırırdı, müğənni yarım saata beş-altı min para aparırdı. Hamı şad, hamı xürrəm.  

Sonra müğənnilər çevrildi oldu ekspert. Bütün mövzularda müğənnilər efirə çağırıldı, onların fikri alınırdı. İqtisadiyyat, hüquq, ailə məcəlləsi, din və s. 

Açığı müharibə dövründə də az qala hərbi ekspert kimi danışan müğənnilər də efirə çıxdı. Cəbhə xəttində “şou” göstərən, siyasi şərh verən müğənnilər də az olmadı.  

Qayıdaq dolların 0,78 olan vaxtına. Ümumi işlər şad-xürrəm getdiyi üçün, camaat da öz uşaqlarını başladı musiqiyə yox, müğənniliyə yönləndirməyə. El arasında desək, “manıslığa”.
  
O vaxt televiziya kanallarında hərəyə bir “müğənni müsabiqəsi” var idi.  Düzdür bu müsabiqədən kifayət qədər istedadlı uşaqlar da çıxdı, amma ümumilikdə toy biznesinə girişmək üçün gələn bir ton adam var idi. 

Müsabiqələr hər il təkrar olunduğuna görə deyə bilərəm ki, “manıs”lar sex malı kimi tonlarla istehsal olunmağa başladı. Bu da toy biznesinə girmək üçün birinci addım idi. 

Xalqın böyük kəsimi efirdən, televiziyadan “toy adamları”nın bahalı villa, obyekt, maşınlarını görəcək düşündü ki, elə salamatı budur. Mikrofon əlində, pul cibində. Hörmətin hörmət, yol polisi səni saxlamır, icra hakimi cibinə pul basır, yaşa da. 

Və müğənnilər arasında varlı və hörmətli təbəqə yaranmağa başladı. “Vor zakon” söhbət aparanı kim, obyekt işlədəni kim, maşın alveri edən kim, “Həcinin gülü” kim,  Moskva toylarına gedən kim. Bu qrup oldu “elit toy əhli”. Hərəsinin də beş-altı evi, bağı oldusa, toy qiymətlərini də daha çox qaldırırdılar. 

Sadaladığım hal sıravi azərbaycanlı üçün fenomenal karyera yüksəlişi idi. Məktəb-institut oxuma, adını doğru-düzgün yaza bilmə, savadın olmasın, problem deyil. Əsas toy əhli ol. Beləliklə də ölkədə yeni konveyer “manısxana” açıldı.  

Bir müddət bu “manısxana” şad-xürrəm yaşadı. Ta ki, COVID-19 gələnə kimi. Heç bir nazirlik bu bazarı bağlada bilməzdi, COVID-19 “yezid” olub bütün toyları bağladı. Və “müğənnilər”in çoxu başladı ki, bəs biz acıq, yalavacıq, açın toyları, qazanaq. Özü də bunu əlli-yüz minlik maşınlarında oturub video çəkərək dedilər. Nə əcəbsə dünən bunlara alqış, qurban olum deyən, məclisin yuxarı başında oturdan camaat acıqlandı ki, bəs maşınını sat, dolan. Bizdə o da yoxdur. Day özləri bilər, mən qarışmıram. Yenə sabah bacı-qardaş olacaqlar. Heç birinə etibar yoxdur. 

Bu gün cəmiyyət ağıllanıb desək, səhv etmərik. Son zamanlar xarici dildə təhsil alan gənclərin sayı çoxalıb. Dünyanın aparıcı universitetlərinə qəbul olan gənclərimiz çoxalıb.  

Reyhan Camalova kimi 18 yaşlı Reynerci (Rainergy) startapının təsisçisi kimi gənc qızımız var. 

“Twitter”lə əməkdaşlıq edən azərbaycanlı gənc Tural Bədirxanlı var.

Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov kimi  dünya səviyyəsində tanınan qrossmeysterlərimiz var. 

Qısaca onu demək istəyirəm ki, biz “başı var, amma oxumur” halından çalışqan, elmə doğru gedən xalq olmalıyıq. 

Bizə daha çox savadlı həkimlər lazımdır. Onların sayəsində neçə-neçə əsgərimiz ölümdən qayıtdı, əlil olmaqdan xilas oldu. 

Bizə daha çox savadlı mühəndislər lazımdır ki, azad olunan ərazilərdə tikinti-quruculuq işləri aparsın. Yol, işıq, su çəksin. 

Bizə daha çox savadlı aqronomlar lazımdır ki, azad olunan əraziləri əkib-becərsin. 

Bizə daha çox savadlı vətəndaş lazımdır ki, təhsili, səhiyyəni, nəqliyyat sistemini nəhayət ki, işlədə bilsin. 

Odur ki, xalq olaraq papağımızı qarşımıza qoyub düşünməliyik. Anlamalıyıq ki, nanay-ninayla uzağa gedə bilməyəcəyik. Necə ki, AMEA-nın COVID-19-la mübarizə metodu şeir müsabiqəsindən o tərəfə getmədi. Yaxşı ki, COVID-19 üçün aşıq musiqisi müsabiqəsi elan etmədi. 

Qısası “manısxananı” bağlamaq lazımdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri